Accessibility links

“Məhkəmə ədalətsiz şəkildə aparılır. Məhəmməd Bağırovun sifarişi ilə məni burada girov saxlayıblar”. Bu sözləri Azadlıq qəzetinə həbsdə olan jurnalist Ərşad Ibrahimli deyib.

O Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Qəzet yazır ki, Ərşad Ibrahimlinin həbsinin kökündə Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun korrupsiya əməllərini ifşa etməsi dayanır. Keçmiş şöbə müdiri isə Ərşad Ibrahimlini ona həbə-qorxu gələrək pul tələb etməkdə ittiham edib. Ərşad Ibrahimli barəsində cinayət işi başlanıb və jurnalist uzun müddətli həbsə göndərilib.

Ərşad Ibrahimlinin həbsindən sonra Məhəmməd Bağırov da korrupsiyaya görə həbs edilib. Beləliklə, Ərşad Ibrahimlinin yazdıqları təsdiqini tapıb. Amma nədənsə bu nəzərə alınmır.

Hazırda Gəncə Apelyasiya Məhkəməsində Ərşad Ibrahimlinin apelyasiya şikayətinə baxılır.

Jurnalist bildirib ki, məhkəmə ədalətsiz şəkildə aparılır: “Birinci instansiya məhkəməsi də işə ədalətsiz baxdı. Şahidlər prosesə gətirilmədi. Məhəmməd Bağırovun sifarişi ədalətdən üstün tutuldu. Indi də məhkəmə həmin qaydada aparılır. Mənim heç bir təqsirim olmadan həbsə atıblar. Halbuki Məhəmməd Bağırov barədə yazdıqlarım təsdiqini tapıb. O, korrupsiya əməllərinə görə həbs edilib. Məhəmməd Bağırovun himayədarları bu işdə ona heç bir kömək edə bilmədiyinə görə məni də qisas almaq məqsədilə girov saxlayırlar”.

Ərşad Ibrahimli qəzet vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edib.

“Prezident dəfələrlə çıxışında korrupsiyaya qarşı mübarizənin vacib olduğunu bildirib. Mən də məhz bu çıxışlardan ilhamlanaraq Məhəmməd Bağırovun korrupsiya əməllərini araşdırmışam, onu ifşa etmişəm. Sonradan onun həbs olunması yazdıqlarımın əsassız olmadığını ortaya qoydu.

Cənab prezident, mən faktiki olaraq girov saxlanılıram. Sizdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız", o qeyd edib.

Ərşad Ibrahimli onu da əlavə edib ki, artıq ölüm aclığına başlamaq barədə qərar verib.

XS
SM
MD
LG