Accessibility links

Könlüm keçir Qarabağdan


Könlüm keçir Qarabağdan
Könlüm keçir Qarabağdan

Paytaxt Vaşinqtonda azərbaycanlı rəssamlar Yavər Rzayev və Leyla Rzayevanın “Könlüm keçir Qarabağdan” adlı sərgisi açılıb

Paytaxt Vaşinqtonda azərbaycanlı rəssamlar Yavər Rzayev və Leyla Rzayevanın “Könlüm keçir Qarabağdan” adlı sərgisi açılıb.

Sərgi ABŞ-ın Qarabağ Fondu tərəfindən təşkil edilib.

Əslən Ağdamlı olan memar və rəssam Yavər Rzayev deyir ki, sərgi haqda təklif alanda o, uşaqlıq və gənclik illərinin keçdiyi yerlərə xəyalən səfər edib, yeni əsərlər yaratmağı düşünüb. Əsgəran qalası, Cıdır Düzü, Tərtər çayı, Qarqar körpüsü kimi rəsmlərdə Yavər Rzayevin xəyalında canlandırıb, rəngli boyalara köçürdüyü doğma mənzərələr göstərilir. “Qarabağın təbiəti, muğam mənim ilham mənbəyimdir,”-deyə Yavər Rzayev Amerikanın səsinə bildirib.


“Xəyalımda bir saniyənin içində uçdum Qarabağın üzərindən. O şəkilləri gördüm. Mövzunu da fikirləşdim. Səməd Vurğunun hələ 5 yaşından əzbərlədiyim Azərbaycan şerindən parçanı düşündüm.

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy izaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Bu misralarla xəyalım getdi Qarabağa. Bir neçə gün oturdum eskizlərin üzərində işlədim. Xəyalımda bir-bir o yerləri gəzməyə başladım. Uşaqlıq illəri məktəbimin pəncərəsindən gördüym Şahbulaq dağı, evimizdən piyada üç dəqiqəyə getdiyimiz Natəvan xanımın imarəti, Pənah xanın məqbərəsi, hamısı bir-bir xəyalımda canlandı. Qarabağı Cıdır düzü, Əsgəran qalası olmadan təsəvvür etmək mümkün deyil. Eskizlər üzərində işlədim və Qarabağ Fonduna da bildirdim ki, sərgi yeni əsərlərdən ibarət olacaq. Mövzu da Qarabağ mövzusudur.”

Rəssam deyir ki, sərgidə nümayiş etdirdiyi əsərlərlə doğma yerləri amerikalı dostlara göstərmək imkanı əldə etməsindən böyük sevinc hissi duyur. Yavər Rzayevin sözlərinə görə, o, Qarabağ mövzusunda daha çox rəsm əsərləri yaratmağı düşünür.

Baltimor şəhərində yaşayan rəssam Leyla Rzayevanın əsərlərində təbiət mövzusu əsas yer turur. O deyir ki, onun yaradıcılığı doğma Azərbaycan və Qarabağ, habelə Amerikanın mədəni ənənələrindən qaynaqlanır.

“Qarabağ mövzusu o yerlərdə olmadığım üçün xəyalən səfər edə bilmədiyimə görə mənim əsərlərimə birbaşa deyil, doğma Azərbaycanın mədəniyyətinin tutduğu mühüm yerə görə təsir göstərir. Qarabağın Azərbaycan mədəniyyətində oynadığı rol çox böyükdür. Mən Qarabağın təbiətinə, o torpağa heyranam və ailəm də Qarabağla bağlı olduğu üçün mən də bu torpaqla bağlılıq hiss edirəm. Mən özümü Azərbaycan və Qarabağın bir hissəsi hesab edirəm.”

Azərbaycanlı rəssamlar əsərlərini Amerika Birləşmiş Ştatlarında dəfərlərlə müxtəlif sərgilərdə nümayiş etdiriblər. Lakin həm Yavər Rzayev, həm Leyla Rzayeva deyirlər ki, Vaşinqtondakı sərgi onlar üçün xüsusi əhəmiyyət daşıyır.

Qarabağ fondu və ABŞ-da fəaliyyət göstərən qurumlar və təşkilatlar, habelə diaspor üzvlərinin köməyi ilə sərgidəki rəsm əsərlərinin Birləşmiş Ştatların digər şəhərlərində, habelə Meksikada nümayiş etdirilməsi planlaşdırılır.

“Fikrimdə həmişə Qarabağa qayıdıram. Xəyal məni doğma yerlərə, gənclik illərimin keçdiyi yerlərə aparır. Özümü böyük gələcəyə hazırladığım o yerlərə həmişə qayıdıram. Amma indi bunu yalnız xəyallarımda edə bilirəm,”-deyə Yavər Rzayev söyləyir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG