Accessibility links

Novruz bayramının tarixinə elmi baxış: faktlar və miflər


Bakı
Bakı

Novruz bayramı Azərbaycan xalqının ən əziz bayramıdır və onun Azərbaycandakı qədər böyük təntənə ilə qeyd olunduğu başqa bir ölkənin adını çəkmək çətindir. İstər Azərbaycan Respublikasında istərsə də İran Azərbaycanında olsun qədim ənənələrə söykənən Novruz adətləri iki qonşu kənd arasında belə fərqlənə bilir. Siz də məqaləyə münasibətinizi və el obanızın Novruz adətlərini aşağıdakı şərhlər hissəsində bizimlə bölüşün.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Kamil Hüseynoğlunun Novruz bayramının tarixi və Azərbaycan Respublikası ilə İran Azərbaycanında bayram adətlərinin oxşar və fərqli cəhətlərini əks etdirən iki elmi məqaləsini təqdim edirik. Müəllif məqalələri qələmə almamışdan öncə müxtəlif ölkələrdə tədqiqat işləri aparıb. (Məqaləni müəllifin razılığı ilə sizə çatdırırıq).

Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə qədim insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırdılar. Dini və dövlət bayramları ilə müqayisədə bəşəriyyətin körpəlik dövründən – mifoloji dövrdən günlərimizədək gəlib çatmış bütpərəstlik bayramları bu baxımdan daha cazibədar və daha səmimidirlər.

Mifoloji bayramlar bir qayda olaraq təbiətlə, onun fəsilləri ilə bağlı olurlar ki, bunlar da hər bir adamın həyatında çox mühüm rol oynayan hadisələrdir. Bununla yanaşı belə bayramlar kollektiv yaddaşda reallaşaraq, xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa, tarixi zamanın dayanmaz axınını müəyyən qədər ləngidərək, əcdadların dövrünü, həyatını xatırlamağa imkan verir. Bütün bu deyilənlər baxımından hal-hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini Novruzla müqayisə etmək mümkün deyildir. Bunu da qeyd etmək lazımdır ki, Novruza bənzər bahar bayramları qədim Şumerdə, Misirdə və digər regionlarda da olmuşdur. Ancaq onlar artıq xalq yaddaşından silinmiş və yalnız tarixin yaddaşında müəyyən izlər qoya bilmişlər. Minilliklər içərisindən keçib gələn qədim Novruz bayramı isə tarix boyu bir sıra qadağalara və təqiblərə məruz qalsa da, öz təravətini və gözəlliyini bu gün də saxlamaqdadır. Ancaq tarix də öz işini görmüşdür: bayramın formal əlamətləri, mərasimləri əsasən saxlanılsa da, onun ilkin məzmunu, mənası unudulmuş və ya təhriflərə məruz qalmışdır.

Tədqiqatlar göstərir ki, Novruzla bağlı ilkin inanclar və mərasimlər qədim İran mənbələrində “saka”, yunan mənbələrində “iskit”, “Avesta”da “tur” və ya “turanlı”, müasir rus elmi ədəbiyyatında isə “skif” adlandırılan etnoslar arasında yayılmışdır. E.ə. I minilliyin birinci yarısında saka tayfaları Baykal gölündən Qara dənizə qədər uzanan Avrasiya çöllərində məskunlaşmışdılar və onlar köçəri və yarımköçəri həyat keçirir, maldarlıqla, əkinçiliklə və ovçuluqla məşğul olurdular. Mənbələrdə onlar üç böyük qrupa bölünür: Şərqi Avropa sakaları, Orta Asiya sakaları və Şərqi Qazaxıstan və Cənubi Sibir ərazisində məskunlaşmış sakalar. Sonuncular “Avesta”da “turlar” adlandırılır. E.ə. II əsrdə Cənubi Sibirin xeyli hissəsi hunlar qədim türklər tərəfindən tutuldu və bu ərazidə məskunlaşmış kəngər (Kəng igidləri), peçeneq, sair və b. hind-Avropa mənşəli Turan sakaları tədricən türkləşməyə başladı. Eyni fikri Azərbaycan ərazisində məskunlaşmış turan mənşəli madalar haqqında da demək olar. Bu etnosların çoxu oğuz türklərinə qarışdılar. Bizim eranın VI əsrində türklər Orta Asiyadakı Turan ərazisini tutub, Amu-Dərya çayı boyunca İranla Həxamənşilər imperatorluğu ilə həmsərhəd olduqdan sonra isə iranlılar türklərlə turanlıları eyniləşdirməyə başladılar. Bu hal tamamilə qanunauyğun idi, çunki bu ərazilərdə məskunlaşmış Turan tayfaları qarışmışdılar. Şərqi Avropa və Orta Asiya sakaları da çox böyük ərazilərə səpələndiklərinə və mərkəzləşdirilmiş böyük dövlət yarada bilmədiklərinə görə tədricən assimilyasiyaya uğrayaraq, başqa xalqlara, ilk növbədə isə şərqi slavyan etnoslarına qarışdılar. Buna baxmayaraq, sakalar qədim dünya tarixində öz layiqli yerini tutan və bəşər mədəniyyətinə müasir arxeologiya elmində “skif-Sibir mədəniyyəti” adlandırılan zəngin mədəniyyəti bəxş edən bir etnos olmuşlar. Həmçinin onlar araba təkərlərini təkmilləşdirərək məlum formaya salmış, oxlara iki-üç qanad əlavə edərək, onlara ballastik xüsusiyyət vermiş, nəhayət, bəşəriyyətə Qərbi Çindən Şərqi Türkiyəyə, Qazaxstandan Şimali Hindistana və Pakistana qədər uzanan ərazidə məskunlaşmış xalqlar tərəfindən qeyd edilən Novruz kimi gözəl təbiət bayramını vermişlər. Bu ərazidə Novruz zərdüştilik dini vasitəsilə sonradan yayılmışdır. Ancaq Novruz başqa adlar altında bəzi Avropa ölkələrində, o cümlədən Albaniyada və İrlandiyada da qeyd edilir. Avropanın qərbinə Novruz qədim kimmerlər vasitəsilə e.ə. VI əsrin əvvəllərində gətirilmişdir. Onları Qərbi Avropada “kelt” (“şübhəli”, yəni öz inanclarını gizli saxlayanlar) adlandırırdılar. Ancaq keltlərin də böyük əksəriyyəti, şərqdəki qohumları kimi öz dillərini unudub, roman və anqlosaks dillərini qəbul etmişlər. İrlandiyada bu qədim bayram indi 1 may tarixində Belteyn, yəni “İşıq saçan od” adı altında qeyd edilir və Novruza və İlaxır çərşənbəsi bayramlarına məxsus, demək olar ki, bütün əlamətləri özündə birləşdirir. Hal-hazırda Novruz dünyada 300 milyondan artıq əhali tərəfindən bayram edilir. 2010-cu ildə Novruz BMT tərəfindən beynəlxalq bayram kimi tanınmış və 21 mart tarixi Novruz günü elan edilmişdir. Bu qısa ekskursdan sonra biz yenidən bayramın qədim turanlılarla bağlı tarixinə qayıda bilərik.

Turanlılar Orta Asiyanın Şərqindən, yəni Sır-Dərya çayı və Aral dənizindən Baykalyanı ərazilərədək olan çöllərdə məskunlaşmışdılar. Onların “Avesta”da “Kanxa”, yəni müqəddəs “Kan qalası” adlandırılan paytaxtı Baykalın Cənub-Qərbində, indi də Kan çölü adlanan çöldə, indiki Kan çayının sahilində yerləşirdi. Kan çölünün cənubunda indi də Turan adlanan çay axır. Tədqiqatlar göstərir ki, Zərdüşt özü də turanlı olmuşdur. “Avesta”da onun vətəninin adı göstərilməsə də, oranın bəzi coğrafi əlamətləri qeyd edilib. Həmin məlumata əsasən burada “yüzlərlə çayın töküldüyü, birinin isə ondan kənara axdığı” dünya dənizi Vorukaşa (indiki Baykal gölü), dənizin ətrafında nəhəng Berezayti dağı (indiki Bərquzin dağı), ondan cənubda Ranqa çayı (indiki Karenqa çayı) vardır. Berezayti dağı ətrafında 10 ay qış, iki ay yay olur (İlin 4 fəsilə bölünməsi sonrakı dövrlərə aiddir). Zərdüşt Orta Asiyaya gəldikdən sonra yazılmış nüsxələrdə isə yayın 5 ay, qışın isə 7 ay davam etdiyi bildirilir.

Zərdüştün ölümündən (e.ə. VII əsr) xeyli sonra, paytaxtı Həmədan olan parfiyalıların hakimiyyəti dövründə (e.ə.250 - b.e.266-cı illər) tərtib edilmiş “Kiçik Avesta” mətnlərinə əsasən isə Zərdüşt qədim Midiya, yəni indiki Cənubi Azərbaycanda doğulmuşdur. Ancaq Cənubi Azərbaycanda yuxarıda göstərilən coğrafi əlamətlərə uyğun yer yoxdur. Aydındır ki, Midiya ərazisində zərdüştilik dini mənşəcə turanlı olan parfiyalılar və madalar tərəfindən daha doğma hesab edildiyindən və burada geniş şəkildə yayıldığından bu dində müqəddəs sayılan yer adları Midiyadakı müəyyən təbiət obyektləri, o cümlədən Raqa (Rey, Tehran) şəhəri, Əlborz dağları, Urmiya gölü və s. üzərinə köçürülmüşdür. Mütəxəssislərdən bəziləri “Avesta”da adı çəkilən Vorukaşa dənizini Xəzər dənizi, digərləri Aral dənizi ilə eyniləşdirməyə çalışmışlar. Ancaq bu dənizlərin heç birindən kənara çay axmır və onların ətrafında sərt iqlim şəraiti yoxdur. Buna baxmayaraq, “Avesta”nın mənşəyinin Orta Asiya ilə bağlı olmasına dair fikirlər müasir elmdə aparıcı mövqe qazanmışdır. Bu, onunla bağlıdır ki, “Avesta”da Orta Asiya reallıqlarına dair adlara tez-tez rast gəlinir. Ancaq Zərdüştin vətəni barədə “Avesta”da verilən məlumatlar Orta Asiya reallıqlarına da uyğun deyildir. “Avesta”da Zərdüştün vətəni barədə deyilən coğrafi adları və iqlim şəraitini biz yalnız Baykal gölü ətrafında tapırıq: burada çox sərt iqlim şəraitinə malik Bərquzin (“Avesta”da - Berezaytu) dağ silsilələri yerləşir. Onlardan cənubda isə Böyük Renqa (“Avesta”da - Ranqa) çayı axır. Baykala 366 çay tökülür, biri, yəni Anqara çayı isə onların topladıqları suyu göldən kənara aparır. Bütün bunlardan aydın olur ki, Zərdüştün vətəni Baykalyanı ərazilərdə, qədim Turan torpağında olmuşdur. Arxeoloji tapıntılardan da məlumdur ki, e.ə. I minillikdə bu ərazidə skiflər (sakalar) yaşamışlar. Zərdüşt Turan inanclar sistemində islahatlar aparmaq, çoxsaylı tanrılara sitayişi baş tanrı elan etdiyi Ahura Məzdaya, yəni “Düşüncə hakiminə” etiqadla əvəz etməklə turanlıları vahid ideologiya ətrafında birləşdirmək istəyirdi. Bununla da o, Turan tayfaları arasında, xüsusilə də köçərilərlə oturaq əhali arasında tez-tez baş verən müharibələrə son qoymağa, öz həmvətənlilərini bir çox köhnəlmiş, zərərli adət-ənənələrdən azad etməyə çalışırdı. Ancaq həmvətənliləri Zərdüştün təlimini qəbul etmədilər. Onlar Zərdüştü əcdadların adət-ənənələrinə müxalif çıxmış qiyamçı kimi Turandan qovdular. “Avesta” məlumatlarına əsasən on il sərgardan gəzdikdən sonra Zərdüşt “Viştaspanın ölkəsinə”, yəni Orta Asiyaya gəldi. I Daranın (e.ə. 522-486) Behistun kitabələrindən isə aydın olur ki, o zaman, yəni e.ə. VI əsrin birinci yarısında Orta Asiyanın həmin hissəsi Həxamənşilər dövlətinin tərkibinə qatılmışdı və buranın, yəni Parfiyanın canişini gələcək imperator I Daranın (I Daryuşun) atası Viştaspa idi. Viştaspa Zərdüştün yaratdığı dini təlimi qəbul edərək, hakimi olduğu ərazidə onun təbliğ edilməsinə imkan yaratdı və bu din e.ə. VI əsrdə parfiyalılar arasında qəbul edildi. Bununla yanaşı, turanlı casus Bratarvahşa Zərdüştü öldürdükdən sonra uzunmüddətli İran-Turan müharibələri başlanır. Bundan sonra iranlılar turanlıları “saka”, yəni “it” adlandırırlar və sonuncu adı yunan tarixçiləri “iskit” formasında yazıya alırlar. I Dara hərbi çevriliş nəticəsində İranla mərkəzi hakimiyyəti ələ aldıqdan sonra atasının Parfiyada qəbul etdiyi zərdüştilik dinini bütün İranda yaymağa cəhd etdi. Ancaq onun bu cəhdi uğursuz alındı: farslar əvvəlki kimi özlərinin əski Zervan tanrısına sitayiş etməkdə davam edirdilər. Yalnız Zərdüştün davamçıları olan parfiyalıların (İranda onlar “pati” və ya “əşkaniyan” adlandırırdılar) İranda beş əsr davam etmiş hakimiyyəti dövründə (e.ə.250 - b.e.226-cı illər) iranlılar zərdüştilik dinini və onun bayramlarını qəbul etdilər. Bu zamana qədər isə farsların zərdüştilik dinini qəbul edib, onun bayramlarını keçirmələrinə dair heç bir tarixi sənəd, tarixi məlumat yoxdur.

Zərdüştün təlimində öz turanlı həmvətənlilərini qəzəbləndirən başlıca məsələ bundan ibarət idi ki, o, turanlıların öz ulu əcdadı və müharibə tanrısı hesab etdikləri Turu (Daha qədim mənbələrdə “Tura” adlanır) müdrik və mehriban Ahura Məzda ilə əvəz etmək istəyirdi. Tur isə turanlıların törəniş mifinin əsasında dayanırdı (Turan dilində həm vəhşi buğaya, həm də iribuynuzlu dağ keçisinə “tur” deyilirdi). Zərdüştün təlimində isə Tur insanların yox, heyvanların əcdadı hesab edilirdi. Totemik əcdaddan, yəni vəhşi buğadan (və ya dağ keçisindən) tanrı statusuna qədər uzun bir yol keçmiş Turun şərəfinə Turanda hər il bayramlar keçirilirdi və Turan təqvimində ilin ilk ayı da onun şərəfinə Tura və yaxud Turan ayı adlandırılırdı. Vaxtilə Turan ərazisində yaşamış şorsların və evenklərin milli təqvimində ilin ilk ayı indi də Turan adlanır. Etnoqraf A.A.Volkovanın qeyd etdiyi kimi, qədim turanlıların yarımtürkləşmiş varislərindən olan çuvaşların bayramları sırasında “günəşə, Tura tanrısına və əcdadlara qurbankəsmə bayramı xüsusi yer tutur. Bu bayram mart ayında keçirilir və bir neçə gün davam edir. XVIII əsrdə xristian dinini qəbul edənə qədər çuvaşlar oda, suya, günəşə, torpağa sitayiş edir və baş tanrı Silt Tura başda olmaqla xeyir allahlarına və ruhlarına inanırdılar”.

Göründüyü kimi, bu məlumatda Tura tanrısının adı Ahura Məzda ilə əvəz edilərsə, məlumat zərdüştilik inancları ilə eyniyyət təşkil edəcəkdir. Kult sistemi baxımından da turanlıların dövlət kultu ilə zərdüştilik kultu uyğun idi və hər iki kult solyar mif tipinə aiddir. Başqa sözlə, hər iki təlimdə başlıca personajlar od və günəş idi. Hər iki təlimin əsas bayramları bu və ya digər formada günəş tsklinin fazaları ilə bağlı idi. Həm də hər iki sistemdə yazda və payızda baş verən gecə-gündüz bərabərliyi yayda və qışda baş verən gündönümü hadisəsindən daha mühüm hesab edilirdi. Turanlıların törəniş mifinə əsasən Tura tanrısı əvvəlcə bir mirvari dənəsi və yeddi məleykə yaratmışdır. Şər qüvvələrin təsiri ilə mirvari dənəsinin parçalanmasından kainatdakı bütün cismlər – ulduzlar və planetlər yaranmışdır. Bunların içərisində ən mühümləri isə Günəş və Yer idi. Tura tanrısı məleykələrə Günəşin hərarətindən istifadə etməklə, Yerdə canlı həyat yaratmağı tapşırır. Onlardan da hər biri Yer üzündə həyat üçün lazım olan bir ünsür yaradıb, onu bəsləmək və qorumaqla bu tapşırığı yerinə yetirməyə başlayırlar. Zərdüştilik təlimində isə Yer üzündə canlı həyatın yaranması üçün zəruri olan bütün ünsürlər Ahura Məzdanın özü tərəfindən yaradılmışdır.

Turan bayramlar sistemi elmə tam dəqiqliyi ilə məlum deyildir. Ancaq zərdüştilik təlimində yeddi mühüm bayram var idi ki, bunların da hamısı zərdüştilik dünya modelinin tərkib hissələri ilə bağlı idi. Ümumiyyətlə, zərdüştilik təlimində yeddi rəqəmi müstəsna bir rol oynayırdı. Bu, onunla izah edilir ki, dünyanın əmələ gəlməsi barədə zərdüştilik təliminə əsasən baş tanrı Ahura Məzda dünyanı yeddi ünsürdən və ya obyektdən ibarət yaratmış və bunların da hər biri yeddi “ölməz tanrı”nın, yəni Ahura Məzda və onun altı yaxın köməkçisindən birinin himayəsi altındadır. Hər birinin törəndiyi gün ayrıca bayram edilən bu ünsürlər aşağıdakı ardıcıllıq əsasında yaradılmışlar: əvvəlcə bütün digər ünsürləri öz əhatəsinə alan və yumurta qabığı formasında olan asiman; sonra qabığın aşağı hissəsini dolduran su; sonra suyun üzərində üzən hamar yer (torpaq); yerin üzərində yeganə bir bitki, bir buğa və Ahura Məzdanın özünün himayə etdiyi ilk insan – Kəye Mərtən (“ölümlü həyat” deməkdir) və nəhayət, sonda Günəşin və başqa göy cisimlərinin simasında görünən, həmçinin gözə görünməyən həyat enerjisi şəklində mövcud olan od (atəş). Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda dayanırdı və Günəş də hərəkətsiz halda asimanın ortasında dayanmışdı.

Ancaq sonra şər, pislik tanrısı Əhrimən onların üzərinə hücum edib asimanı yardı, suyu bulandırdı, yerin hamar səthini kələ-kötür etdi, bitkini susuz qoyub qurutdu, buğanı və insanı öldürdü, odu tüstüyə yoluxdurdu və nəticədə, dünyanı qaranlığa qərq etdi. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirdi: Günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, sular axmağa başladı, bitki, buğa və insan canlandı. Bitkinin toxumlarından bütün başqa bitkilər, buğanınkından başqa heyvanlar, ilk insandan isə əks cinslərə mənsub bir cüt insan törəndi. Yağış yağandan sonra yığılan sular dünyanı yeddi hissəyə böldü ki, onun da mərkəzində Vorukaşa dənizi və Berizayte dağı dayanırdı.

Beləliklə, zərdüştilik bayramları təbiət ünsürlərinin və ya obyektlərinin Ahura Məzda tərəfindən yaradıldığı günləri ehtiva edir və hər bir bayram azı beş gün təntənə ilə davam edirdi. Ancaq odun yaranması şərəfinə baharda gecə ilə gündüzün bərabərləşdiyi gündə keçirilən Novruz bayramı hələ o dövrlərdə də daha təntənəli surətdə qeyd edilirdi. Yalnız payızda gecə ilə gündüzün bərabərləşdiyi gün keçirilən Mitraqan bayramı öz təmtərağı və əzəməti ilə Novruza yaxın idi. Ahura Məzdanın yaxın köməkçilərindən Spendarmad tanrısının himayəsi altında olan bu bayram “Kiçik Avesta”da həmçinin Paitişaxiya, yəni “taxıl biçini” adlanırdı və altıncı ayın 30-cu günü yerin (torpağın) yaranması simvolu kimi qeyd edilirdi. Novruzun (od bayramının) himayəçisi isə Ardvarişt tanrısı idi. Bunu da qeyd etmək lazımdır ki, qədim dövrdə yeni ilin ilk günü Novruz yox, Ahura Məzda bayramı adlanırdı. Sasanilər dövründə (III-VII əsrlərdə) “Ahura Məzda” adı artıq “Hörmüz” formasında tələffüz edilirdi. İki sözdən ibarət mürəkkəb tanrı adlarının müəyyən müddətdən sonra xalq dilində substantivləşərək bir sözə çevrilməsi adi haldır. Məsələn, hunların baş tanrısının adı “Tanq uri”, yəni “Şəfəq oğlu” idi. Artıq orta əsrlərdə bu mürəkkəb ad “Tenqri” forması almış, hal-hazırda isə “Tanrı” kimi tələffüz edilir. İslamın qəbulundan sonra isə ərəblərin qadağan etdikləri Hörmüz adını səs tərkibi baxımından ona uyğun səslənən “Novruz”, yəni “Yeni gün” adı ilə əvəz etmək zərurəti yarandı. Ümumiyyətlə, Zərdüştilik təqvimində hər biri 30 gündən ibarət olan 12 ayın hər birinin birinci günü Ahura Məzda, Sasanilər dövründə isə (226-642-ci illər) Hörmüzd günü adlanırdı. İlin sonunda bu təqvimə daha 5 gün əlavə edilirdi.

Zərdüştilikdə təntənəli surətdə qeyd edilən qalan beş bayram isə aşağıdakılardır: Maidyoy-zaremaya və ya “yaşıllaşmanın ortası” bayramı ikinci ayın on beşinci günü, yəni Novruzdan 45 gün sonra asimanın yaradılması şərəfinə keçirilirdi. Bu bayramın himayəçisi Şəhrivər idi.

Dördüncü ayın on beşinci günü suyun yaradılması şərəfinə Maidyoy-şema və ya “yayın ortası”, “yay gündönümü” bayramı qeyd edilirdi. Bu bayramın müdafiəçisi Xordad tanrısı idi.

Ayatrima və ya “evə qayıtma”, yəni mal-heyvanın yay otlaqlarından qayıtması bayramı Əmurdadın himayəsi altında idi. Bitkilərin yaranması şərəfinə keçirilən bu bayram yeddinci ayın otuzuncu günü qeyd edilirdi.

Maidyairya və ya “ilin ortası” adlanan bayram qış gündönümünə təsadüf edirdi. Bayram Bəhmənin himayəsi altında onuncu ayın iyirminci günü, yəni özündən əvvəlki bayramdan səksən gün sonra mal-qaranın yaranması simvolu kimi qeyd edilirdi.

Nəhayət, Fravaşi və ya “müqəddəs ruh”, başqa sözlə, insanın yaradılması və ona ruh verilməsi şərəfinə keçirilən bayram özündən əvvəlki bayramdan yetmiş beş gün sonra ilin sonuncu günü qeyd edilirdi. Hal-hazırda “İlaxır çərşənbəsi” adlandırılan bu bayramın himayəçisi Ahura Məzda özü idi. İlaxır gecəsinin səhərisi isə yeni ilin ilk günü sayılan və Günəşin timsalında odun yaradılması və onun şər qüvvələrin əsarətindən azad olunmasını simvolizə edən Ahura Məzda bayramı, yəni Novruz gəlirdi. Ahura Məzda bayramının yeni ilin ilk günü hesab edilməsinin səbəbi isə onunla bağlı idi ki, Günəşin yaradılması ilə yeddi ünsürdən ibarət dünyanın yaranışı başa çatırdı və bununla da Ahura Məzda tərəfindən yaradılmış vahid dünyanın və ya dünya tarixinin ilk günü başlanırdı.

