Accessibility links

Amerikalılar Keyla Müllerə matəm saxlayır [Video]


Amerikalılar İslam Dövləti yaraqlıları tərəfindən oğurlanan və Suriyada ölən arizonalı Keyla Müllerə matəm saxlayır. Ölüm xəbəri çərşənbə axşamı rəsmən təsdiq edilən Keyla Müllerin ailə üzvləri və dostları onu cəsarətli və idealist bir şəxs kimi xatırlayır.

Hələ bir neçə gün əvvəl Keyla Müllerin həmvətənləri onun sağ-salamat geri dönməsi üçün dua edirdi. Yaraqlıların keçən həftə İordaniyanın İslam Dövlətinin Suriyadakı mövqelərini hədəf aldığı zaman öldürüldüyü xəbərindən sonra belə, insanlar onun hələ də sağ qaldığına ümid edirdi. Bu ümid çərşənbə axşamı alt-üst oldu.

“Keylanın ailəsi İslam Dövlətinin onun ölümü ilə bağlı mesajını keçən həftə aldı,” deyə, Ağ Evin sözçüsü Coş Ernest bildirib.

Müllerin valideynləri verdikləri bəyanatda ürəklərinin qırıldiğını söylədi. Çərşənbə axşamı mətbuat konfransı zamanı Keyla Müllerin xalalarından biri onun cəsarətindən danışdı. “Keylanın məqsədi istər dogma şəhəri Preskotda, istərsə də dünyanın başqa yerində, əzab çəkən insanlara kömək idi. O, çoxlarının ömrü boyu edə bilmədiklərini 26 yaşında etmişdi.”

Ailə dostu və Müllerlə birlikdə Arizona Universitetində işləyən sülh fəalı Katlin onun fədakarlığına heyran olduğunu deyir. “Bəziləri bizə deyirdi ki, Keyla mühafizəçilərə kiçik sülh oriqamaları düzəltməyi öyrədirdi. Onların biri-birinə hekayələr danışmasını, mahnılar oxumalarını istəyirdi ki, bu da onu fərqli edirdi. O, kiçiçk bir yerdə belə, başı üstə dayanaraq idman edirdi. Biz və bütün onu tanıyanlar üçün Keyla azad ruhlu bir insan idi."

Keyla Müller İslam Dövləti tərəfindən oğurlanan dördüncü amerikalı idi. Onların dördü də qətlə yetirilib. Keçən il yaraqlılar tərəfindən başı kəsilən jurnalist Ceyms Folinin anası onları xilas edə bilmədiyinə görə Obama administrasiyasını tənqid edib. “Keyla mənim oğlum və digərləri kimi orada iki ilə qədər qaldı. Bu müddət ərzində bizim gənc amerikalıları xilas etmək üçün çox imkanlar ola bilərdi, lakin heç nə edilmədi.”

Prezident Obama isə girovları qurtarmaq üçün xüsusi əməliyyat hazırlandığını, lakin bir-iki gün gecikdiyini deyib. O, Müllerin cəsarətini yüksək qiymətləndirib. “Daha çox insan onun haqqında öyrənmək, girov saxlandığı vəhşi təşkilatdan fərqli olduğuna görə ona təşəkkür etmək istəyir.”

Cənab Obama deyib ki, Birləşmiş Ştatlar girovların azad olunması müqabilində pul ödəməyəcək, çünki belə bir addım dünya boyu terrorçu qrupları şirnikləndirər.

XS
SM
MD
LG