Accessibility links

ABŞ Dövlət katibi Con Kerri iyunun 4-də Dövlət Departamentində Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ABŞ və Ermənistan arasında iqtisadi tərəfdaşlıq əlaqələri, demokratiyanın gücləndirilməsi məsələləri müzakirə edilib.

Con Kerri görüşdən öncə verdiyi açıqlamada Ermənistandan xaricdə ən böyük erməni icmasının onun mənsub olduğu Massusets ştatında yaşadığını və icma üzvləri arasında çox sayda dostu olduğunu xatırladıb.

Dövlət katibi Kerri Ermənistanla Birləşmiş Ştatlar arasında bir neçə sahədə mühüm tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışan Kerri ABŞ-ın problemin həllini görmək istədyini bildirib. O, tərəflərin, eyni zamanda Türkiyə, Rusiya, İran və başqalarının çıxılmaz vəziyyətə gəlmiş bu münaqişənin həllinə yardım göstərməsinin vacibliyini qeyd edib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iki ölkənin beynəlxalq aləmdə regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə və sülhümühafizə əməliyyatları kimi sahələrdə qarşılıqlı əlaqələr yarada bildiyini qeyd edib. Cənab Nalbandyan deyib ki, iki ölkə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq normalar çərçivəsində, gücdən istifadə edilməyərək, öz müqəddaratının təyin edilməsi və ərazi bütövlüyü prinsipləri əsasında həll edilməli olduğunu qəbul edir. Onun sözlərinə görə Vaşinqton və Yerevan Ermənistan-Türkiyə arasında münasibətlərin qeyd-şərtsiz normallaşmalı olduğu kimi baxışlar, demokratiya, fundamental azadlıqlar, insan hüquqları, bazar iqtisadiyyatı kimi dəyərləri bölüşür.
XS
SM
MD
LG