Accessibility links

Mübariz Qurbanlı: Qəbirstanlıqların sistemli salınması barədə sənəd Nazirlər Kabinetinə təqdim edilib [Video-Müsahibə]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Amerikanın Səsinə müsahibəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində yas mərasimlərində ehsan, dini təhsil, qəbiristanlıq təsərrüfatı və maarifləndirmə işləri ilə bağlı aparılan işlərdən danışıb.

Amerikanın Səsi: Ölkədə dini maarifləndirmənin daha effektli olması üçün hansı tədbirlər planlaşdırırsınız?

Dini radikalizmi yaradan səbəblər aradan qaldırılmalıdır.

Mübariz Qurbanlı: Biz dini maarifləndirmə istiqamətində böyük işlər görürük və bununla bağlı xüsusi proqramımız var. Dini maarifləndirmə işini yalnız dini komitə həyata keçirmir. Bu işdə Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikuluralizmi Mərkəzi, o cümlədən Bilik Fondu, ali təhsil ocaqlarımız, hüquq mühafizə orqanlarımız da yaxından iştirak edir. Dini maarifləndirmə cəmiyyətin bütün təbəqələrini əhatə edən bir məsələdir. Media bununla bağlı geniş iş aparır. Bu yaxınlarda qəzet redaktorları və KİV rəhbərləri ilə birgə tədbir keçirdik, orada bu səsləndi. Bu həm də ictimai əhəmiyyət kəsb edən bir məsələdir. Maarifləndirmə işini daha geniş səpkidə aparmaq ehtiyacı var. Burada əlbəttə, medianın rolunu, xüsusilə elektron KİV-in rolunu daha da artırmaq lazımdır. İnsanlarla geniş təmaslar qurmaq lazımdır, izahat işləri aparılmalıdır. Dini radikalizmi yaradan səbəblər aradan qaldırılmalıdır. Bu səbələr aradan qaldırıldıqda biz, hansısa mənfi nəticəni görməyəcəyik.

Amerikanın Səsi: Akademik dini təhsilin hazırkı durumu necədir? Dini təhsil müasir dünya ilə ayaqlaşan elitar dini korpusun yetişdirlməsi üçün bəs edirmi? Dini təhsil sahəsində hansı islahatlara ehtiyac duyursunuz?

Dini kadrların və din üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlığı ilə əlaqədər başlanğıc nöqtəsindəyik.

Mübariz Qurbanlı: Dini təhsil dedikdə, burada iki nüansa diqqət yetirmək lazımdır. Biri var, din xadimi yetişdirirsiniz, dini ayinləri icra edən, dini ayinlərlə əlaqədar olan şəxsləri, mütəxəssisləri din üzrə tədqiqatçılar yetişdirirsiniz. Söhbət yenə tək islamdan getmir. Bir də var ki, ümumilikdə cəmiyyətə dini bilginin verilməsi ilə əlaqədar fəaliyyəti genişləndirirsən. Bizdə din üzrə mütəxəssis yetişdirilməsi istiqamətində Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsi kifayət qədər kadr yetişdirir. Eyni zamanda Milli Elmlər akademiyasının həm Şərqşünaslıq İnstitutu, həm Tarix İnstitutu bununla bağlı işlər görür.

O ki, qaldı profesional din xadimləri məsələsinə, Sovet dövründə dinimiz və din xadimlərimiz böyük basqıya məruz qaldığından arada bir fasilə yaranıb. Müstəqillik illərimizdə dini kadrların yetişdirilməsi ilə bağlı Heydər Əliyevin birbaşa tövsiyyəsi, tapşırığı ilə Bakı İslam Universiteti yaradılıb, BDU-da ilahiyyat fakültəsi yaradılıb, mədrəsələr açılıb. Bunlar sırf din kadrları yetişdirməklə bağlı fəaliyyət göstərməkdədirlər. Dini kadrların yetişdirilməsində Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında da işlər görülür. Orada din xadimlərinə kurslar təşkil olunur və s. Amma bütövlükdə biz bu gün dini kadrların və din üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlığı ilə əlaqədər başlanğıc nöqtəsindəyik və hesab edirəm ki, bu işi daha da genişləndirmək lazımdır. Bunun üçün Bakı İslam Universitetini daha da genişləndirib, dövlətin himayəsi altında bu məsələni daha yüksək səviyyəyə qaldırmaq mümkündür. Bunun üçün addımlar atılmalıdır.

Amerikanın Səsi: Yas mərasimlərində yeməklərin verilməsi ilə bağlı bəyanatların təsirləri olubmu? İndi bu sahədə durum necədir? Maarifləndirmə işləri davam etdirilirmi?

