Accessibility links

Con Kerri və İranın xarici işlər naziri arasında görüş keçirilib


ABŞ Dövlət katibi Con Kerri bazar günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. İki diplomat arasında görüş zamanı Tehranın mübahisəli nüvə proqramı müzakirə edilib.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Con Kerri Məhəmməd Cavad Zərifə hər iki tərəfin müzakirələri xoş məramla aparmasının və İranın noyabr ayında beynəlxalq səviyyədə görüşdə birgə fəaliyyət planına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin əhəmiyyətini bir daha vurğulayıb. O həmçinin aydın şəkildə bildirib ki, Birləşmiş Ştatlar hazırkı sanksiyalara əməl edilməsinə davam edəcək.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton beynəlxalq ictimaiyyətin daha əhatəli danışıqlara hazırlaşdığı bir vaxt Con Kerri və Məhəmməd Cavad Zərif arasında təkbətək görüşün əhəmiyyətini vurğulayıb.

Dünya qüdrətləri Tehranın nüvə proqramı ilə bağlı daha əhatəli razılığın əldə edilməsi məqsədilə fevralın 18-də Vyanada İranla danışıqların növbəti raundunu keçirməyə hazırlaşır.

ABŞ İranı nüvə bombası istehsalına çalışmaqda ittiham edir. İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyinə təkid edir.
XS
SM
MD
LG