Accessibility links

Deyvid Kameron London merini Avropa İttifaqında üzvlüyü dəstəkləməyə çağırıb


Britaniyanın Baş naziri Deyvid Kameron bazar günü BBC şirkətinə müsahibəsi zamanı Londonun meri Boris Consonu Britaniyanın Avropa İttifaqında qalmasına dəstək verməyə çağırıb.

Britaniya paytaxtının populyar merinin bu gün Avropa İttifaqında üzvlük məsələsilə bağlı mövqeyini bildirəcəyi gözlənilir.

Britaniyanın bəzi media qurumları Consunun ölkənin Avropa İttifaqını tərk etməsi kampaniyasına qoşulacağı haqda məlumat verib.

Kameron iyunun 23-də Britaniyanın Avropa İttifaqının üzvü qalmasına dair referendum təyin edib.

Baş nazir şənbə günü bildirib ki, onun kabineti islahatların keçirildiyi 28 ölkədən ibarət qurumda qalmaq haqda tövsiyələri təsdiq edib. Lakin kabinetin altı üzvü Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib.

Londonun meri Boris Conson

Londonun meri Boris Conson

Kameron Britaniyanın Avropa İttifaqının üzvü kimi qalmasının ölkəni daha güclü edəcəyini və qurumun Britaniya ilə bağlı bir sıra güzəştlərə gedərək, onun sözlərilə ölkəyə "xüsusi status" verdiyini deyib.

Baş nazir əlavə edib ki, son qərarı iyun ayında Britaniya xalqı verəcək. Kameron Avropa İttifaqında üzvlüyə dəstək kampaniyasını davam etdirəcəyinə söz verib.

Avropa İttifaqının Britaniya ilə bağlı qərarı Brüsseldə iki günlük zirvə görüşü zamanı əldə edilib. Bu güzəştlərə Avropa İttifaqı ölkələrindən Britaniyaya iş üçün gələn şəxslərə məhdud imtiyazlar və sosial ödənişlər edilməsinə icazə verilməsi və Britaniyanın avro deyil, öz valyutasından istifadə etdiyinə görə cəzalandırılmaması kimi ölçülər daxildir.

Avropa İttifaqının bəzi lideləri Britaniyanın qurum ölkələrindən gələn işçilərə sosial təminatları ixtisar etməsinə icazə verilməsinin əleyhinə olsa da, qurumun heç bir üzvü güclü iqtisadiyyata və hərbi qüvvələrə malik Britaniyanın ittifaqdan çıxmasını istəmir.

XS
SM
MD
LG