Accessibility links

Etibar Məmmədov: Azərbaycan imperiya təhlükələrinə qarşı həmişə hazır olmalıdır [Video-müsahibə]


Etibar Məmmədov: Azərbaycan imperiya təhlükələrinə qarşı həmişə hazır olmalıdır
please wait

No media source currently available

0:00 0:07:46 0:00

Etibar Məmmədov: Azərbaycan imperiya təhlükələrinə qarşı həmişə hazır olmalıdır

Milli İstiqlal Partiyasının fəxri lideri Amerikanın Səsinə müsahibəsində Azərbaycanın dövlət müstəqilliyinin tarixi dərslərindən danışıb

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Amerikanın Səsinə müsahibəsində Azərbaycanın müstəqillik tarixindən və müstəqilliyin tarixi dərslərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçir. Müstəqilliyin ilk illərində rus qoşunları Azərbaycandan çıxarıldı, Rusiyanın imperiya siyasətinə qarşı mübarizə, ABŞ, Avropa və Türkiyə dəyərlərinə inteqrasiya xətti hakim oldu, milli valyuta yaradıldı, azad seçki, azad media və demokratiya xəttinə doğru addımlar atıldı. İndi bu ideoloji sistem nə qədər aktualdır?

Azərbaycan daxili və xarici siyasətini mümkün qədər öz maraqlarına uyğun formalaşdırmalıdır.

Etibar Məmmədov: Bu ideoloji sistem həmişə aktual olub və zaman keçsə də həmişə aktual olaraq qalacaq. Çünki bu ideoloji sistemin tərkib hissələri olan sadaladığınız məfhumlar həmişə aktualdır. Azərbaycan müstəqil dövlət olandan sonra onun siyasətinə qarşı olan imperiya təhlükələrinə qarşı həmişə hazır olmalıdır və həmişə də hazırlığını büruzə verməlidir. Bu gün də o davam edir. Mənim fikrimcə, Azərbaycan bir neçə böyük dövlətin maraq dairəsindədir. Azərbaycanın xarici və daxili siyasətini həmin dövlətlərin siyasətinə uyğunlaşdırmaq, mənim fikrimcə, mümkün və lazım deyil. Azərbaycan daxili və xarici siyasətini mümkün qədər öz maraqlarına uyğun formalaşdırmalıdır.

Amerikanın Səsi: Müstəqilliyin ilk illərində Azərbaycan Milli Ordusu yaradıldı və ölkənin suverenliyinin bərpası, - Qarabağ uğrunda, - qanlı döyüşlərə başladı. 25 il keçəndən sonra bu istiqamətdə atılan addımları müvəffəqiyyətli saymaq olarmı?

Bugünkü ordunun döyüş qabiliyyəti Azərbaycanın tələbatına uyğundur və Azərbaycanın bütün tələblərinə cavab verir.

Etibar Məmmədov: Ordu quruculuğu fasiləsiz bir prosesdir. Dövlət varsa, onun müdafiə sistemi həmişə hazır vəziyyətdə olmalıdır. Bu müdafiə sistemində də Milli Ordu həlledici rol oynayır. Azərbaycanda Milli Ordunun quruculuğu prosesində müəyyən bir dövrdə çox böyük bir problemlər yaranmışdı. Yaxşı ki, son bir neçə ildə bu problemlər aradan qaldırılır. Bugünkü ordunun döyüş qabiliyyəti Azərbaycanın tələbatına uyğundur və Azərbaycanın bütün tələblərinə cavab verir.

Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün isə siyasi qərar lazımdır. Ordu ancaq siyasi qərarın icraçısıdır.

Amerikanın Səsi: Müstəqilliyin atributlarından biri də milli valyutadır. Maliyyə-bank sistemindəki duruma münasibətiniz necədir? Yalnız Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə ölkədən 6 milyard dollardan çox vəsaitin xaricə daşınması barədə məlumatlar dolaşır. Milli valyutanın bugünkü durumunu necə qiymətləndirirsiniz?

Cavabdeh olan şəxslər də, istər maliyyə naziri olsun, istər milli bankın rəhbəri olsun hələ ki, məsuliyyəti bir-birinin üzərinə yıxmaqla məsuliyyətdən kənarda qalmaq istəyirlər

Etibar Məmmədov: Milli valyutanın bugünkü durumu çox ağırdır. Belə firkiləşirəm ki, böhranlı vəziyyət yaranıb. Maliyyə sisteminə nəzarət bir neçə adamın əlində olub və cinayət xarakterli fəaliyyət nəticəsində sizin dediyiniz faktlar baş verib. Yəni, Azərbaycanın maliyyə sistemində həmin böhranın yaranmasına gətirib çıxarıb. Buna cavabdeh olan şəxslər də, istər maliyyə naziri olsun, istər milli bankın rəhbəri olsun hələ ki, məsuliyyəti bir-birinin üzərinə yıxmaqla məsuliyyətdən kənarda qalmaq istəyirlər. Bu da nəticə olaraq Azərbaycanın milli valyutasının zəifləməsinə gətirib çıxarıb. Bu bir tərəfdən, digər tərəfdən isə milli valyutanın möhkəmlənməsi ölkənin iqtisadiyyatı ilə bağlı bir məsələdir. Nə qədər ki, Azərbaycanın daxilində azad iqtisadi sistem qurulmayıb, iqtisadi azadlıqlar təmin edilməyib və azad sahibkarlığa dövlət yardımı lazımi səviyyəyə qalxmayıb, Azərbaycanın eksport (ixrac-red) istiqamətli iqtisadiyyatı formalaşmayıb, milli valyutanın möhkəm qalması çox böyük problemdir, qeyri-mümkün bir məsələdir. Çünki eksport indiyədək yalnız Azərbaycanın nefti ilə bağlı idi. Azərbaycanın bütün eksportunun 95 faizini neft və neft məhsulları təşkil edirdi. Neft sahəsində yaranan böhran da təbii ki, öz təsirini göstərib. Ona görə də ciddi iqtisadi və siyasi islahatlara ehtiyac var ki, manatın sabitləşməsinə də kömək etsin, ölkənin iqtisadiyyatını yeni bir relsin üzərinə keçirməyi qarşısına məqsəd qoysun.

