Accessibility links

Şirvan sakini: "Gedirəm banka, yalvar-yaxar edirəm ki, versinlər məni məhkəməyə, heç olmasa, məhkəmə olanda faizlər dayandırılır...".

«Yoldaşımın pensiya kartı, özümün pensiya və maaş kartım... Gəl ki, vaxtı çatanda, pul köçəndə bizdən əvvəl banklar yağmalayır. Gedirəm kartı yoxlayıram, baxıram ki, balansda 15 qəpik qalıb...».

2000 MANATA YAXIN ƏLAVƏ FAİZ

Şirvanda yaşayan Həsənovlar ailəsini neçə ildir ki, bankların «girovuna» çevirən əvvəl ailənin ali məktəbə daxil olan üzvünün təhsil haqqı, sonra da xəstəliyə tutulması olub. Həkimlər xəstəni düzgün müalicə etməyiblər. Ailə də növbəti dəfə banka üz tutmalı olub ki, müalicə İranda davam etdirilsin. Kredit ödənişlərini yubatmamaq və əlavə faiz ödəməməkdən ötrü, necə deyərlər, ənənəvi yola əl atıblar – aylıqları ödəmək üçün növbəti banka müraciət ediblər. Beləcə, siyahı uzanıb. İndi də ailə o siyahıdakı bankların əlində aciz qalıb.

Ailənin xanımı Afət Həsənova deyir, Şirvan xəstəxanasının kiçik tibb işçisidir. 110 manat maaş, 157 manat pensiya, həyat yoldaşı isə 113 manat pensiya alır. Daha doğrusu, bir müddətdir ki, nə maaş, nə də pensiyalar ailəyə gəlib çatmır. Karta köçürülən kimi banklar əlini qoyur:

«Unibank», «Bank of Baku», «Kapitalbank»... «Unibank»la «Bank of Baku» məhkəməyə verdi, indi biri pensiyadan, o biri əməkhaqqıdan tutur. «Kapitalbank»sa məhkəməsiz, yəni özbaşına həm pensiyadan, həm də əməkhaqqıdan tutur. Özü də kartda qəpik də saxlamır. Banklar deyir, «istəyirsinizsə, ödəniş müddətinizi 5 ilədək uzadaq. Ancaq faizləriniz də artacaq. 2000 manata yaxın əlavə faiz ödəməli olacaqsınız». Belə çıxır ki, biz ölənədək faiz ödəməliyik...”

PENSİYADAN QƏPİK DƏ GÖRMÜR

Həyat yoldaşı 68 yaşlı İbadulla Həsənovu isə «Muğanbank» məhkəməyə verib, pensiyasından tutulur. Üstəlik, «Kapitalbank» onun da pensiyasının qalan hissəsini məhkəmə qərarı olmadan tutur. Beləcə, aylardır ki, pensiyadan qəpik də görmür.

Afət Həsənova: «Ağır ciyər xəstəliyi var. Dərmanlarını ala bilmirik. Dərman nədir, heç çörəkpulu tapa bilmirik. 9 aydır ki, zülm çəkirik. Heç olmasa, çörəkpulu saxlasınlar. O gün «Kapitalbank»a getmişəm, yalvar- yaxar eləmişəm ki, versinlər məni məhkəməyə, heç olmasa, məhkəmə olanda faizlər dayandırılır. Bankın işçiləri mənə gülürlər. Qapıdan girirəm, bir- birlərinə işarə edirlər ki, «bu, yenə gəldi». Artıq yaşaya bilmirəm. Yoldaşım ciyər xəstəsi, qızım qan azlığından əziyyət çəkir... Bir tərəfdən də üç kartı salırsan bankomata, hamısı boş, adam dəli olmaq həddinə çatır. Bir gün eşitsəniz ki, Şirvanda biri özünü öldürüb... Vallah, artıq dözə bilmirəm».

«AYDA CƏMİ 4 MANAT TUTULA BİLƏR»

Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmə və icraçılar banka borcu olan vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər:

«Tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əməkhaqqı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit, faktiki olaraq, batır».

Hüquqşünasın sözlərinə görə, vətəndaşdan yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edilməlidir:

«Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin». / AzadlıqRadiosu

XS
SM
MD
LG