Beləliklə, Fravaşi və Ahura Məzda bayramları birləşərək, reallıqda bir bayrama çevrilirdi. Başqa bayramlarla müqayisədə Novruzun daha təmtəraqlı və möhtəşəm görünməsinin səbəblərindən biri də bu idi. Zərdüştilik təlimi unudulduqdan sonra isə İlaxır bayramı Novruza hazırlığın bir ünsürü, ona hazırlıq mərhələlərindən biri kimi başa düşülürdü. Halbuki onlar müxtəlif ünsürlərin yaranışını simvolizə edən ayrı-ayrı bayramlardır. İlaxırdan əvvəlki çərşənbə günləri qeyd edilən ünsürlər isə (asiman, su, torpaq, bitki və heyvan) il ərzində ayrı-ayrı aylarda keçirilmiş müvafiq bayramların hər çərşənbə günü birinin simvolik şəkildə yenidən təkrarından ibarətdir. Bu onunla bağlı idi ki, bir çox xalqlarda olduğu kimi, turanlıların da mifoloji ənənələrində bayrama mifik keçmişdə, yəni ilkin başlanğıcda baş vermiş hansısa törəniş hadisəsinin, məsələn, insanın yaranmasının, indiki zamanda yenidən canlanması, yenidən baş verməsi kimi baxılırdı. Yeni ilin başlanması keçmişdə yaranmışların sanki yenidən yaranmasını, dünyanın yaradıldığı ilkin zamanın yenidən bərpasını, yenidən canlanmasını nəzərdə tuturdu. Zərdüştün təlimində də yeni ilin ilk günü, yəni Novruz, xüsusilə də Novruzdan əvvəlki gecə müqəddəs zaman sayılırdı. Belə hesab edilirdi ki, İlaxır gecəsi iki dünya, yəni bu dünya və axirət dünyası bir-birinə o qədər yaxınlaşır ki, onları bir-birindən yalnız nazik bir pərdə ayırır. Buna görə də ölmüş, yəni o biri dünyaya köçmüş adamların ruhu bu gecə həmin nazik pərdəni aradan qaldıraraq, bu dünyadakı öz evlərinə, bu dünyada yaşayan qohumlarının yanına gəlirlər. İranda “çəharşənbə-suri” adlanan bu bayram (İlaxır bayramı) indi də daha çox “Ölülər bayramı” kimi tanınır.

Qədim dövrdə İlaxır bayramı, yəni əcdadların ruhu şərəfinə keçirilən bayram bilavasitə Novruzdan əvvəlki gecə, yəni ilin axırıncı gecəsi qeyd edilirdi və həmin gecənin səhərisi yeni ilin ilk günü olan Novruz gəlirdi. Ancaq ərəb istilasından sonra tətbiq edilən ay (qəməri) təqviminə əsasən gecə ilə gündüzün bərabərləşdiyi günü dəqiq təyin etmək çətin idi. Bu səbəbdən də ay təqvimi ilə təbiət hadisələri arasındakı uyğunsuzluqlar ciddi anlaşılmazlıqlar törədirdi. Belə vəziyyət XI əsrədək davam edirdi. XI əsrdə səlcuq sultanı Məlik-şah belə uyğunsuzluqları aradan qaldırmaq üçün məşhur şair və astronom Ömər Xəyyam başda olmaqla görkəmli astronomlardan və riyaziyyatçılardan ibarət bir komissiya təşkil etdi. Bu komissiya dünyada ən dəqiq təqvimlərdən birini düzəldərək, baharda gecə ilə gündüzün bərabərləşdiyi günü 1 fərvərdin, Qriqorian təqvimi ilə 14-15 mart tarixinə təyin etdi. O zaman üçün bu tarix düzgün idi. Müasir dövrdə isə 1 fərvərdin tarixi Qriqorian təqvimi ilə 21-22 mart tarixinə düşür.

Sözsüz ki, Novruzun heç də bütün mərasimləri bizim günlərədək gəlib çatmamışdır. Həmçinin hal-hazırda qeyd edilən bəzi mərasimlərin qədim mənaları da unudulmuşdur. Buna misal olaraq İlaxır bayramına hazırlıq işlərini və ya indiki zamanda uşaqların öz qonşularının qapısına torba atması hadisəsini göstərmək olar. Artıq deyildiyi kimi, qədim turanlıların düşüncəsinə görə vəfat etmiş insanların ruhları həmin gecə öz evlərinə qayıdır. Buna görə də hələ bayram günündən xeyli müddət əvvəl ruhları yaxşı qarşılamaq üçün hazırlıq işləri başlanırdı: evlər, həyətlər təmizlənir, səliqə-səhmana salınırdı ki, ruhlar hər şeyin yaxşı olduğunu görüb, razı qalsınlar. Bayram günü əcdadların ruhunu qonaq etmək üçün çoxlu quru meyvələr tədarük edilir, külçə və şirniyyatlar hazırlanır, mal-heyvan kəsilirdi. Süfrəyə heyvanlardan alınan yeddi növ məhsulla yanaşı yeddi taxıl növü və yeddi ağacın meyvəsi və ya budaqları qoyulurdu. Qaranlıq düşəndən sonra şənliklər başlanırdı. Şəxsiyyətləri son dərəcə məxfi saxlanılan, keçi və ya inək dərisindən paltar geyinmiş, başına buynuzlu maska taxmış kahinlər evləri gəzərək, ruhların əvəzindən evlərdəki ocağın üzərindəki bacalardan torba sallayırdılar. Şər qüvvələri təmsil edən keçəl isə ağzından od püskürərək onlara mane olmağa və ya topladıqları ərzaq məhsullarını onlardan almağa çalışırdı. Ev sahibləri hazırladıqları yeməklərdən torbalara doldurduqdan sonra torbanın ipini tərpətməklə “ruhlara” torbanı yuxarı çəkmək işarəsi verirdilər. Bəzən ruhlar da öz torbalarında kasıb ailələrə sovqat verirdilər. Ruhlara xoş gəlsin deyə, bayram axşamı hamı xoş sözlər danışmalı, küsüşənlər barışmalı idi. Səhərisi gün isə hamı qəbir üstünə güdib bir daha öz yaxınlarının ruhunu ziyarət etməli idi. Bu zaman yenə qəbir üstünə müxtəlif şirniyyat məhsulları qoyulurdu.

Axşam evlərin damında və başqa hündür yerlərdə od qalamaqla, göyə yanar məşəl atmaqla isə insanlar ilk növbədə günəşə kömək etmək istəyirdilər ki, o, şər qüvvələrin, o cümlədən qışın əsarətindən qurtulub, Novruz günü işıq saçsın ki, ondan yeni od tutmaq mümkün olsun. Bundan əlavə, damların üstündə tonqal qalayıb, onun üstündən tullanmaqla insanlar həmçinin düşünürdülər ki, bununla onlar ruhlara öz evlərini və yaxınlarını tez tapmaqda kömək edə bilərlər. Od, ocaq həmçinin evi və ailəni şər qüvvələrdən qoruyan mühüm amillər hesab edilirdi. Ancaq onları da təzələmək lazım idi. Buna görə də Novruz günü səhər bütün ocaqlar söndürülürdü ki, kahinlər günəş şüalarından yeni müqəddəs od tutub, sonra ocaqları yenidən yandırsınlar. Bu zaman ocaqlardakı odu söndürmək üçün onların üstünə su səpəndə insanlar öz evlərinə, həyətlərinə və hətta bir-birinin üstünə də su səpirdilər ki, yeni ocaq yandırılana qədər su onları şər qüvvələrdən qorusun, çünki su aydınlıq, təmizlik və xoşbəxtlik rəmzi hesab edilirdi. İlaxır axşamı yandırılan tonqallar isə köhnə odun sonuncusu olduğuna görə insanlar onun üstündən tullanmaqla öz xəstəliklərini də od vasitəsilə sağaltmaq istəyirdilər. Çünki belə hesab edilirdi ki, od xəstəliklərdən və şər qüvvələrin digər təsirlərindən təmizləmə xüsusiyyətlərinə malikdir. Mərasimlər zamanı icra edilən oyunlardakı keçəl şər qüvvələrin, qışın təmsilçisi, kosa (koza) və ya keçi mal-qaranın, səməni bitkilərin, qırmızı və ya mavi rəngə boyanmış yumurta isə asimanın simvolu idi. Həmçinin Novruz bayramı günləri kütləvi gəzintilər, qonaqlıqlar təşkil edilir, sakinlər at çapmaqda və başqa yarışlarda iştirak edirdilər.

