Accessibility links

İŞİD Kabildə şiə məscidində intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb


İŞİD Əfqanıstan paytaxtında 32 insanın ölümü və 80-dən çox insanın yaralanması ilə nəticələnmiş intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Qrupa məxsus mediada açıqlanan qısa bəyanatda qətliama görə İŞİD-in məsuliyyət daşıdığı bildirilib.

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə Kabildə şiə məscidi intiharçı bomba hücumu zamanı ziyarətçilərlə dolu olub.

İntiharçı dini mərasimin keçirildiyi Baqir ul Olum məscidinə daxil olaraq üzərindəki partlayıcıları işə salıb.

Hadisə qurbanlarından birinin qohumu hücumun şahidi olub və gördüklərini təsvir edib; “İntiharçı insanların arasında idi və kütlə arasında özünü partlatdı. Mən çox sayda cəsəd gördüm, yaralılar Kabildəki xəstəxanaya aparılırdı” – deyə Əminulla Əlizadə bildirib.

Kabilin Cinayət Təhqiqatı departamentinin rəhbəri, general Faridun Obaidi müxbirlərə hadisə zamanı ölənlərin hamısının mülkü vətəndaşlar olduğunu deyib.

Prezident Əşrəf Qani partlayışı kəskin qınayaraq onu "bağışlanması mümkün olmayn hadisə" adlandırıb. O deyib ki, partlayışı törədənlər Əfqanıstanda etnik qrupları arasında parçalanma yaratmaq istəyən düşmənlərdir.

Əfqanıstanın administrasiyasının baş icraçıcı Abdulla Abdulla hücumu pisləyib və deyib ki, hücum müqəddəs yerdə uşaqlar da daxil olmaqla günahsız mülki vətəndaşları hədəf alıb. O bildirib ki, bu müharibə cinayətidir və İslam əleyhinə bir aktdir.

Birləşmiş Ştatlar məsciddə baş vermiş bomba hücumunu qınayıb və hadisə qurbanlarının ailələrinə başsağlığı bildirib.

Taliban sözçüsü müxbirlərə göndərdiyi qısa bəyanatda qrupun bomba hücumunda əli olmadığını və hücuma görə məsuliyyət daşımadığını bildirib.

Son zamanlar Əfqanıstanda şiə məscidlərini hədəf alan hücumlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Show comments

XS
SM
MD
LG