Accessibility links

Kərim Əsgəri: Milli azlıqların hüquqları məsələsində İranın siyasəti dəyişmir


Bu il İran Azərbaycanının müxtəlif şəhərlərində Beynəlxalq Ana Dili günü geniş şəkildə, yeni və fərqli yollarla qeyd edib. Müxtəlif şəhərlərdə keçirilən tədbirlərdə və sosial mediada təşkil olunan kampaniyalarda “türk dilinə sevgi mesajları” paylaşılıb. Lakin Beynəlxalq Ana Dili günü güneyli milli fəalların həbsləri ilə də müşayiət olub. Bu il isə 2014-cü ildə ana dili günü münasibətilə tədbirlərə qatılan dörd milli fəala hökmlər çıxarılıb. Güneyli fəal Kərim Əsgəri Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Beynəlxalq Ana Dili gününün qeyd olunması, milli fəalların həbsləri və mədəni hüquqların təmin olunması istiqamətində fəaliyyətlərdən danışıb.

Kərim Əsgəri bu il Beynəlxalq Ana Dili gününün geniş qeyd edilməsilə yanaşı, eyni gündə dörd milli fəala hökm çıxarıldığını xüsusi vurğulayıb. “Bu acımasız hökumət onu göstərir ki, İran dövləti hər hansı bir yumşalma və insan haqlarına sayqı və hörməti yoxdur.” O əlavə edib ki, təkcə milli fəallar, hətta heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmayan adi vətəndaşlar da öz haqlarını tələb etdikləri təqdirdə həbs olunmaq təhlükəsi qarşısında qalır.

Kərim Əsgəri azərbaycanlıların təhsil hüquqlarının təmin edilməsilə bağlı rəsmi səviyyədə addımlar atılmadığını qeyd edib. Onun sözlərinə görə, İran parlamentində bəzi millət vəkillərinin təhsil və mədəni hüquqlar məsələsini qaldırması daha çox siyasi səbəblərlə izah edilə bilər.

“Birincisi, İranda bir ildən sonra prezident seçkiləri keçiriləcək və hər zaman olduğu kimi dil məsələsi, ana dili məsələsindən seçki aləti olaraq istifadə edilir. Digər bir məsələ isə İranın xaricində beynəlxalq məsələlərlə bağlıdır. Bu da Amerikada hakimiyyətin dəyişməsi, Trampın hakimiyyətə gəlməsi və İrana bundan sonra dözümlülük göstərməməsilə bağlıdır. Bu, İran dövlətində narahatlıq yaratdı və onun üçün çalışır içəridə hər hansı dəyişikliklərə qarşı özü bir zəmin yaratsın. Digər məsələ də odur ki, Azərbaycan milli hərəkatının önəmi də var bu məsələdə. Bütün toplumda insanların artıq bu milli istəkləri, insanların istəklərinin içində görməmiz mümkündür. Fəqət İran dövləti bu məsələni çalışır ki, bəzi məqamlarda istər millət vəkillərindən, istər bəzi proqramlarda bu hissiyatı öz əlinə keçirtsin. Yoxsa dövlətin bu məsələ ilə bağlı hər hansı bir ciddi siyasətinin dəyişikliyinin şahidi deyilik.”

Kərim Əsgəri güneyli fəalların azlıqların hüquqlarının müdafiə edilməsi tələbləri ilə yanaşı, azərbaycanlıların yaşadığı bölgələrdə iqtisadi inkişafa nail olmaq kimi tələblər irəli sürdüyünü bildirib.

XS
SM
MD
LG