Novruz mərasimlərnin qədim dövlərdə necə qeyd edilməsinə dair mənbələrdə verilən məlumatlar daha çox sasanilər dövrünə aiddir. Əbu-Reyhan Biruninin məlumatına əsasən Novruzun birinci gününü şah sadə əhali ilə keçirir, onlara hörmət göstərir və hədiyyələr verirdi. İkinci günü şah iri torpaq sahibləri və digər varlı adamlarla, üçüncü günü hərbiçilərlə və yüksək rütbəli kahinlərlə görüşür, dördüncü günü öz ailəsinə və yaxın qohumlarına, beşinci günü isə öz oğlanlarına və müştərilərinə həsr edirdi. Bu beş gün Kiçik Novruz adlanırdı. Altıncı gündən Böyük Novruz başlanırdı və bundan sonra şah özü və öz yaxın adamları üçün Novruz mərasimləri düzəldirdi. Bu məclislər zamanı şahı təbrik edirdilər və ona hədiyyələr verirdilər. On üçüncü gün isə şəhər ətrafında gəzintilər təşkil edilirdi. Böyük Novruz günlərində həmçinin günahkarlar bağışlanır və həbsxanada olanlar əfv edilirdilər.

Sasanilər dövründə İlaxır bayramı hökmən ilin sonuncu şənbə gününün axşamı, bundan əvvəlki rəmzi bayramlar icə çərşənbə günləri qeyd edilirdi. İndi də bir çox xalqlar, o cümlədən tabasaranlılar İlaxır bayramını şənbə günü keçirirlər. Ərəb tarixçisi Cahizin yazdığına görə, Xosrov Pərviz bayramın şənbə gününə düşdyünü əsas gətirərək, hər il yəhudi tacirlərinin başçısından dörd min dinar pul istəyirdi. Yəhudilər soruşanda ki, “axı nəyə görə sizin bayramın bizim istirahət gününə düşməsinə görə biz pul verməliyik”, şah əsaslı bir cavab tapmayaraq deyirdi ki, “şənbə gününə düşürsə, deməli verməlisiniz”. Əgər Xosrov bilsəydi ki, “Novruz”la bağlı oxşar hadisə, hətta ondan da pisi nə vaxtsa iranlıların öz başına gələcəkdir, yəqin ki, o belə hərəkət etməzdi. Ərəb işğalına qədər Hörmüz tanrısının adını daşıyan bu bayram, artıq deyildiyi kimi, islamın İranda qəbulundan sonra ərəblər tərəfindən qəti qadağan edildi. Əməvilər dövründə bayramın büsbütün aradan çıxmaq təhlükəsi yaranmışdı. Farsların, azərbaycanlıların, kürdlərin və bu bayramı keçirən digər xalqların nümayəndələri çoxlu pul, zinət əşyaları, bahalı xalça və paltarlar toplayıb, xəlifə Müaviyənin (661-680) sarayına apardılar. Onlar xəlifəyə belə izah etdilər ki, “bu bayram Hörmüz yox, Novruz (Yeni gün) adlanır və sadəcə təqvim bayramıdır. Və bu bayramın belə bir ənənəsi var ki, bayram günü xalq öz rəhbərinə hədiyyə verməlidir”. Bahalı hədiyyələrdən vəcdə gələn xəlifə bildirir ki, bu yaxşı bayramdır və onu davam etdirmək olar. Müaviyyənin zamanında Novruzun bayram edilməsinə görə hər il alınan “hədiyyələrin” pul hesabı ilə dəyəri 5-10 milyon dirhəm təşkil edirdi.

Pula və zinət əşyalarına son dərəcə həris olan Həccac ibni-Yusifin (661-713) hakimiyyəti dövründə Novruza görə alınan hədiyyələrin miqdarı bir neçə dəfə artırılmışdı ki, bu da əhalinin yaşayışına mənfi təsir edirdi. Hətta əyalət məmurları da bayrama icazə vermək üçün hədiyyə tələb edirdilər. “Hədiyyə almaq” qaydaları o qədər rəsmiləşdirilmişdir ki, bu, artıq cezye (kafirlərin müsəlmanlara ödədikləri vergi) səciyyəsi almışdı. Təsadüfi deyildir ki, əməvi şairi Cərir öz şeirlərindən birində yazırdı: “Bu yalançı xaçpərəst keşiş məni çox təəccübləndirir: hər dəfə Novruz gələndə onun qəbiləsi öz istəyinin əksinə olaraq müsəlmanlara cezye ödədiyi halda o, necə bunu xalq üçün fəxr sayır”. Yalnız nisbətən ədalətli xəlifə olmuş Ömər ibni-Əbdüləzizin hakimiyyəti zamanında (717-720) “hədiyyə toplamaq” mərasimi ləvğ edildi və xalqa hədiyyəsiz də Novruz bayramının keçirilməsinə icazə verildi. İranlıların köməyi ilə hakimiyyətə gəlmiş abbasilər dövründə isə Novruz əleyhinə qoyulmuş bütün məhdudiyyətlər demək olar ki, tamamilə aradan götürülmüşdü. Bu dövrün ərəb şairləri, o cümlədən də Əbu Nəvvas, əl-Mütənəbbi, əl-Böhturi və b. artıq Novruzu vəsf edən qəsidələr yazır və bu qədim bayramı “şəm ün-nəsim” (“nəsim küləyinin ətri”) adlandırırdılar. Əl-Böhturi qəsidələrindən birində hətta Novruz bayramı münasibətilə on altıncı abbasi xəlifəsi Mütəzidi təbrik edərək yazırdı: “Sən Novruzu öz əvvəlki cah-cəlalına qaytarırsan // Halbuki bu yaxınlara qədər Novruz avara və sərgərdan idi”. Məşhur ərəb tarixçisi Müqərrizi isə özünün “Xetət” (“Ərazilər”) adlı əsərində yazırdı ki, “bütün ömrüm ərzində Novruz və Mehreqan bayramlarından gözəl heç nə görməmişəm”. Ancaq bütün bunlara baxmayaraq, yerli müsəlman ruhaniləri həmişə bu bayramı islama zidd və arzuolunmaz hesab etmişlər.

Əbu Reyhan Biruninin (973-1048), Ömər Xəyyamın (1048-1142) və digər orta əsr müəlliflərinin Novruzun mənşəyi və mərasimlərinin mənaları haqqında verdiyi məlumatlardan görünür ki, artıq onların dövründə bu məsələlər barəsində ciddi fikir ayrılıqları mövcud olmuşdur. Biruninin məlumatları həqiqətə daha yaxındır. O, Novruzun mənşəyi ilə bağlı bir sıra rəvayətləri, o cümlədən Cəmşid və Məhəmməd peyğəmbərlə bağlı rəvayətləri öz kitabına daxil etsə də, haqlı olaraq Kəyumərslə, yəni qədim Kəye Mərtənlə (Kəyemərt, Kəyumərs) bağlı rəvayətə üstünlük vermişdir. Həmçinin o, ərəb istilasından əvvəl Novruzun “Hörmüz bayramı” adlandığını qeyd etmiş, Novruzla İlaxır bayramını bir-birindən fərqləndirməsə də, Novruzun dünyanın törənişi, insanın yaranışı və ona ruh verilməsi ilə bağlı olmasını göstərmişdir. “Avesta”da Yima adlanan və mədəni qəhrəman rolunda çıxış edən Cəmşid (əfsanələrə əsasən o, insanlara paltar tikməyi, mədənlərdən mis, qızıl, gümüş çıxarmağı öyrətmiş, dövlətçilik qaydaları yartmışdır və s.) haqqında Biruninin topladığı rəvayətlərdə deyilir: “Bir fars alimi deyir ki, bu günün Novruz adlandırılmasının səbəbi onunla bağlıdır ki, Cəmşid taxta çıxandan sonra maqların dinini bərpa etdi. Bu iş Novruz günündə baş verdiyinə görə onu “yeni gün” adlandırdılar və bayram etdilər, baxmayaraq ki, Cəmşidə qədər də həmin gün təntənəli gün idi.

