Accessibility links

Emin Hüseynov: İctimai Televiziyanın direktoru şəffaf seçki ilə seçilməlidir (Video-müsahibə)


O, direktorluğa namizədlərdən biridir. Hüseynov Amerikanın Səsinə müsahibəsində şəffaf seçki üçün şəraitin olmadığını deyib

İctimai Televiziyanın (İTV) baş direktoru vəzifəsinə 4 namizəd var, Milli Teleradio Şurası (MTRŞ) onların adlarını açıqlayıb: Cəmil Quliyev (“Mədəniyyət” telekanalının rəhbəri), Şamil Şəfiyev, Nicat Mustafayev (telejurnalist) və Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru-RATİ).
İTV Yayım Şurası bu 4 şəxs arasından İTV-nin yeni baş direktorunu seçməlidir.

Namizədlərdən biri, RATİ direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində seçkilərin şəffaflığının təmin edilməsi üzrə bir sıra tədbirlər təklif edib.

“Hələ baş direktor vəzifəsinə namizədlər elan edilməzdən əvvəl KİV-də gələcək direktorun adı açıqlanıb. Bu, seçkilərin şəffaflığını şübhə altına qoyur.
Bu şübhələri aradan qaldırmaq üçün namizədlər arasında ictimai debatlar keçirməyi və seçkilərdə namizədlər haqqında ictimai rəyi nəzərə almağı təklif edirəm”, deyə Hüseynov bildirib.

O Yayım Şurası üzvlərinə, namizədlərə və Avropa Yayım Birliyinə müraciətlər göndərib. Hüseynov İTV efirində 4 namizəd arasında debatlar təşkil etməyi təklif edir.

Onun fikrincə, namizədlər öz proqramlarını şərh etməli, debatlar keçirməli və verilişdə şura üzvlərinin suallarını cavablandırmalıdırlar.

Bu zaman İTV efirində sms-səsvermə və on-line səsvermə təşkil edilməlidir. Yayım Şurası tamaşaçıların və İnternet istifadəçilərinin fikirlərinin nəzərə almalıdır.

Hüseynovun İTV-də debat keçirilməsi haqqında təklifi qəbul olunmasa, o, rəqiblərə digər televiziyalarda, dövlət qəzetlərinin redaksiyalarında müzakirələr keçirməyi təklif edir.

Bu ideya da həyata keçirilməsə, facebook sosial şəbəkə istifadəçiləri arasında səsvermə təşkil edilməlidir.

Qeyd edək ki, formal olaraq Yayım Şurası ictimai, peşəkar və yaradıcılıq təşkilatları tərəfindən təklif edilən namizədlərdən formalaşan müstəqil qurumdur. Amma faktiki olaraq, şuranın 9 üzvü deputatların əksəriyyəti hakimiyyət tərəfdarları olan parlament tərəfindən təsdiq edilir.

Emin Hüseynov deyib ki, Azərbaycan İctimai Televiziyasının yeni baş direktoru seçkiləri aprelin 23-də keçiriləcək. Bu barədə Milli Teleradio Şurasının sədri bildirib.

Baş direktoru 9 üzvdən ibarət İTV Yayım Şurası seçəcək.

Seçkilər baş direktorun növbəti 4 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilir. Bu vəzifəni iki müddət İsmayıl Ömərov tutub. Lakin son anda o, öz namizədliyini irəli sürməyib, baxmayaraq ki, qanunvericilikdə bunun üçün maneə yoxdur.
XS
SM
MD
LG