Accessibility links

Ketrin Eşton: Zərurət olarsa İrana müəyyən təzyiqlər də ola bilər


Ketrin Eşton: Zərurət olarsa İrana müəyyən təzyiqlər də ola bilər

Ketrin Eşton: Zərurət olarsa İrana müəyyən təzyiqlər də ola bilər

Azərbaycanla Avropa İttifaqı arasında danışıqların əsas mövzusu Qarabağ münaqişəsi, enerji əməkdaşlığı, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı olub.

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını istisna etməyib. Noyabrın 15-də Bakıda keçirdiyi mətbuat konfransında İranın nüvə proqramı ətrafında vəziyyəti şərh edən xanım Eşton bu məsələ üzrə 5+1 formatında danışıqlara rəhbərlik etdiyini xatırladıb. “Biz, hər şeydən öncə İranı danışıqlara və nüvə silahını yaymamaq barədə götürdüyü öhdəliyə hörmət etməyə çağırırıq” - deyə o qeyd edib.

Ali nümayəndə İranın nüvə proqramına dair MAQATE-nin son hesabatının “narahatlıq yaratdığını” deyib. Xanım Eşton bu məsələni bu günlərdə Avropa Birliyinin 27 ölkəsinin xarici işlər nazirləri ilə müzakirə etdiyini xatırladıb. “Hər halda İranın öz öhdəliyini yerinə yetirəcəyi gözləntimiz var, amma zərurət olarsa müəyyən təzyiqlər də ola bilər, həmçinin yeni sanksiyalar tətbiq edilə bilər”.

Qarabağ tənzimlənməsi, enerji sahəsində əməkdaşlıq, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının həyata keçirilməsi çərşənbə axşamı Bakıda xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun əsas danışıq mövzusu olub.
Bu barədə danışıqlardan sonra keçirilən mətbuat konfransında cənab Məmmədyarov bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası Azərbaycan qazını almaq niyyətini bildirib, boru kəmərləri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib.
Nazir həmçinin Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirib.
Öz növbəsində, xanım Eşton Azərbaycanı enerji üzrə vacib tərəfdaş adlandırıb. O qeyd edib ki, bu məsələ üzrə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Ottingerlə danışıqlar gedir.
Xanım Eşton Azərbaycanı regionda, indi isə BMT-də nüfuzunu artıran ölkə adlandırıb və əminlik ifadə edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının vacib və nüfuzlu üzvü olacaq.
Onun sözlərinə görə, Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramında iştirakı “münasibətlərə parlaq nümunədir”. “Bu proqramda əməkdaşlıq vahid dəyərlər əsasındadır”.
Jurnalistlərin “Danışıqlarda siyasi məhbuslar məsələsi müzakirə edilibmi?” sualına cavab olaraq xanım Eşton deyib ki, insan haqları Avropa İttifaqı üçün “çox vacib məsələdir”. “Cənab nazir Avropa İttifaqının və şəxsən mənim bu məsələdə mövqeyim barədə yaxşı məlumatlandırılıb”, - deyə o bildirib.
Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının roluna toxun ali nümayəndə deyib ki, bu rol ATƏT-in Minsk Qrupununkundan fərqlidir. “Minsk Qrupuna dəstək vermək üçün xüsusi nümayəndə təyin etmişəm”.
Onun sözlərinə görə, müəyyən mərhələdə qarşılıqlı etimad zərurəti yarananda Avropa İttifaqı öz köməyini təklif edə bilər.

XS
SM
MD
LG