Novruzun bayram edilməsinin səbəbləri barədə həmçinin deyilir ki, Cəmşid araba düzəltdikdən sonra ilk dəfə bu gün həmin arabaya minmişdir və cinlər, şeytanlar onu hava yolu ilə Dünbəvənd dağlarından Babilistana aparmışlar. Insanlar bu möcüzəni gördükdən sonra həmin günü bayram etmişlər və Cəmşidi təqlid edərək, arabada gəzməyə başlamışlar.

Bəziləri isə deyirlər ki, Cəmşid müxtəlif yerlərə səyahət etməyi xoşlayırdı. Onda Azərbaycana getmək həvəsi yarananda o taxtına oturdu və insanlar onu öz çiyinlərində apardılar. Günəş işığı Cəmşidin üzərinə düşəndə onlar heyrətləndilər, sevindilər və həmim günü bayram etdilər.

Bağdad möbidi Adərbadın dediyinə görə bu ənənənin səbəbi onunla bağlıdır ki, şəkər qamışı Novruz günündə Cəmşidin məmləkətində yetişmişdir. O zamana qədər orada onu tanımırdılar. Cəmşid şəkər qamışının şirəli gövdəsini görüb, bu şirədən daddı. Bu şirədə xoş şirinlik duyduqdan sonra əmr etdi ki, bu şirəni çəkib, ondan şəkər düzəltsinlər. Şəkəri beşinci gün düzəltdilər və insanlar onu xoşbəxtlik rəmzi kimi bir-birinə bağışlamağa başladılar”...

Biruni öz kitabında Novruzla Məhəmməd peyğəmbərin və Süleyman peyğəmbərin əlaqələri barədə də rəvayətləri vermişdir. Novruzun guya imam Əlinin xəlifə seçilməsi günü olmasına dair rəvayətdə olduğu kimi, bu rəvayətlərdə də Novruzu islam dini ilə əlaqələndirməklə müsəlmanların gözündə ona “bəraət qazandırılmasına” cəhdlər edilir. Məsələn, Məhəmməd peyğəmbərlə bağlı rəvayətdə deyilir: Əbd əs-Səməd ibn-Əlinin sözlərinə əsasən Novruz günü Məhəmməd peyğəmbərə içərisində halva olan gümüş kasa hədiyyə edirlər. Peyğəmbər “Bu nədir?” – deyə məlumat istədikdə ona deyirlər: “Novruz münasibətilədir”. Peyğəmbər “Novruz nədir?” – deyə soruşduqda ona cavab verirlər ki, “farslarda böyük bayramdır”. Bu zaman peyğəmbər deyir: “Bəli, bu həmin gündür ki, o gün Allah kütləni canlandırmışdır”. “Bəs kütlə nədir? – deyə ondan sual etdikdə o, cavab verir ki, “bu, onlardır ki, ölümdən qorxaraq, öz yerlərindən kənara getmişdilər. Onlar minlərlə idilər və Allah onlara dedi: “Ölün”. Sonra o, həmin günü onları diriltdi və onların ruhlarını özlərinə qaytardı. O, səmaya əmr etdi və səma onların üstünə su tökdü; buna görə də həmin günü bir-birinin üstünə su atmaq insanlarda adətə çevrildi”. Peyğəmbər kasadakı halvadan yedi və qalanını bölüb, öz əshabələrinə verərək ucadan dedi: “Kaş ki, bizdə hər gün Novruz olaydı”.

Bu məlumatdan da göründüyü kimi, X-XI əsrlərdə Zərdüştilik bayramları sistemi artıq unudulmuşdu və xalq arasında pərəkandə və təhrif olunmuş halda onların ayrı-ayrı “həlqələri”, ünsürləri yaşamaqda idi. Bu “həlqələr” Biruninin əsərində də çox dağınıq və pərakəndə halda səpələnmişdir. Məsələn, o, yazır: “Novruz ilin və dünyanın yaranışının başlanğıc günüdür. Deyirlər ki, Novruz günü Allah – ona eşq olsun – hərəkətdən qalmış göy qübbəsini hərəkət etməyə, yerində dayanıb qalmış göy cisimlərini fırlanmağa məcbur etdi, Günəşi yaratdı... Həmçinin deyirlər ki, bu Allahın bütün mövcudatı yaratdığı ilin ilk günüdür... Bu seçmə gündür, çünki o, Hörmüz adlanır. Hörmüz yerin və göyün yaradıcısı, dünyanın və onun sakinlərinin hamisi, şanlı və böyük Allahın adıdır... Altıncı gün, yəni Xordad günü farslarda Böyük Novruz bayramıdır. Deyirlər ki, dünyadakı mövcudatın yaradılışını Allah bu gün başa çatdırmışdır. Çünki bu gün qeyd edilən altı gündən sonuncusudur... Novruz günləri yemək qablarında yeddi zolaqda yeddi növ dənli bitki toxumu əkirlər. Hansı bitkinin necə böyüməsindən asılı olaraq cari ildə onlardan hansının bol, hansının isə zəif məhsul verəcəyi müəyyənləşdirilirdi”.

Firdovsi də Novruzun mənşəyini Cəmşidlə bağlayarq yazır:

Cəhan əncomən şod bər təxt-e uy,

Foru mande əz fərre bəxt-e uy.

Be Cəmşid bər cohər əfşandənd,

Mər an ruz-ra ruz-e nou xandənd.

(Dünya onun taxtının ətrafına yığışdı,

Onun bəxti nur içində batdı.

Cəmşidin üstünə gövhər səpdilər

Və o günü “yeni gün” alandırdılar.)

Ömər Xəyyam isə özü astronom olduğuna görə bu məsələyə daha çox astronomik baxımdan yanaşmışdır. Belə ki, o, yazır: “Novruzun müəyyən edilməsinin səbəblərinə gəlincə, bu, onunla bağlıdır ki, məlum olduğu kimi, Günəşin iki dövrü vardır. Onlardan biri belədir ki, hər 365 gün və dörddə bir sutkadan bir o, səhər Qoç bürcünün çıxdığı ilk dəqiqələrdə yenidən qayıdır və bu dövr hər il azalır.

Cəmşid bu günü anladığı zaman həmin günü o, Novruz adlandırdı və onu bayram etmək adətini qoydu. Şahlar və başqa insanlar da onun kimi etməyə başladılar. Belə nəql edirlər ki, Birinci Kəyumərs şah olanda o, ilin günlərinə və aylarına ad vermək və tarixin hesabını aparmaq qərarına gəldi ki, insanlar bunu bilsinlər. O, günəşin səhər tezdən Qoç bürcünə daxil olduğu günü müəyyən etdikdən sonra İran möbidlərini topladı və əmr etdi ki, tarix hesabını bu gündən başlasınlar. Möbidlər (baş kahinlər – K.H.) toplandılar və tarix hesabını bu gündən başladılar... İranda və Turanda indiyədək insanlar xeyirxah şahların şərəfinə bu günü hər il bayram edirlər”.

Novruz haqqında mif və əfsanələr yaratmaq ənənəsi bizim dövrümüzdə də davam edir. Buna misal olaraq Novruzun göytürklərin Ergenekon əfsanəsi və ya Xıdır (Xızır) Nəbi, yəni Xıdır peyğəmbər haqqındakı rəvayətlər ilə əlaqələndirilməsinə dair müasir mifləri göstərmək olar. Bəzi tədqiqatlarda yer almış belə mülahizələrin əsassız olmasını göstərmək üçün təkcə bunu demək kifayətdir ki, Ergenekon əfsanəsi b.e. V-VI əsrlərində Altayda baş verən bəzi tarixi hadisələrlə bağlıdır. Novruz isə b.e. xeyli əvvəlki dövrlərin məhsuludur. Xıdır Nəbi haqqındakı rəvayətlər isə bizim folklora “Bibliya”dan islam vasitəsilə daxil olmuşdur. Müsəlman rəvayətlərində Xıdır peyğəmbər İsa, İlyas və İdrislə birlikdə dörd “ölməz”, yəni əbədiyaşar peyğəmbər sırasına aid edilir.

