Accessibility links

Kamil Səlimov: Üsama Bin Ladenin məhvi Amerikanın böyük uğurudur


Kamil Səlimov: Üsama Bin Ladenin məhvi Amerikanın böyük uğurudur

Kamil Səlimov: Üsama Bin Ladenin məhvi Amerikanın böyük uğurudur

Üsama Bin Laden Əfqanıstandan başlayaraq Azərbaycan ərazisi də daxil olmaqla Rusiyanın Tatarıstan Respublikasınadək böyük ərazidə islam dövləti yaratmaq istəyirdi. Bu səbəbdən onun fəaliyyəti Amerika ilə yanaşı, Azərbaycan, Rusiya və dünyanın onlarla digər dövlətinə qarşı idi. Ərəb inqilabları avtoritarizmin iç üzünü yırtdı və islamın terrorla əlaqəsi olmadığını sübut etdi.

Bakı Dövlət Universitetinin kriminalistika kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimov Amerikanın Səsi radiosuna müsahibəsində Üsama Bin Ladenin öldürülməsinin dünyada terrorçuluğa təsirləri, avtoritar rejimlərin siyasəti, Qafqaz regionunda terrorun səbəbləri barədə danışıb.

Sual: Üsama Bin Ladeinin öldürülməsi dünyada terrorizmə hansı təsirləri göstərəcək?

Cavab: Dünyanın bir nömrəli terrorçusunun fiziki məhvi Amerikanın böyük uğurudur. Amerika və digər dövlətlərin apardığı əməliyyatlar nəhayət ki, nəticə verdi. Kəşfiyyat orqanları Üsama Bin Laden barədə operativ məlumatlar toplamaq üçün 40 milyard dollardan çox vəsait xərcləyirdi. Bunun üçün 16 kəşfiyyat orqanı məşğul idi. Bununla yanaşı, 160 ölkə terrorizmə qarşı mübarizə məqsədi ilə xüsusi bir koalisiya yaradıb. Tarixdə indiyədək hər hansı qüvvəyə qarşı təşkilati cəhətdən bu qədər böyük güc işlənməyib.

Eyni zamanda, Üsama Bin Laden yalnız Amerikaya qarşı deyildi. O, Əfqanıstandan başlayaraq Azərbaycan ərazisi də daxil olmaqla Rusiyanın Tatarıstan Respublikasınadək böyük ərazidə islam dövləti yaratmaq istəyirdi. Bu səbəbdən Üsama Bin Ladenin fəaliyyəti Amerika ilə yanaşı, Azərbaycan, Rusiya və dünyanın onlarla digər dövlətinə qarşı idi.

Üsama Bin Ladenin öldürülməsinin terrora təsirlərindən danışarkən demək lazımdır ki, Amerika Dövlət Departamentinin siyahısında səksəndən çox terror təşkilatı var. Əl Qaidə bu təşkilatlardan biridir. Lakin, Əl Qaidə üzvlərinin sayına, maliyyə cəhətdən təminatına, terrorun həyata keçirilməsində roluna görə bir nömrəli təşkilatdır.

Sual: Üsama Bin Ladenin öldürülməsi dünyada avtoritar rejimlərə münasibətin dəyişməsindən sonra baş verdi. Amerika artıq avtoritar liderlərə deyil, xalqlara istinad edir.

Cavab: Adətən avtoritar rejimlərdə, insanların sosial cəhətdən zəif olduğu yerlərdə terror aktları aktual olur. 2001-ci il 10 sentyabr terror aktından sonra, Amerika dəfələrlə bəyan edib ki, terrorizmin səbəblərindən biri demokratiyanın olmaması ilə bağlıdır. Lakin, alimlər, jurnalistlər, terrora qarşı mübarizə aparan hərbiçilər əsas fikri radikal islam faktorunun üzərində cəmləşdirirdi. Amma, ərəb inqilabları islamın terrorla bağlılığının olmamasını bir daha nümayiş etdirdi. Bu inqilablar təsdiq etdi ki, terrorizmi üçün əsas faktor demokratiyanın olmaması və avtoritar rejimlərin bir sistem şəklində tətbiqidir. Misir prezidenti dəfələrlə bəyan edirdi ki, ona qarşı olan qüvvələr xalq hərəkatı deyil, onlar radikal islamçılardır. Bununla da, Amerika və Avropa dövlətlərinin köməyinə nail olmaq istəyirdi ki, o xalqa qarşı deyil, radikal islamçılara qarşı döyüşür. Avtoritar rejimlər bu fikir altında istədikləri kimi hərəkət edə bilirdi. Ərəb inqilabları avtoritarizmin iç üzünü yırtdı və islamın terrorla əlaqəsi olmadığını sübut etdi.

