Accessibility links

ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov telefon söhbəti zamanı Suriyada böhranın həlli yollarını müzakirə edib.

Bu haqda Reuters agentliyi Rusiya Xarici İşlər nazirliyinin bəyanatına əsasən məlumat verib. Telefon söhbəti zamanı iki ölkənin Suriyada terror qruplarına qarşı mübarizədə birgə əməkdaşlığının perspektiviyi məsələsi müzakirə edilib.

Rusiya Xarici İşlər nazirliyinin bəyanatında hansı terrorçu qrupların nəzərdə tutulduğu açıqlanmayıb.

Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyən Moskva ona qarşı döyüşən müxtəlif silahlı qruplara qarşı hava hücumları həyata keçirir. Buraya Əl-Qaidə ünsürlərindən ibarət Nusra Cəbhəsi və İŞİD qrupları daxildir. ABŞ hər iki qrupa qarşıdır.

Lakin Vaşinqton Moskvanın eyni zamanda ideoloji baxımdan Əl-Qaidəyə zidd olan mötədil üsyançı qrupları da hədəf aldığını bildirir. Bu qruplar ABŞ tərəfindən dəstəklənir.

Moskva və Vaşinqton BMT-nin verdiyi məlumata əsasən 400 min dən çox insanın həyatını itirdiyi və milyonlarla insanın qaçqın və məcburi köçkün kimi ölkəni tərk etməsinə səbəb olmuş münaqişəyə son qoyulması yollarını axtarır.

XS
SM
MD
LG