Hal-hazırda Novruz mərasimləri nəinki müxtəlif ölkələrdə, hətta bir ölkənin ayrı-ayrı bölgələrində də fərqli şəkildə qeyd edilir. Belə fərqlər Azərbaycanın ayrı-ayrı rayonlarında da özünü göstərir. Buna baxmayaraq, bayram mərasimlərinin keçirilmə formalarını aşağıdakı şəkildə ümumiləşdirmək olar:

Bayrama hazırlıq işləri təqribən qırx gün əvvəldən başlanır; evlər, həyətlər təmizlənir, ev əşyaları bayıra çıxarılaraq tozdan təmizlənir, paltarlar, xalçalar yuyulur, bayram üçün ərzaq, quru meyvə, çərəz, təzə paltarlar və s. alınır, səməni hazırlamaq üçün xüsusi qablarda buğda və ya arpa dənləri cücərdilir. Eyni zamanda bir ay öncədən çərşənbə günlərinin də hesabı başlanır. Qeyd edilən çərşənbə günlərinin sayı ayrı-ayrı rayonlarda dörddən altıya qədərdir. Xalq arasında ilk çərşənbə gününə “yalançı çərşənbə”, sonrakılara isə “əzəl çərşənbə”, “müjdəçi çərşənbə”, “gül çərşənbəsi”, “kül çərşənbəsi” və nəhayət, “ilaxır çərşənbəsi” deyilir. Bu adların zərdüştilik bayramları ilə müqayisəsindən aydın olur ki, səmanın şərəfinə keçirilən bayramın ilin son ayındakı rəmzi təkrarına, yəni səma çərşənbəsinə hal-hazırda xalq arasında “yalançı çərşənbə”, su çərşənbəsinə “əzəl çərşənbə”, torpaq çərşənbəsinə “müjdəçi çərşənbə”, bitki çərşənbəsinə “gül çərşənbə”, kəl (buğa) çərşənbəsinə “kül çərşənbə”, insanın və onun ruhunun şərəfinə köhnə ilin axırıncı günü keçirilən və səhvən çərşənbə günlərinə qatılmış müstəqil (rəmzi təkrar olmayan) İlaxır bayramına isə “axır çərşənbə” və ya “ilaxır çərşənbəsi” deyilir. Yeni ilin ilk günündə odun (atəşin) şərəfinə keçirilən müstəqil Novruz bayramı isə düzgün olaraq çərşənbə günlərinə mənsub edilmir.

Beləliklə, çərşənbə günlərində rəmzi şəkildə təkrar edilən bayramların düzgün adları və düzgün sıralanması belə olmalıdır: səma çərşənbəsi, su çərşənbəsi, torpaq çrşənbəsi, gül (bitki) çərşənbəsi, kəl (buğa) çərşənbəsi. Bundan sonra köhnə ilin sonuncu günündə İlaxır bayramı, onun səhərisi, yəni yeni ilin ilk günü isə Novruz gəlməlidir. Bir daha qeyd etmək istərdik ki, qədim dövrlərdə İlaxır bayramı da Novruz kimi çərşənbə günlərinə daxil edilmirdi. Çünki ilin sonuncu çərşənbə günlərində yalnız köhnə ilin ayrı-ayrı aylarında artıq qeyd edilmiş beş bayram rəmzi şəkildə yenidən canlandırılırdı. İlaxır və Novruz bayramları isə rəmzi təkrar günü kimi yox, özlərinin əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda – birinci köhnə ilin isfənd adlanan sonuncu ayının 30-da (Qriqorian təqvimi ilə mart ayının 20-də), Novruz isə yeni ilin ilk ayı olan fərvərdinin 1-də (mart ayının 21-də) qeyd edilirdi. Qədim adət-ənənələrə münasibətdə daha mühafizəkar olan kürdlər arasında İlaxır bayramı indi də mart ayının 20-də keçirilir. Görünür, zərdüştilik ayinləri və onlarla birlikdə zərdüştilik bayramlar sistemi tədricən unudulduqdan sonra həm köhnə ilin sonunda təkrar edilən beş rəmzi çərşənbə bayramı, həm də köhnə ilin sonuncu günü ayrıca qeyd edilən İlaxır bayramı Novruza hazırlığın ardıcıl və silsilə həlqələri kimi başa düşüldüyündən İlaxır bayramı da səhvən “çərşənbə günləri” sırasına daxil edilmişdir. Bu səbəbdən də əsrlər boyu Novruzla yanaşı gedən İlaxır bayramı hal-hazırda ondan bir qədər aralanaraq, ondan bir neçə gün əvvəl, yəni sonuncu çərşənbə günü keçirilir. Bu isə bu gözəl bayramların ilkin sisteminin təhrifindən əlavə, hal-hazırda onların keçirilməsində də müəyyən çətinliklər, narahatlıqlar törədir: belə ki, Novruz silsiləsinin ən təntənəli bayram günü olan İlaxır bayramı iş gününə düşür. Ona görə də İlaxır bayramının Novruzla yenidən qoşalaşdırılması nəinki belə çətinlikləri aradan qaldırar, həm də onları daha təntənəli və möhtəşəm göstərməklə, insanlara daha çox sevinc və fərəh bəxş edər. Bundan əlavə, yuxarıda verilən məlumatlardan göründüyü kimi, çərşənbə günlərinin indiki yanlış sıralanmasında və məzmununda da qədim ənənələrə müvafiq düzəlişlər etmək vacibdir. Çünki son onilliklərdə İlaxırdan əvvəlki dörd çərşənbəyə “yel çərşənbəsi”, “su çərşənbəsi”, “od çərşənbəsi”, “torpaq çərşənbəsi” kimi adlar verilmişdir ki, bu da göründüyü kimi, zərdüştilik bayramları sisteminə o qədər də uyğun deyildir. Bu adlar çox güman ki, dünyanın od, su, hava (yel) və torpaq ünsürlərindən ibarət olmasına dair qədim yunan fəlsəfi sistemindən götürülüb, süni surətdə Novruza mənsub edilmişdir. Çərşənbə günlərinə belə adlar verilməsinin səbəbi isə yəqin ki, Novruzun yuxarıda şərh edilən qədim sisteminin indiyədək məlum olmaması ilə bağlıdır. Bu çərşənbələr əsasən hava qaralarkən yandırılan tonqallar vasitəsilə qeyd edilir. Həmçinin uşaqlar və gənclər yumurta döyüşdürür və göyə yanan məşəllər atırlar. Ancaq bu sistemdə də ən təntənəli bayram günü məhz İlaxır çərşənbəsidir.

İlaxır günü səhər tezdən hər bir ailədə axşam vaxtı açılacaq bayram süfrəsinə hazırlıq başlanır. Bir neçə növ xörək hazırlansa da, İlaxır bayramının məcburi atributlarından biri plovrud. Hər bir ailədə süfrədə hökmən plov olmalıdır. Bundan əlavə süfrəyə dadlı şirniyyatlar, halva, paxlava, şəkərbura, qoğal, qırmızı və ya göy rəngə boyanmış yumurta, müxtəlif meyvə və giləmeyvə quruları, həmçinin təzə meyvələr, ət, süd məhsulları və hökmən səməni qoyulur. Ən qədim dövrlərdə şərab da bayram süfrəsinin məcburi atributlarından idi, islamın qəbulundan sonra isə o, daha məcburi sayılmırdı; onun əvəzinə müxtəlif meyvə şirələri və şərbətlər qoyula bilərdi. Süfrəyə “həft sin”, yəni “s” səsi ilə başlanan yeddi nemət qoymaq ənənəsi də yaşamaqdadır. Bu ənənənə Cənubi Azərbaycanda xüsusilə geniş yayılmışdır. Məsələn, Ərdəbildə həft sin kimi süfrəyə sirkə, sarımsaq, səbzi (reyhan, keşniş və s.), sumaq, sikkə pul, saat və su qoyurlar. Əslində isə qədimdə süfrəyə Ahura Məzdanın yaratdığı yeddi ünsürün simasını, əlamətlərini bildirən şeylər qoyulurdu. Görünür, islam ruhanilərinin təzyiqlərindən qorunmaq üçün buna o zamanlar “həft sin” adı verilmiş, sonra isə bu ənənənin ilkin mənası unudulmuşdur. Halbuki “sin” ərəb əlifbasında “se” hərfinin adıdır və şübhəsiz ki, Novruz ənənələrinə də bu ad ərəb işğalından sonra daxil edilmişdir.