Hətta vəzifəli şəxslərin yaxınları vəfat edəndə onların da nümunə kimi yas mərasimlərində yalnız çay süfrəsi açdığının biz şahidi olmuşuq.

Mübariz Qurbanlı: Yas mərasimlərində yemək verilməsi məsələsi ilə əlaqədar Dini Komitənin tövsiyyələri, o cümlədən QMİ-nin Qazilər Şurasının fətvası öz təsirini göstəribdir. İndi Azərbaycanın əksər rayonlarında yas mərasimləri yalnız 3-lə yekunlaşır. Əvvəllər bu daha uzun proses idi və cümə axşamları deyilən anlayış da aradan qalxıbdı. Aparılan işlərin öz müsbət nəticəsi olub. Çoxlu nümunələr də var. Hətta vəzifəli şəxslərin yaxınları vəfat edəndə onların da nümunə kimi yas mərasimlərində yalnız çay süfrəsi açdığının biz şahidi olmuşuq. Bu nümunələr də öz təsirini göstərməkdədir.

Mən hesab edirəm ki, gec-tez yas mərasimlərində insanların hansısa yeməklər verməsi aradan qalxacaq.

Amerikanın Səsi: Qəbirstanlıq təsərrüfatı sahəsində mövcud duruma münasibətiniz necədir? Qabaqcıl ölkələrdə qəbiristanlıqlar elektron xəritələşdirilib, qəbiristanlıq-park infrastrukturu inkişaf etdirlib. Azərbaycanda qəbiristanlıq təsərrüfatlarında nə vaxt nizam-intizam yaradılacaq?

Əlbəttə bu yeniliklərdən sonra qəbirstanlıqlarımızda islamı ənənələrimizə, dinimizə xas olmayan qəbirüstü abidələr, daşlar və s yəqin ki, zaman-zaman yerini bu qaydalara verəcəkdir.

Mübariz Qurbanlı: Azərbaycanda qəbiristanlıq təsərrüfatında nizam-intizam var. Sadəcəqəbirstanlıqlardakı vəziyyəti Avropanın xristian ölkələrindəki qəbirstanlıqlarla bir az müqayisə edəndə əlbəttə, Almaniyada, Fransadakı qəbirstanlıqlara bizim qəbirstanlıqlar bir-birinə bənzəmiyəcək. Çünki həmin ölkələr xristian ölkələridi. Siz bilirsiniz ki, hətta həmin ölkələrdə krematoriyalar var, ailə qəbirstanlıqları var. Onlar bizə aid deyil. Bizə xas deyil. İslam dini insan vəfat etdikdən sonra, onun torpağa tapşırılmasını birmənalı vacib şərt sayır.

O ki, qaldı qəbirstanlıqların sistemli şəkilə salınmasına, bununla bağlı qanun hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub. Həmin sənəd qanun və ya qərar formasında olacaq, amma sənəddə qəbirstanlıqlar, onların yerləşdiyi ərazilər, yaşayış məskənləri ilə qəbirstanlıqlar arasındakı məsafələr, qəbirlər, onların yerləşməsi islami ənənələrə uyğun verilib. Qəbirlər bir-birindən fərqlənməməlidir. Qəbir daşları eyni olmalıdır. O cümlədən qəbirstanlıqların idarəçiliyi, xidmət məsələləri də burada öz əksini tapıb.

Hətta sənəddə kimsəsiz insanlar, onların dəfni, şəhidlərlə bağlı, tanınmış dövlət, ictimai-siyasi xadimlər, onların dəfni ilə bağlı qəbirstanlıqlar və s bunlar da tam şəkildə öz əksini tapıb. Bunlar sırf dövlətin nəzarətində olan qəbirstanlıqlar olacaq. Hansısa özəl və ya pullu qəbirstanlıqların yaradılmasından söhbət getmir.

Əlbəttə bu yeniliklərdən sonra qəbirstanlıqlarımızda islamı ənənələrimizə, dinimizə xas olmayan qəbirüstü abidələr, daşlar və s yəqin ki, zaman-zaman yerini bu qaydalara verəcəkdir.

Qəbirstanlıqların idarəçiliyi bələdiyyələrin və yerli icra hakimiyyətlərinkin nəzarətində olduğundan onlar da yəqin ki, bu istiqamətdə addımlar atacaqlar.

Bu gün müasirləşən Azərbaycana uyğün şəkildə bütün sahələrdə olduğu kimi məzarlıq yerlərində də müəyyən sistemin yaranması vacibdir.

XS
SM
MD
LG