Sual: Azərbaycan da daxil olmaqla Qafqaz regionunda çoxsaylı terror hadisələri qeydə alınıb. Bu region indi də etnik münaqişələr baxımından aktivdir. Regionda terrorizmin aradan qaldırılması üçün nə edilməlidir?

Cavab: Burada kompleks yanaşmalar olmalıdır. Terrorçuluğun müxtəlif motivləri var. Bunlar dövlət terror siyasəti, milli motivlərlə terrorçuluq və dini ekstremizmi, siyasi terrorizmidir. Azərbaycanda bunların hamısı həyata keçirilir. Birinci hal, 90-cı illərdə Azərbaycanda Xodkovdki adlı cinayətkar yaxalanmışdı. Onun məhkəməsində müəyyən olunub ki, bilavasitə Ermənistan tərəfindən təlimatlandırılıb göndərilib ki, Azərbaycanda qatarlarda, avtobuslarda partlayışlar törətsin. İkinci element, separatçılıq məqsədi ilə törədilən terror aktlarıdır. Bu “Dağlıq Qarabağ ordusu” adlandırılan təşkilatdır ki, Azərbaycan ərazisində terror aktları törədir. Artıq 80-dən çox terror aktları həyata keçirib və qurbanların sayı 2500 nəfərdən çoxdur. Bir də son zamanlar dini zəmində olan ekstremist dini terror təşkilatlarıdır. Onlardan Azərbaycanda terror aktları törətmiş iki təşkilatın adını qeyd etmək istəyirəm. Bunlar “Sumqayıt camaatı” və “Dağıstan camaatı”dır. “Sumqayıt camaatı” terror təşkilatının ifşası zamanı 32 nəfər, “Dağıstan camaatı” təşkilatının ifşası zamanı isə 46 nəfər təqsirli bilinib. Onların əsas siyasəti Azərbaycanın şimal regionlarında terror törətmək idi.

Bu baxımdan, Qafqazda terrora qarşı mübarizədə siyasət dəyişməlidir. Qafqazda sabitlik yaratmaq üçün regionu şimali və cənubi Qafqaz deyə, iki yerə bölürlər. Lakin, təcrübə göstərir ki, terrorizmi baş qaldırdısa, o regiona yayılır. Regionda terrorizmi Dağlıq Qarabağdan başladı, sonra Abxaziya və Cənubi Osetiyaya keçdi və nəhayət bütün Qafqaz regionuna yayıldı. Hazırda terrorun ən aktiv regionu Şimali Qafqazdır.

Hesab edirəm ki, bütövlükdə Qafqazda terrorun qarşısının alınması üçün xüsusi bir proqram hazırlanmalıdır və sənəd dövlət liderləri tərəfindən imzalanmalıdır. Çünki, terrorun tövsifi olmadığına görə, bəzi dövlətlər terrorçulara maliyyə yardımı edir və siyasi dəstək verir. Sonra isə izah edirlər ki, bu təşkilatı terror təşkilatı kimi qəbul etmirik. Necə ki, Üsama Bin Ladenə qarşı 160 dövlət koalisiya yaratdı, mübarizənin hüquqi bazasını yaratdılar və nəticədə nəhəng təşkilatın liderini fiziki cəhətdən məhv etdilər. Qafqazda da buna nail olmaq üçün xüsusi proqram hazırlanmalıdır. Dövlətlər və beynəlxalq təşkilatlar həmin sənədi imzalayıb, terrorizmə qarşı mübarizəyə dəstək verməlidir.

Əgər, Rusiya dövləti Şimali Qafqazda sabitlik istəyirsə, bütün Qafqazın sabitliyinə nail olunmalıdır. Bu baxımdan, prezident Medvedevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son addımları onun Şimali Qafqazda stabillik yaratmaq istəyinin göstəricisidir.

XS
SM
MD
LG