Bayram süfrəsinin hazırlanmasında uşaqların köməyin­dən də istifadə edilir. Bundan əlavə uşaqlar tonqal qalamaq üçün odun, göyə atmaq üçün fişəng, qapılardan hədiyyə yığar­kən tanınmamaq üçün maska və s. vəsaitlər də hazırlayırlar.

Qaranlıq düşəndə hər bir həyətdə, bəzən isə damların üstündə və digər hündür yerlərdə tonqallar qalanır, göyə fişənglər atılır. Uşaqlar və hətta yaşlı adamlar da tonqalların üstündən tullanaraq, öz xəstəliklərini və digər azarlarını od vasitəsilə təmizləmək, sağaltmaq məqsədilə “Ağırlığım-buğurluğum, tökül bu odun üstünə” sözlərini deyirlər. Hər həyətdə qalanan tonqallardan əlavə, meydanlarda məhəllə və ya bütün kənd səviyyəli daha böyük tonqallar da yandırılır. Bu zaman üzünə maska çəkmiş və keçi dərisindən kükr geyinmiş, quyruq taxmış və şişman papaq qoymuş Kosa ilə Keçəl də meydana çıxıb, öz məzəli hərəkətləri ilə tamaşaçıları şənləndirirlər. Qədim zamanlar sokral səciyyə daşıyan “Keçi və Kosa” mərasimi indi artıq folklorlaşaraq, insanları əyləndirmək üçün bir məzhəkə tamaşasına çevrilmişdir. Buna baxmayaraq qədim saka və ya Turan dilində “keçi” mənasını bildirən “kosa” sözü bizim zəmanəmizədək məhz bu mərasim vasitəsilə gəlib çatmışdır. İranda bu personajın bənzəri “Hacı Firuz” adlanır. Adındakı “hacı” sözündən də göründüyü kimi, bu obraz daha sonrakı dövrlərin məhsuludur. Azərbaycanın xalq şairi Səməd Vurğun bu parlaq mərasimi özünəməxsus rəvan dillə və yüksək pafosla belə tərənnüm edir:

Baxın, hər qapıda bir tonqal yanır,

Uşaqlar tullanır od-alov üstdən;

Göyə şölə düşür, yer işıqlanır,

Od da yandırmayır heç kəsi qəsdən.

Od da mehribandır bu gün insana,

Elə bil odun da ürəyi vardır.

Elə bil onun da qəlbində yanan

Müqəddəs əməllər, xoş arzulardır.

Kosanın başında bir keçə papaq,

Zınqrov da asıb lap kəlləsindən.

Onun çıxardığı oyunlara bax,

Nə üzdən tanınır, nə də səsindən.

Bəzən o mələyir qoyunsayağı,

Gah da bir at olub, kişnəyir kosa;

Yüz qapıya dəyir onun ayağı,

Yüz evdən pay alır o heç olmazsa.

Bəzənib-düzənib gəlinlər, qızlar,

Xına da qoyurlar öz əllərinə.

Gecələr göz vurur göydə ulduzlar

Bizim kənd elinin gözəllərinə...

Tonqal başında şənləndikdən sonra hamı evlərinə gedib, zəngin yeməklərlə və rəngarəng simvolik əşyalarla bəzədilmiş süfrə arxasında əyləşirlər. Bu gecə hamı bir-birinə xoş sözlər deməli, bir-birilə xoş rəftar etməli, heç kəs heç kəsin künlünə dəyməməlidir. Bundan əlavə, qədim inanclara görə İlaxır axşamı deyilən sözlər magik təsirə malikdir. Buna görə də həmin axşam insanlar, xüsusilə də gənc qadınlar növbəti il üçün öz niyyətlərini sınamaq məqsədilə qonşuların qapı və ya pəncərəsindən gizlincə evdə deyilən sözlərə qulaq asırlar. Əgər niyyət edən adamın eşitdiyi ilk cümlə onun ürəyində tutduğu niyyətə, arzuya uyğundursa, onda belə hesab edilir ki, növbəti ildə onun niyyəti həyata keçəcəkdir.

Bayram axşamı qədim kahinlərin əvəzinə indi uşaqlar öz qonşularının qapısı ağzına torba qoyub, qapını döyürlər. Ev sahibi qapını açıb, torbanı götürüb, onun içərisinə şirniyyat və meyvə yığıb, əvvəlki yerinə qoyur. Bununla da uşaqlar özlərinə hədiyyə qazanırlar.

İlaxır axşamının səhəri günü tezdən insanlar axar su üstünə, yəni yaxınlıqdakı çay və ya arx kənarına gəlib, suyun üstündən tullanmaqla öz xəstəliklərini suya tökmək etiqadına da inanırdılar. Son zamanlaradək kənd yerlərində mal-heyvanı da həmin günü su kənarına gətirirdilər. Səhər və ya nahar yeməyindən sonra isə vəfat etmiş yaxınlarının qəbirlərini ziyarət etmək üçün qəbristanlığa yollanırdılar. Son illərə qədər qəbir üstünə də halva və digər şirniyyat məhsulları qoyurdular. Qədim zamanlarda bu yeməklər ruhlar üçün nəzərdə tutulurdu.

İlaxır günündən sonra Novruz bayramı gəlir. Çox təntənəli və parlaq keçən İlaxır bayramı ilə müqayisədə Novruz bayramı sakit və təmkinli bir şəraitdə qeyd edilir. Novruz süfrəsində də bayram xörəkləri və şirniyyat mühüm yer tutur. Novruzun səhərisi günü insanlar bir-birinin görüşünə gedib, hədiyyələr verir və bir-birini təbrik edirlər. Yaşlı və xəstə adamları ziyarət etmək xüsusilə vacib sayılır. Novruz günləri insanlar yaxın adamları ilə gəzintiyə çıxır, müxtəlif idman yarışları keçirir, uşaqlar maraqlı oyunlar oynayırlar. Bəzən toy mərasimlərini də Novruz günlərinə saxlayırlar. Belə hesab edilir ki, Novruz günlərində təməli qoyulan ailə möhkəm olacaqdır. Hələ qədimdən gələn ənənəyə əsasən Novruz bayramı, Novruz əhval-ruhiyyəsi beş gündən on beş günədək davam edə bilər. Azərbaycanın bəzi bölgələrində deyilir ki, “Novruzun birinci günü sultandır, ikinci günü yazdandır, üçüncüsü yaydan, dördüncüsü payızdan, beşinci gün isə qışdandır”. Hər gün bir fəslin adı ilə əlaqələndirilir və belə hesab edilir ki, həmin gün hava necə keçmişsə (isti, soyuq, günəşli və ya yağmurlu) həmin ilin müvafiq fəsli də elə keçəcəkdir.

Novruz sevinc və xeyirxah işlər bayramı olduğu kimi, həm də təbiətin oyanmasını, əkinçilik işlərinin başlanmasını bildirən bir bayramdır. Ona görə də bayram günləri tədricən bahar fəslinin gərgin iş rejimi ilə əvəz olunur. Ancaq, Novruz haqqında deyilən qədim rəvayətə əsasən insanlar düşünürlər ki, “Novruz bayramını şən keçirən adamlar növbəti Novruza qədər də sevinc və şadlıq içərisində yaşayacaqlar”.

XS
SM
MD
LG