Accessibility links

İranın xarici işlər naziri isə məsləhətləşmək üçün ölkəsinə geri dönüb

İranla nüvə razılığının əvvəlcə müəyyən edilmiş möhlətədək əldə edilməyəcəyinə dair söhbətlərin gəzdiyi vaxt ABŞ dövlət katibi Vyanada müzakirələri davam etdirir.

Con Kerrinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüş keçirib.

Müzakirələrdən öncə Kerri bildirib ki, hazırda iş aparılır və hər hansısa qərar barədə fikir söyləmək üçün hələ tezdir.

Dünən Con Kerri və Məhəmməd Cavad Zərif Britaniya və Almaniyanın xarici işlər nazirləri Filip Hammond və Uolter Steymeyer daxil edilməklə bir sıra rəsmi ilə görüşlər keçirib.

Danışıqlarda İranın xarici işlər nazirinin iştirak etməməsi diqqət mərkəzində olub. Belə ki, o, məsləhətləşmək üçün ölkəsinə geri dönüb.

İranın dövlət mediası Zərifin geri dönüşünün əvvəlcədən planlaşdırıldığını bildirib.

ABŞ-ın yüksək səlahiyyətli rəsmisi Vaşinqtonun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin məsləhətləşmək üçün Tehrana qayıtmasından narahat olmadığını deyib.

Hər hansısa qərar barədə fikir söyləmək üçün hələ tezdir

Müzakirəçilərin bəzisi razılığın əldə edilməsi üçün iyunun 30-dan sonra da işin davam etdirilməsini təklif edib.

Avropa İttifaqının Xarici Siyasət Şəbəsinin rəhbəri Federika Moqerini vaxtı çatdıqda müzakirələrə sərbəstlik verilməli olduğunu deyib. O, nailiyyət üçün bir neçə əlavə günə ehtiyac ola biləcəyini vurğulayıb.

Federika Moqerini

Federika Moqerini

Federika Moqerini deyib ki, müzakirələr hər zaman mürəkkəb olub, lakin güclü siyasi iradə ilə razılıq əldə etmək mümkündür.

ABŞ dövlət katibi bildirib ki, danışıqlar zamanı ən müşkül məsələlər həllini tapmalıdır.

Razılıqda beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində İran gələn 10 il müddətində nüvə proqramını məhdudlaşdırmalıdır.

Bəzi diplomatlar nüvə razılığının əldə edilməsinə qoyulan son möhlətin iyunun 30-u deyil, iyulun 9-u olduğunu bildirib.

ABŞ-ın yüksək səlahiyyətli rəsmisinin bildirdiyinə görə, Vyana danışıqları son möhlətdən sonra da davam etdirilə bilər.

XS
SM
MD
LG