Amerikanın Səsi: 25 il sonra dövlət rəsmiləri, deputatlar Avropa dəyərlərinə inteqrasiyanın əleyhinə çıxır. Bəzi hallarda isə Rusiyaya inteqrasiyanın vacibliyi ilə bağlı bəyanatlar səslənir? Münasibətiniz?

Rusiyada nə vaxtsa, bizim qəbul edə biləcəyimiz bir dəyərlər formalaşarsa onları da qəbul etməyə hazırıq.

Etibar Məmmədov: Birincisi, Azərbaycanın özünün milli dəyərləri müəyyənləşməlidir. Onu qəbul etmək və ona riayət etmək lazımdır. Ondan sonra isə bütün dünyada qəbul olunmuş dəyərlər var, ümumbəşəri dəyərlər onlara riayət etmək lazımdır. Bizə uyğun olmayan, milli xarakterimizə uyğun olmayan dəyərləri də bizə məcbur heç kəs qəbul etdirməməlidir, biz də onları qəbul etməməliyik. Ancaq hamının qəbul etdiyi və beynəlxalq səndələrlə, qanunlarla təsbit olunmuş dəyərlər var ki, onları biz qəbul etməliyik. Azərbaycanın da Avropaya inteqrasiyası ölkənin qarşısında duran məsələlərdən biridir. Vacib deyil ki, bizim milli xarakterimizə uyğun olmayanları mütləq biz qəbul edək. Hansı ki, bizim milli xarakterimizə uyğundur, Azərbaycanın mənafelərinə uyğundur, biz onları qəbul etməliyik və Avropaya inteqrasiya etməliyik. Ancaq Rusiyaya inteqrasiya ilə bağlı onu deyə bilərəm ki, Rusiyaya nəyə inteqrasiya etməliyik? Rusiya ilə dinc, yaxşı qonşuluq əlaqələri saxlanılmalıdır. Rusiyada nə vaxtsa, bizim qəbul edə biləcəyimiz bir dəyərlər formalaşarsa, onları da qəbul etməyə hazırıq. Ancaq, indi, bu gün, hələlik onların qəbul ediləsi bir dəyəri yoxdur ki, biz onları qəbul edək və oraya inteqrasiya edək.

Amerikanın Səsi: Müstəqilliyin ilk illərində və sonrakı dövrdə dünyada, o cümlədən İranda yaşayan azərbaycanlıların fundamental azadlılqlarının müdafiəsinin vacibliyi önə çəkilirdi. Bu sahədə aparılan siyasət qanedicidirmi?

İran hökumətinə lazımi təzyiqlər olmalıdır ki, orada yaşayan azərbaycanlıların hüquqlarının təmin olunmasını yerinə yetirsin.

Etibar Məmmədov: Bu sahədə hələ ki, elə bir siyasət aparılmır. Ancaq bu siyasət aparılmalıdır. Çünki Dünya Azərbaycanlıları Konqresi var, onun bir neçə dəfə tədbirləri də Baklıda keçirilib. Dövlət başçısı orada Əlaqələndirmə Şurasının sədridir. Bütün dünyadakı azərbaycanlılar gözünü bu müstəqil Azərbaycana tikib. Müstəqil Azərbaycanı özlərinin dövləti hesab edirlər. Bütün dünyadakı azərbaycanlıları da biz öz vətəndaşımız (rəsmi olmasa da) kimi qəbul etməliyik. Onların hüquqlarının müdafiəsi də hər bir Azərbaycan vətəndaşının hüququ kimi Azərbaycan dövlətinin qarşısında duran vəzifələrdən biri olmalıdır. Təbii ki, biz başqa dövlətlərin daxili işlərinə qarışmaq istiqamətində yox, ancaq onların hüquqlarını müdafiə etmək istiqamətində fəaliyyət göstərməliyik. Ən əsas məsələ də onların dil hüququdur, mədəniyyətlərinin qorunmasıdır. Bu da beynəlxalq konvensiyalar, beynəlxalq qanunlarla qorunur. İran hökumətinə də lazımi təzyiqlər olmalıdır ki, orada yaşayan azərbaycanlıların həmən hüquqlarının təmin olunmasını (öz konstitusiyaları ilə də üzərlərinə öhdəlik götürüblər) yerinə yetirsin.

XS
SM
MD
LG