Accessibility links

Con Kerri: “Müqəddəs Ramazan ayına ehtiram ənənəsi ABŞ-ın yarandığı dövrdən başlayıb” [Video]



ABŞ Dövlət katibi Con Kerri iyulun 24-də Dövlət Departamentinin Bencamin Franklin otağında iftar yeməyi verib.

Tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtonda diplomatik korpusun nümayəndələri iştirak ediblər. Dövlət katibi Kerry iftar yeməyinə qatılanlar qarşısında çıxış edərək, Amerikada Ramazan ayının qeyd edilməsi ənənəsindən danışıb.

“Müqəddəs Ramazan ayına ehtiram göstərilməsi ənənəsi Respublikanın yarandığı dövrdən başlayıb. Bura Bencamin Franklin otağıdır və bu münasibətə olduqca uyğun bir yerdir, çünki Ben Franklin bizim rəsmən ilk diplomatımız olub. Və o, ölkəmizdə din azadlığının ilk tərəfdarlarından biri olmuşdur. O öz tərcüməyi-halında yazıb ki, Konstantinopolun müftisi belə müsəlmançılığı təbliğ etmək üçün missioner göndərsə, o da xütbəsinə minbər tapacaq”- deyə ABŞ Dövlət katibi Bencamin Franklinin sözlərindən iqtibas gətirib.

Con Kerri deyib ki, öz dininə açıq etiqad etmək Amerika dəyərlərinin əsasını təşkil edir. Dövlət katibi bunun ABŞ konstitusiyasında təsbit edildiyini və bunun uğrunda mübarizə aparıldığını xüsusi vurğulayıb. Eyni zamanda, Con Kerri qeyd edib ki, Amerikanın özü də hər zaman dügün addımlar atmayıb, lakin tarix böyu dini fərqlərin aradan qaldırılması uğrunda mübarizə aparılıb.

“Mən fəxrlə deyə bilərəm ki, dünyanın heç bir yerində bu qədər müxtəlif icma üzlvlərinin, bu qədər insanın öz dininə azad şəkildə etiqad etdiyi heç bir yer yoxdur. Amerikanın dini icmalarının müxtəlifliyi və patriotizmi bu gün bizim hamımızının əsas güc mənbəyidir”-deyə dövlət katibi Kerri bildirib.

ABŞ Dövlət katibi ümumi vəzifələrin yerinə yetirilməsi üçün tərəfdaşlıq münasibətlərində dörd əsas prinsipi göstərib. Onun sözlərinə görə, bu, “sülh, tərəqqi, xalqlar və planetimizin gələcəyi naminə” tərəfdaşlıqdır.

Bu günlər Yaxın Şərqə növbəti səfərdən qayıdan Con Kerri israillilər və fələstinlilər, sünnilər və şiələr, eləcə də müxtəlif azlıqlar və müxtəlif insanlar arasında sülhə indiyə qədər görünməyən ehtiyacın olduğunu qeyd edib. O deyib ki, insanların ləyaqətinin qorunması və onarın lazımi imkanlarla təmin edilməsi üçün yeni və daha yaradıcı tərəfdaşlıq münasibətlərinə ehtiyac duyulur.

"Biz Yeni Başlanğıc naminə Tərəfdaşlıq kimi əməkdaşlıq vasitəsilə gələcəyə investisiya edilməsi üçün biznes, vətəndaş cəmiyyəti və təbii ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən insanların da daxil edilməsi məqsədilə hökumət səviyyəsində və hökumətin özü ilə tərəfdaşlıq münasibətlərinin çərçivəsindən çıxamalıyıq”-deyə Con Kerri bildirib.

ABŞ Dövlət katibi birgə səylər vasitəsilə ümumi məqsədlər uğrunda mübarizə aparıldığını qeyd edərək, insanlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O deyib ki, insanlar aralarında müxtəlif cəhətlərdən asılı olmayaraq bir-birinin qayğısına qalmalıdır.

“Gəlin, imanla hərəkət edək, bir-birimizə hörmətlə davranaq. Gəlin, insanlığı ucaldaq, azad şəkildə öz dinimizə etiqad edək və bu oruc günləri və Ramazanda bu orucdan ilham alaq. Ramazan mübarək”-deyə ABŞ Dövlət katibi iftar yeməyində çıxışını bidirib.

Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyindən alınan məlumata əsasən, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da Dövlət katibi Con Kerrinin təşkil etdiyi iftar yeməyində iştirak edib.


XS
SM
MD
LG