Accessibility links

Avqustun 10-da Gəncə Apellyasiya Məhkəməsində www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyevin işi üzrə prosesdə müdafiə tərəfi təkrar məhkəmə istintaqının keçirilməsindən imtina ilə bağlı kassasiya şikayəti təqdim edib. Bununla əlaqədar apellyasiya şikayətinə baxılması qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Şirəliyev bu gün məhkəməyə ağzı tikilmiş vəziyyətdə çıxıb. Bu barədə vəkil Zabil Qəhrəmanov bildirib.

Xəbər portalının baş redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şirəliyev 2014-cü il avqustun 30-da polis tərəfindən saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. O, 2013-cü il iyunun ortalarında Orucov Asif Akif oğlu ilə əlbir olaraq, Xankişiyeva Şəfiqə İsmayıl qızını Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olduğu haqqında nüfuzdan salan material yaymaqla hədələyərək, ondan 2 min manat tələb etməkdə ittiham olunur.

Xankişiyeva iddia edib ki, Şirəliyevin həbsindən əvvəl ona 700 manat verib.

Şirəliyevin vəkili Qəhrəmanov bildirib ki, jurnalistə qarşı cinayət işi saxtalaşdırılıb.

İşin saxtalaşdırılmasına dəlil kimi vəkil “jurnalistin “ortağı” Asif Orucovun heç cür “cinayətdə” iştirak edə bilməyəcəyinə” diqqət çəkib. “Çünki 2012-ci il aprelin 11-dən 2013-cü il oktyabrın 19-na qədər Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkirdi. İyunun 1-dən 30-na qədər Orucov hər gün cəzaçəkmə yerində qeydiyyatdan keçirdi. Bundan başqa, iyunun 10-da o, intizamı pozduğuna görə cəzalandırılıb, iyunun 20-də isə 5 gün müddətinə cəza təcridxanasına salınıb.

İbtidai istintaq zamanı müdafiə tərəfi mobil operatorlardan Şirəliyevin Şəfiqə Xankişiyeva ilə telefon söhbəti olmadığını təsdiq edən telefon zəngləri siyahısı təqdim edilib.

Eyni zamanda, Vergilər Nazirliyi nəzdində Vergi Cinayətləri üzrə İbtidai İstintaq Departamenti 2015-ci il yanvarın 15-də rəsmi olaraq istintaqa məlumat verib ki, 2013-cü il dekabrın 31-nə qədər Tovuz rayonunun Qovlar qəsəbəsində “Tatar” adlı kafe fəaliyyət göstərməyib və vergi orqanlarında Xankişiyevanın hansısa obyektin icarəçisi olduğu haqqında məlumat yoxdur. Yerli sakinlər də belə bir adda kafe olmadığını təsdiq ediblər. Hətta akt tərtib edilib.

2012-ci il dekabrın sonlarında Cavid Şirəliyev dekabrın 23-də “Qırmızı körpü” sərhəd keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulduğu haqqında məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.

Vəkil Qəhrəmanov bildirib ki, birinci instansiya məhkəməsi Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr bir nəfərin - ədalətli mühakimə ilə problemi olan Şəfiqə Xankişiyevanın bəyanatı üzərində qurulur.

Qəhrəmanovanın sözlərinə görə, apellyasiya şikayətinə qismən təkrar məhkəmə istintaqı ilə baxılması haqqında vəsatət təmin edilmədiyinə görə müdafiə tərəfi bu qərardan kassasiya şikayəti verib.

İndi apellyasiya məhkəməsində təhqiqat Ali Məhkəmədə kassasiya şikayətinə baxılana qədər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Vəkilin sözlərinə görə, özbaşınalığa etiraz əlaməti olaraq Şirəliyev ağzını tikib.

XS
SM
MD
LG