Accessibility links

Keçmiş həmsədr cəbhədə gərginliyin artacağını ehtimal edir


Jak For

Jak For

Ola bilər ki, Bakıda Avropa Oyunları yekunlaşdıqdan sonra Qarabağ münaqişəsi zonasında gərginlik artsın. Turan agentliyinin məlumatına görə, bu barədə iyunun 19-da Yerevanda NATO-nun Rose-Roth seminarında ATƏT Minsk qrupunun keçmiş fransalı həmsədri Jak For bildirib.

O hesab edir ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa edilməyəcək, belə ki, bu, Qarabağ münaqişəsi tərəflərinin heç birinə sərf etmir.

“Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütün büdcəsindən çox olmasına baxmayaraq, müharibə bu ölkəyə də sərf etmir, belə ki, o, beynəlxalq səhnədə öz rolunu itirər, bundan başqa, iqtisadi nöqteyi-nəzərdən ölkəyə ciddi ziyan dəyər, belə ki, müharibə aparan ölkəyə investisiya cəlb etmək çətindir”, deyə diplomat qeyd edib.

For həmçinin bildirib ki, Qarabağın Azərbaycanın bir hissəsi olması artıq qeyri-mümkündür, belə ki, əhalisi ermənilərdir və onlar öz statusunu dəyişmək istəmir.

“Təbii k, bu nəticə iradənin sərbəst şəkildə bildirilməsi ilə özünü göstərməlidir. Şəxsən mən ümid edirəm ki, bu, mümkün olacaq”, deyə For qeyd edib.

Bu zaman o əlavə edib ki, Ermənista və Azərbaycan prezidentləri öz cəmiyyətlərinin “əsiridir” və tənqidə səbəb olacaq addımlar atmaq istəmir.

“Onlar münaqişənin addımbaaddım həllinə üstünlük verir”, deyə diplomat qeyd edib.

O, həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupunun formatını dəyişdirmək cəhdlərinə toxunaraq qeyd edib ki, bu, danışıqlar prosesinin ləngiməsinə gətirib çıxaracaq.

Onun sözlərinə görə, tərəflər arasında etimad səviyyəsi çox aşağıdır, bu da atəşkəs rejiminin tez-tez pozulması və insan itkiləri ilə şərtlənib.

“Bakıya təsir etmək üçün çox az vasitə var. Azərbaycana təsir etmək üçün maliyyə vasitəsi yoxdur, bu ölkənin beynəlxalq təşkilatlarda üzvlükdən məhrum edilməsi üçün vasitə yoxdur. Buna görə razı salmaq metodunda israr etmək lazımdır”, deyə o fikrini tamamlayıb.

Keçmiş həmsədrin fikirlərinə Azərbaycan tərəfi hələ münasibət bildirməyib.

XS
SM
MD
LG