Accessibility links

Səudiyyə Ərəbistanının şahzadəsi Azərbaycandakı “Khazar Islands” layihəsinə sərmayə yatırmaq niyyətindədir


“Khazar Islands” layihəsi

“Khazar Islands” layihəsi

Xarici investorlar “Khazar Islands”a ümumilikdə 500 mln. dollar sərmayə yatıracaq

İndiyədək əldə edilmiş razılıqlar və imzalanmış müqavilələr əsasında Azərbaycanda həyata keçirilən Xəzər dənizində şəhər – “Khazar Islands” layihəsinə 500 mln. ABŞ dolları həcmində xarici investisiya yatırılacaq. Bu barədə APA agentliyinə “Khazar Islands” layihəsini həyata keçirən “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, oktyabrda “Khazar Islands”ın rəhbərliyi Dubayda (BƏƏ) və İstanbulda (Türkiyə) investorlarla görüşlər keçirib. Danışıqların nəticəsi olaraq bir sıra iş adamları layihəyə qoşulmağa qərar verib və artıq gələn həftə layihəyə investisiya yatırmaq istəyən investorlar Bakıya gələcək.

“Layihəyə Yunanıstan, Dubay, Səudiyyə Ərəbistanı və Misirdən olan işi adamlarının birgə şirkəti böyük maraq göstərir. Bu şirkət Dubayda və digər Yaxın Şərq ölkələrində çoxsaylı hotellərin tikintisini həyata keçirib və sahibidir. Bu şirkət layihəyə azı 200 mln. dollar investisiya yatırmaq niyyətindədir”, - Nehrəmli bildirib.

Bundan başqa, Türkiyədə investorlarla aparılmış danışıqlar nəticəsində investisiya şirkətinin “Khazar Islands” layihəsinə ilkin olaraq 50 mln. avro məbləğində sərmayə yatıracağı barədə ilkin razılıq əldə edilib. Bu şirkətlə də müqavilənin yaxın günlərdə imzalanması gözlənilir. Həmin şirkət layihədə 6 binanın və ya ümumilikdə 200 min kv. metr sahənin tikintisini maliyyələşdirəcək.

”Hazırda potensial investorlarla danışıqlar davam etdirilir. Yaxın günlərdə layihədə iştirakı ilə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanı şahzadələrindən biri Bakıya gələcək. Bundan başqa, noyabrda Çexiyanın PSG şirkəti, Çin “Eximbank”ı, bəzi Türkiyə və Dubay bankları və şirkətlərinin nümayəndələri danışıqlar aparmaq üçün Azərbaycana gələcək”, - dyə konsern başçısı vurğulayıb.

Qeyd edək ki, dənizdə süni arxipelaq üzərində salınacaq “Khazar Islands” ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın özü uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq. “Khazar Islands” layihəsinin icrası ümumilikdə təqribən 100 mlrd. dollara başa gələcək.
XS
SM
MD
LG