Accessibility links

Qarabağ Fondunun icraçı direktoru Dayana Kohen: Məqsədimiz Azərbaycan və ABŞ arasında mədəni körpü yaratmaqdır (video)


Qarabağ Fondunun icraçı direktoru Dayana Kohen Altman

Qarabağ Fondunun icraçı direktoru Dayana Kohen Altman

Qarabağ Fondununun icraçı direktoru Dayana Kohen Altmanla müsahibə

Vaşinqtonda bu yaxınlarda yaradılmış ABŞ-ın mədəniyyət fondu olan Qarabağ Fondu Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyinə həsr edilmiş ilk tədbirini keçirdi.

"Azərbaycanın böyük bəstərakı və mədəniyyət xadimi Üzeyir Hacıbəyovun irsinin təntənəsi" adı altında keçən tədbirin əsas məqsədi Amerika auditoriyasını Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış etmək olub.

Qarabağ Fondunun icraçı direktoru Dayana Kohen Altman Amerikanın səsinə müsahibədə deyib ki, fondun qarşısında duran əsas məqsəd Azərbaycan və Birləsmiş Ştatlar arasında mədəni körpünün yaradılmasından ibarətdir.

"Qarabağ fondu qeyri-kommersional təşkilatdır. Fond iyun ayında yaradılıb və onun auditoriyası amerikalılardan ibarətdir. Əsas məqsədimiz Amerika auditoriyasını Azərbaycan mədəniyyəti ilə tanış etməkdir. Bizim diqqətimizin mərkəzində Qarabağ durur, lakin ümumiyyətlə maraq dairəmiz Qafqaz bölgəsini əhatə edir. İşimizin mühüm hissəsi körpü yaratmaqdır. Biz uşaqlarla işləmək istəyirik. İnternet səhifəmizdə Azərbaycanla bağlı məlumatlar yerləşdirilib. Payız mövsümü “Mənim Qarabağım” silsiləsindən foto-sərgi və rəsm sərgisi təşkil edəcəyik. Yazda Azərbaycana həsr edilmiş festival keçirmək istəyirik və Vaşinqtonda məktəblərdə Novruz şənlikləri planlaşdırırıq. Biz Amerikadan Azərbaycana, Azərbaycandan da buraya şagirdləri gətirmək üçün ABŞ-ın şahmat mərkəzi ilə iş aparırıq. Azərbaycan kulinariyası kitabını nəşr etmək üçün hazırda naşirlərlə danışıqlar aparırıq. Özünüz də görürsünüz ki, böyük planlarımız var. Bununla yanaşı, şifahi tarix adlı layihəmiz var. Azərbaycanla əlaqəsi olan adamlardan tətbiqi-sənət nümunələrini toplayırıq, buna çox böyük önəm veririk."

Dayana Altmanın sözlərinə görə, Qarabağ Fondu direktorlar şurası tərəfindən idarə edilir. Fond Bakıda Xəzər universiteti tərəfindən dəstəklənir və universitetin rektoru Hamlet İsaxanlı direktorlar şurasının üzvüdür.

"Fondun direktorları ABŞ-da Azərbaycanın mədəniyyəti ilə bağlı bilgilərin artırılmasına ehtiyac olduğunu düşünüblər. Azərbaycan mühüm müttəfiqdir, bizim uşaqlarımız bir yerdə böyüyür və biz bir-birimiz haqda, haradan gəldiyimiz, kim olduğumuz haqda daha çox biliyə malik olmalıyıq. Azərbaycan böyük mədəniyyətə malikdir. Mənim üçün bu, olduqca maraqlı işdir."

Dayana Altman deyir ki, Amerika auditoriyasında Azərbaycana böyük maraq müşahidə olunur.

“Baxıb görürşünüz ki, buraya müxtəlif insanlar toplaşıb. Məşğul olduqlarına baxmayaraq, onlar bu axşam buraya gəliblər. Mənə Azərbaycan haqda çox sayda suallar verilir. Fotoaparatımı özümlə götürmüşəm və onlara Azərbaycanda çəkdiyim şəkilləri göstərirəm. Səmimi bir maraq var. Çox adam üçün bu, yeni bir ölkədir. Amma amerikalılar qonaqpərvər və açıq olmaları ilə tanınır. Mən də bunun bir daha şahidi oluram.

Fondun yaradılmasından öncə Dayana Altman Azərbaycana səfər edib. O, Amerikanın səsi ilə təəssüratlarını bölüşdü.

“Çox gözəl bir səfər oldu. Təkcə Bakıda deyil, Şəkidə və Zaqatalada oldum. Çox böyük təəssüratlarla qayıtmışam. Azərbaycanda olan rəngarənglik məni valeh etdi. Burada bir yer o birinə bənzəmir. Hamı da çox dostcasına münasibət bəsləyirdi. Çox gözəl vaxt keçirdim.”

Qarabağ Fondunun auditoriyası və tərəfdaşları ictimaiyyət üzləri, vətəndaş qrupları, tələbələr, alimlər, elmi müəssisələr, qeyri-hökumət təskilatlarının üzvlərindən ibarətdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG