Accessibility links

“Cənub Qaz Dəhlizi” QSC beynəlxalq kapital bazarlarında əlavə avrobond buraxılışı reallaşdırılıb.

Turan agentliyi “Cənub Qaz Dəhlizi” QSC-yə istinadən bildirir ki, 2016-cı ilin mart ayında QSC tərəfindən 1 milyard ABŞ dolları məbləğində 7 faizlik gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, 1 milyard ABŞ dolları dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb.

İstiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib. İlkin buraxılmış istiqrazların gəlirlilik dərəcəsi daxilində yeni istiqrazların 5,8 faiz gəlirlilik dərəcəsi ilə yerləşdirilməsi Azərbaycan Respublikasına, eləcə də “Cənub Qaz Dəhlizi” QSC-yə kapital bazarının müsbət münasibətinin təzahürüdür. Əlavə emissiya 2026-cı ilə qədər buraxılmış beynəlxalq istiqrazların ümumi məbləğini 2 milyard ABŞ dollara yüksəldib, bununla da bu emissiya ölkədə hazırda mövcud olan ən iri məbləğli avrobond buraxılışı hesab olunur.

“Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanətli istiqrazları investorların böyük marağına səbəb olub. Belə ki, istiqrazların ən böyük hissəsi - 45 faizi ABŞ, 40 faizi Birləşmiş Krallıq, 13 faizi digər Avropa ölkələri, 2 faizi isə Asiya və Yaxın Şərq ölkələri tərəfindən alınıb. Buraxılışa gözləndiyindən artıq abunə toplanılıb və təklifin 90 faizini fond menecerləri təşkil edib. Bu da öz növbəsində nüfuzlu institusional investorlar arasında şaxələnmiş bölgüyə yol açıb. Bu emissiya ötən on iki ayda “Cənub Qaz Dəhlizi” QSC tərəfindən beynəlxalq kapital bazarlarında ikinci uğurlu avrobond buraxılışıdır. Beynəlxalq istiqrazların uğurlu emissiyası xarici investorların Azərbaycanın güclü iqtisadiyyatına və dünyada ən böyük qaz yataqlarından biri üçün nəql infrastrukturunun inkişafına inam və etibarının bariz nümunəsidir.

Emitent tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün “Citi Bank”, “UniCredit”, “JP Morgan” banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir. “Clifford Chance” və “Omni” hüquq şirkətləri emitentin hüquq məsləhətçisi qismində, “White & Case” və “BM Morrison Partners LLC” şirkətləri isə birgə aparıcı menecerlərin hüquq məsləhətçisi qismində çıxış edirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG