Accessibility links

Con Kerri İŞİD-a qarşı koalisiyanı Misirdə müzakirə edib


ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların İraq və Suriyada İslam dövləti qrupuna qarşı koalisiyasının genişləndirilməsi məsələsini müzakirə etmək üçün Misirə səfər edib.

Con Kerri Qahirədə Misirin Xarici İşlər naziri Sameh Şukri ilə danışıqlar aparıb. Misir ABŞ dövlət katibinin İslam dövləti qrupuna qarşı beynəlxalq koalisiyanın yaradılması üçün region ölkələrinə səfərinin son dayanacağıdır.

Con Kerri bildirib ki, cihadçılar islam adı ilə döyüşdüklərini deyir, lakin qrupun törətdiklərinin islamla heç bir əlaqəsi yoxdur. ABŞ dövlət katibinin sözlərinə görə, qrupun nifrət mesajları bütün dünyada müsəlmanların əksəriyyəti tərəfindən rədd edilib.

Müsəlman dünyasının ən qədim və sünni müsəlmanların ən mühüm təhsil mərkəzi olan Əl-Əzhər universitetinin Qahirədə yerləşməsinə işarə edən Con Kerri Misirin müsəlman ekstremist ideologiyasının qınanmasında böyük rolu olduğunu xüsusi qeyd edib.

Con Kerri ilə birgə mətbuat konfransında danışan Misirin Xarici İşlər naziri Şukri ABŞ dövlət katibinin islamçı militantlar tərəfindən təhlükələrə qlobal səviyyədə cavab vermək haqda çağırışlarına dəstək bildirib. O deyib ki, Misir liderləri İslam dövləti qrupu və digər terrorçu qruplar arasında əlaqələri görür və onların beynəlxalq sərhədlərin hüdudlarından çox kənarda təhlükə törətdiyinə inanır.

Con Kerri Misirdə olduğu müddət Ərəb Liqasının baş katibi Nabil Əl-Ərəb və Misir prezidenti Əbdül Fəttah Əl-Sisi ilə də görüşəcək.

Birləşmiş Ştatlar İraqda və Suriyada qərargahlanan İslam dövləti qrupunun militantlarına qarşı hava hücumları ilə bərabər beynəlxalq koalisiya vasitəsilə mübarizə aparmağa çalışır.

ABŞ hökumətinin rəsmiləri İslam dövləti militantlarına qarşı hərbi əməliyyatları müharibə kimi səciyyələndirir.

XS
SM
MD
LG