Accessibility links

Naxçıvanda jurnalistlərə təzyiq olub


RATİ-nin əməkdaşı Elman Abbasov təzyiqə məruz qalarkən

RATİ-nin əməkdaşı Elman Abbasov təzyiqə məruz qalarkən

Gənc oğlan jurnalistlərə hücum edib. Bu, jurnalistlərin Naxçıvan gömrüyündə sahibkarın saxlanmasını lentə almasından bir neçə gün sonraya təsadüf edir

Turan agentliyinin məlumatına görə, Naxçıvanda müstəqil media nümayəndələrinə qarşı təzyiq edilib. Belə ki, naməlum gənc Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Elman Abbasova iki dəfə hücum edib, iki saatdan sonra Contact.az saytının əməkdaşı İlqar Nəsibova hücum olub.

Naməlum gənc özünü bu günlərdə Sədərək gömrük məntəqəsində gömrükçülərə müqavimət göstərdiyinə görə həbs edilən sahibkar Nadir Məmmədovun qohumu kimi təqdim edib.

“Nadir əminin həbs olunmasında siz günahkarsınız, buna görə sizi cəzalandıracağıq”, - gənc oğlan qışqıraraq təhqiramiz ifadələr işlədib.

Həm E.Abbasov, həm də İ.Nəsibov yaxınlıqda dayanan Naxçıvan MTN-nin əməkdaşını görüblər.

“Mən gördüm ki, MTN-in zabiti gəncə məndən kənara çəkilmək işarəsi verdi”, - E.Abbasov Turan-a bildirib.

Öz növbəsində həbsdə olan sahibkarın yaxın qohumu Elmira Məmmədova Turan-a bildirib ki, qohumlardan heç kimin jurnalistlərə iradı yoxdur və həmin gənci tanımırlar.

Jurnalistlər hesab edir ki, “qohum” MTN-in agentidir və ondan yerli sahibkarların pozulmuş hüquqlarını müdafiə edən jurnalistlərin qorxudulması üçün istifadə edilir.
Belə düşünməyə əsas var ki, həbsdə olan sahibkarların qohumları məhz MTN işçilərinin təzyiqi və hədələri altında mətbuat konfransı keçirməkdən imtina ediblər.

Xatırladaq ki, dekabrın 11-də iki naxçıvanlı sahibkar - Nadir Məmmədov və Məmməd Qurbanov rüşvət verməkdən imtina etdikdən sonra həbs olunublar. Onlar yardım üçün jurnalistlərə müraciət etdikdə gömrükçülər onlara hücum edərək döyüblər. Bundan sonra sahibkarlara qarşı hakimiyyətə müqavimət göstərmək ittihamı ilə cinayət işi qaldırılıb.

Öz növbəsində, Naxçıvan MR Gömrük Komitəsinin mətbuat xidməti bir neçə gün öncə bildirib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində guya bir qrup jurnalistin və Azərbaycan vətəndaşı Məmməd Qurbanovun Sədərək Gömrük İdarəsində hücuma məruz qalması ilə bağlı əsassız, yalan və böhtan dolu məlumatlar yer almaqdadır.

“Yayılmış əsassız məlumatlara cavab olaraq Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti bildirir ki, vətəndaş Məmməd Qurbanov bundan öncə də dəfələrlə gömrük qayda və qanunlarını pozmaqla özünə asan qazanc yolu açmağa çalışmışdır”, məlumatda qeyd edilir.
XS
SM
MD
LG