Accessibility links

Senator Makkeyn: Genosid başqa bir dövrdə başqa bir hakimiyyətin idarəsi altında baş verib


Erməni genosidinin baş verdiyinə inandığını deyən senator Makkeyn bunu da qeyd edib ki, ABŞ Türkiyə əməkdaşlığının davamı üçün zəruri olan hər iş görülməlidir. Senator Makkeyn erməni genosidi məsələsinin bir dəfəlik həll edilməsini arzu etdiyini, beləliklə bu məsələnin iki ölkə arasında daimi problemə səbəb olmayacağını deyib.

Birləşmiş Ştatların Arizona Ştatından senatoru və 2008-ci il Prezident seçkilərində respublikaçılar partiyasından prezidentliyə namizəd olan Con Makkeyn Amerikanın səsinin Gürcü redaksiyasına verdiyi müsahibədə Birləşmiş Ştatların Türkiyə ilə əlaqələri və iddia olunan erməni genosidi barədə şərh vermişdir.

Con Makkeyn ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqazı diqqət mərkəzində tutan qanunvericilərindəndir. O, müsahibəsində ABŞ- Gürcüstan əlaqələri, Rusiya- Gürcüstan münaqişəsi barədə də şərhlər verib.

Senator Makkeyn ABŞ- Türkiyə əlaqələrinə yüksək qiymət verdiyini, iki ölkənin bir neçə müharibədə çiyin-çiyinə döyüşdüklərini, iki ölkə arasında dostluq və müttəfiqliq münasibətlərinin dərin tarixi olduğunu və bu münasibətlərin daha da qabağa aparılmasını arzu etdiyini söyləmişdir:

“Mən ABŞ-ın Türkiyə ilə əlaqələrini qiymətləndirirəm, biz uzun illərdir ki, dost və müttəfiq olmuşuq. Türklər ABŞ-la bir neçə müharibədə çiyin-çiyinə mübarizə aparıblar. Mən ümid edirəm ki, biz bu əlaqələri saxlamaq üçün zəruri olan her şeyi edəcəyik.”

ABŞ Türkiyə əməkdaşlığının davamı üçün lazımi işlərin görülməsini ümid etdiyini bildirən senator Makkeyn erməni genosidi məsələsinin bir dəfəlik həll edilməsini arzu etdiyini söyləmişdir. O demişdir ki, beləliklə bu məsələ ölkələr arasında problemə səbəb olmayacaq:

“Mən erməni genosidi məsələsinin bir dəfəlik həll edilməsini, arxada buraxılmasını istəyirəm ki, bu məsələ davamlı olaraq bizim ölkələrimiz arasında problemə səbəb olmasın.”

Senator Makkeyn genosidin başqa bir dövrdə və başqa bir hökumətin idarəsində baş verdiyinə inandığını bildirib:

“Mən genosin baş verdiyinə inanıram eyni zamanda mən buna da da inanıram ki, bu hadisə başqa bir dövrdə və başqa bir hakimiyyətin idarəsində baş verib və əlaqədar bütün tərəflər bunu qəbul etməlidir. Ancaq şübhəyə yer yoxdur ki, Türkiyə regionda mühüm bir ölkədir.”

Senator Makkeynin dediyinə görə Avropalılar Türkiyənin Avropa Birliyinə üzvlüyünə mane olmaqla səhv iş görür. O, İsraillə Türkiyə arasında son vaxtlar baş verən problemlərdən də narahat olduğunu söyləmişdir. O iki ölkə arasındakı problemlərin tezliklə həllinə ümid etdiyini bildirmişdir. Senator Makkeyn deyib ki, onların əlaqələrinin pozulması və mövcud gərginlik onu narahat edir.

Senator Makkeyn müsahibəsində Gürcüstanın təcacavüzə məruz qaldığını xatırlatmış və buna baxmayaraq Gürcüstanda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün son bir neçə ildə əldə edilmiş tərəqqinin təqdirə layiq olduğunu demişdir. Senator Makkeyn Amerika əhalisinin Gürcüstanı dəstəklədiyini xatırlatmaqla, Birləşmiş Ştatların bu ölkəyə silah satması barədə verilmiş təklifi dəstəklədiyini söyləmişdir. ABŞ senatorunun fikrinə görə beləliklə suveren Gürcüstan başqa bir təcavüzə məruz qaldığı təqdirdə özünü qoruya biləcək.

XS
SM
MD
LG