Accessibility links

BMT hər il dünya ölkələrində jurnalistlərin qətlə yetirildiyi və məsuliyyət daşıyanların yalnız çox az hissəsinin cəzalandırıldığı ilə bağlı xəbərdarlıq edir. YUNESKO jurnalistlərin təhlükəsizliyinə dair plan hazırlayır.

Amerikalı hərbi jurnalist Mari Kolvin və fransalı foto-jurnalist Remi Oşlik fevralın 22-də Suriyada qətlə yetirilmişdi.

Onlar 2012-ci ildə həlak olan 65 jurnalist arasındadır. İsveçrənin ATS xəbər agentliyinə əsasən, keçən illə müqayisədə ölən jurnalistlərin sayı 50 faiz daha çoxdur. 15 jurnalist Suriyada, yeddisi Meksikoda, altısı isə Somalidə həlak olub.

Sərhədsiz Reportyorlar təşkilatının son hesabatına əsasən, 2012-ci ildə 163 jurnalist həbs edilib.





BMT-nin məhkəməsiz və özbaşına edam halları üzrə təhqiqatçısı Kriştof Heyns: “Builki rəqəmlərə baxanda, həm jurnalistlərin həbsə alınması, həm də həyatını itirməsi halları bizim ciddi problem qarşısında olduğumuzu göstərir.”

Kristof Heyns illik hesabatda jurnalistlərin həyatının qorunması məsələsinə diqqət verildiyini deyir. “Statistikaya baxanda aydın olur ki, jurnalistlər üçün əsas təhlükə xarici müxbirlərin münaqişə zonalarında öldürülməsi kimi görünə bilər. Lakin ölüm hallarının üçdə ikisi münaqişələrdən kənarda baş verir və tipik vəziyyət radioda, qəzetdə çalışan və daha çox hallarda internet üçün yazan yerli jurnalistlərin öldürülməsi hallarıdır.”

BMT-nin İfadə azadlığı məsələləri üzrə təhqiqatçısı Frenk La Ru deyir ki, jurnalistlərə hücum edən, onları öldürən və həbs edən şəxslərlə bağlı təhqiqat aparılıb, onların cəzalandırılması məsələsində öhdəlik olmalıdır. Frenk la Ru:“Mən inanıram ki, jurnalistlərin təqib edilməsi və onlara qarşı zorakılıq aktları kimi səciyyələndirilən spesifik cinayətlər müəyyən edilməlidir. Mənə görə bu çox mühümdür. Çünki bu, jurnalistlərin müdafiəsinə bir qarantiya ola bilər. Elə jurnalistlər var ki onlar qeyri-münaqişə zonalarındadır , lakin mütəşəkkil cinayət kimi ekstremal zorakılıqların, ya da avtoritar rejimlərin mövcud olduğu vəziyyətlərə görə onlar təhlükədədir.”

Jurnalistləri Müdafiə Komitəsi 2011-ci ildə həbs edilən 179 jurnalistin yarıdan çoxu onlayn bloggerlərdir. Azərbaycanlı blogger Emin Milli: “Mən Azərbaycandanam. Bilirsinizmi, bu yaxınlarda burada Eurovision mahnı müsabiqəsi keçirilib. Dünyada 120 milyon insan müsabiqəni izləyib, lakin jurnalist fəalların bir hissəsi diqqəti Azərbaycanda insan hüquqlarının pozulması hallarına cəlb etməyə çalışıb.”

Emin Milli dissidentdir, Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu hesab edilmişdir, 16 ay həbsdə olmuşdur. O deyir ki, Eurovision mahnı müsabiqəsi qurtardıqdan sonra beynəlxalq medianın da diqqəti azalıb. Emin Milli: “Qabaqcadan deyildiyi ki, hökumət fəallar və jurnalistləri hədəf almağa başlayıb. İndi vəziyyət belədir ki, “Sing for Democracy” kampaniyasının koordinatoru Mehman Hüseynov hədəfə çevrilib, o həbs edilb və zəmanətlə azadlığa buraxılıb, lakin ona qarşı ittihamlar geri götürülməyib.”

Dunya Miyatoviç Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Media Azadlığı məsələləri üzrə xüsusi nümayəndəsidir. O, ATƏT-in üzvü olan 56 ölkəyə mətbuat və söz azadlığının təmin edilməsi işində məsləhət verir. Bu da öz növbəsində jurnalistlərin müdafiəsi məsələsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyən ölkələrin göstərilməsi, onların tənqid və tənbeh edilməsi kimi fəaliyyətləri nəzərdə tutur. Dunya Miyatoviç: “Jurnalistlərə qarşı zorakılıq halları heç vaxt diplomatiya vasitəsilə çözülmür. Əgər kimsə təhqir edilib, qorxudulub, ya da həbs edilibsə, qətli heç də qeyd də etmirəm, buna hamımız diqqət göstərməliyik. Bu, ictimaiyyətin marağında olan məsələdir.”

BMT-nin eksperti Kristofer Heyns jurnalistlərin müdafiəsinə dair qanunların mövcudluğuna işarə edir. Hökumətlər onun sözlərilə, sadəcə bu qanunlara riayət etməlidir.

BMT-nin bütün agentlikləri YUNESKO-nun jurnalistlərin təhlükəsizliyi və cəzalandırılmaması ilə bağlı fəaliyyət planını qəbul edib. Jurnalistlərin müdafiəsi məsələsi ilə bağlı proqramın hazırlanması isə noyabr ayında Vyanada müzakirə ediləcək.

İnsan hüquqları məsələləri üzrə ekspertlər hökumətlər, böyük şirkətlər və mütəşəkkil cinayətkar qruplarla bağlı təhqiqat apardıqları üçün jurnalistlərin özlərini təhlükə altına qoyduğunu bildirir. Lakin onlar qeyd edir ki, hökumətlər korrupsiya hallarının aşkar edilməsi üçün həyatlarını riskə qoyanları müdafiə etmədikdə jurnalistlər üçün təhlükələr daha da artır.
XS
SM
MD
LG