Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Gürcüstan və Ukraynanı Birləşmiş Ştatların onların təhlükəsizliyi məsələsinə sadiq qaldığına əmin etmək məqsədilə bu iki ölkəyə səfər edib.

Kerri Tbilisidə ABŞ və Gürcüstan arasında hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığa dair razılığı imzalayıb. Sənədin Gürcüstan hərbi qüvvələrinin sərhədləri müdafiə etməsinə kömək edəcəyi gözlənilir.

“Tamamilə aydındır ki, biz sizin bir ölkə kimi Qərbə üz tutmaq və Qərblə cəzalandırılmadan qarşılıqlı əlaqələr qurmaqla bağlı istəklərinizə böyük hörmət bəsləyirik”-deyə Con Kerri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və onun kabinetinin üzvləri ilə görüşdə bildirib.

Kerri təhlükəsizlik məsələlərini Kiyevdə Ukrayna rəsmilərilə müzakirə edib. Ukraynadan sonra ABŞ Dövlət katibi prezident Obama ilə birlikdə Polşada NATO-nun sammitinə qatılacaq.

NATO ölkələrinin Gürcüstanın gələcəkdə alyansın üzvlüyə qəbul edilməsini təsdiqləyəcəyi gözlənilir.

Rusiyanın onların ərazisində fəaliyyətlərindən narahat olan Gürcüstan və Ukrayna NATO və Avropa İttifaqı ilə yaxınlaşmağa çalışır.

2008-ci ildə Gürcüstan və Rusiya arasında qısamüddətli müharibə nəticəsində Gürcüstan ərazilərinin bir hissəsi Rusiyanın nəzarəti altında qalır. Rusiya eyni zamanda, iki il bundan əvvəl Krım yarımadasını işğal etdikdən sonra Ukraynanın şərqində Ukrayna qüvvələri və Rusiyanın dəstəklədiyi separatçılar arasında hərbi münaqişənin getdiyi ərazilərin də nəzarətini əlinə alıb.

Con Kerri ilə səfərdə olan yüksək səviyyəli Amerika rəsmisi bildirib ki, Gürcüstan və Ukraynaya səfərin məqsədi bu ölkələri Birləşmiş Ştatların onların Avro-Atlantik məkana inteqrasiyasına dəstəyinə əmin etməkdən ibarətdir və əlavə edib ki, Rusiya bunu nəzərə almalıdır.

XS
SM
MD
LG