Accessibility links

Lindon Consonun “yoxsulluğa qarşı müharibə”sindən 50 il keçir [Video]


Yanvarın 8-də ABŞ prezidenti Lindon Consonun “yoxsulluğa qarşı müharibə” elan etməsindən 50 il sonra təhlilçilər bu döyüşdə necə qələbə qazanıldığına nəzər salırlar.

1964-cü ilin yanvarında prezident Conson hər beş amerikalıdan birinin yoxsul olduğunu bilirdi. Vəzifəsinin icrasına başladıqdan bir həftə sonra millətə ilk müraciətində o, həll yolu təklif etdi. “Bu administrasiya bu gün, burada Amerikadakı yoxsulluğa qarşı qeyd-şərtsiz müharibə elan edir”.


Onun yoxsulluğa qarşı müharibəsi insanların ərzaqla yaxşı təmin edilməsi, səhiyyə və təhsil sahəsinin yaxşılaşdırılmasından ibarət idi. “Bizim əsas silahımız və hədəfimiz daha yaxşı məktəblər, daha yaxşı səhiyyə, daha yaxşı evlər və iş yerləri olacaq”.

Cənab Consonun adminstrasiya rəisi Ceyms Consun sözlərinə görə prezident Conson Demokrat sələflərinin yarımçıq qoyduqları işi başa çatdırmaq istəyirdi.
“Bunlar sabiq prezident Harri Trumenin 1946-47-ci illərdə təklif etdiyi və nail ola bilmədiyi Medicare proqramı, yenə də Trumen administrasiyasının təklif etdiyi və 20 il heç bir nəticə əldə edilməyən mənzil problemi kimi məsələlər idi”, - deyə Ceyms Cons bildirir.

​Prezident Conson 1964-cü ildə həyat yoldaşı ilə birlikdə yoxsul bölgələrə gedəndə, amerikalıların 19 faizi kasıbçılıq şəraitində yaşayırdı. Vaşinqtonun Kato institutundan Maykl Tenner bu günkü göstəricinin 15 faiz olduğunu deyir. “Bizim nə qədər pul xərclədiyimizi düşünsək, bu o qədər də çox deyil. 1964-cü ildən bəri 15 trilyon dollar xəcləmişik. Kasıbçılıq isə dəyişməz qalır".

Konqres tənqidçiləri yoxsulluqla mübarizə proqramlarına xərcləmələrin yüksək olmasından gileylənirlər. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası ərzaq yardımı proqramına ayrılan büdcəni illik 4 milyard dollar kəsməyə səs verib.

Maykl Tanner onu da əlavə edir ki, bu növ yardımlar insanları işləməkdən saxlayır. “Yoxsul insanlar tənbəl deyillər, onlar səfeh də deyillər. Əgər onlara işləyib alacaqları məvacibdən çox pul verirsənsə, onlar işləyib-işləməyəcəkləri haqda bir də fikirləşəcək və yəqin ki, işləməmək qərarına gələcəklər”.

Brukinqs institununun baş elmi işçisi Ron Haskins bütün bunlara baxmayaraq, sabiq prezident Consonun təşəbbüslərinin milyonlarla insanı yoxsulluqdan qurtardığını deyir. “Yoxsulluğa istiqamətlənmiş Conson proqramlarından bəziləri olduqca uğurlu oldu və ölkənin vəziyyəti yaxşılaşdı.”

​Prezident Consonun sabiq köməkçisi Ceyms Cons yoxsulluqla mübarizə proqramlarının Lindon Consonun ən yüksək nailiyyəti olduğunu deyir. “Mənim fikrimcə 50 il bundan əvvələ nəzər salanda onun doğrudan da görkəmli bir prezident olduğunu anlayırsan.”
XS
SM
MD
LG