Accessibility links

ABŞ Dövlət katibi Con Kerri və BMT-nin Qaçqınlar agentliyinin xüsusi elçisi, aktrisa Ancelina Joli bazar ertəsi günü Virciniya ştatının Sterlinq şəhərində iftar yeməyinə qatılıb.

Müsəlman Cəmiyyəti Mərkəzinin tədbirinə toplaşanlar qarşısında çıxış edən Kerri nitqinə müsəlmanların bir-birini salamlamaq üçün istifadə etdiyi "Əssəlam Əleykum" sözləri ilə başlayıb və müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

"Yadda saxlamalıyıq ki, müsəlmanlara qarşı fanatik və nifrət dolu ritorika öz sıralarını artırmağa çalışan terrorçuların işinə yarayır. Amerikanın İslamla müharibə etdiyi haqda yalanlar yayanların işinə yarayır. Əslində, Yer kürəsində müsəlmanların Amerika Birləşmiş Ştatlarındakı qədər azadlıqları olduğu başqa bir ölkə yoxdur" Con Kerri

Qaçqınlar gününə təsadüf edən tədbirdəki çıxışında ABŞ-ın baş diplomatı əlavə edib ki, qaçqınlar Amerika cəmiyyəti üçün təhlükə təşkil etmir və dininə və milliyyətinə görə insanlara qarşı ayrı-seçkilik Amerika dəyərlərinə ziddir.

Con Kerri həmçinin qaçqınların qlobal miqyasda sayının artması məsələsinə diqqət çəkib. "Əgər bütün qaçqınlar bir ölkəyə toplansa, bu, dünyanın əhali sayına görə 22-ci ən böyük ölkəsi olardı"-deyə Con Kerri bildirib.

Kerri çıxışında eyni zamanda ABŞ-da İslamofobiya insidentlərinin artması məsələsinə yer verib. "Biz şəxsiyyət hüquqlarına inanırıq, kollektiv cəzaya yox. Və biz insanlar haqda anadan olduqları şərait və ya seçdikləri müqəddəs kitablar deyil, onların əməllərinə görə mühakimə yürüdürüq. Təkcə bu deyil, biz həm də yadda saxlamalıyıq ki, müsəlmanlara qarşı fanatik və nifrət dolu ritorika öz sıralarını artırmağa çalışan terrorçuların işinə yarayır. Amerikanın İslamla müharibə etdiyi haqda yalanlar yayanların işinə yarayır. Əslində, Yer kürəsində müsəlmanların Amerika Birləşmiş Ştatlarındakı qədər azadlıqları olduğu başqa bir ölkə yoxdur"-deyə Con Kerri bildirib.

"Bütün insanlar bərabər doğulub və bərabər hüquqlara malik olmalıdırlar"-Ancelina Joli

​ABŞ Dövlət katibi Con Kerri ilə bərabər tədbirdə iştirak edən aktrisa Ancelina Joli müxtəlif dini icmaların nümayəndələrinin toplaşdığı tədbirə qatılmasından məmmnunluq duyduğunu ifadə edib.

Joli də çıxışında ksenofobiya xarakterli insidentlərin artması məsələsinə diqqət çəkib. O, qaçqınların sayının artdığını qeyd edərək, dünya ölkələrini problemin həlli kimi məsuliyyəti bölüşməyə çağırıb.

"Bütün insanlar bərabər doğulub və bərabər hüquqlara malik olmalıdırlar"-deyə Joli bildirib.

XS
SM
MD
LG