Accessibility links

Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə


Onlayn tənqidi səslər konfransı

Onlayn tənqidi səslər konfransı

“Onlayn tənqidi səslər: Hüquq müdafiəçiləri və medianın kiber təhlükəsizliyi” mövzusunda konfransda tənqidi saytlara kiberhücumlar pislənib

Bakıda “Onlayn tənqidi səslər: Hüquq müdafiəçiləri və medianın kiber təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunub.
Tədbir “Onlayn İfadə Təşəbbüsü” (Expression Online Initiative) kampaniyası çərçivəsində keçirilib.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib ki, kampaniyanın əsas məqsədi Azərbaycanda İnternetlə bağlı araşdırma aparmaq və müvafiq tövsiyələr hazırlamaqdır.
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov bu ilin yanvarında bir sıra dövlət və qeyri-dövlət saytlarına edilən hücumları xatırladıb. “Bu, kibertəhlükəsizliyin peşəkar deyil, həvəskar şəkildə təmin edildiyini göstərib”.
Problemin kökü medianın kibertəhlükəsizliyinin beynəlxalq lisenziyalaşdırılmış antivirus və digər proqramlarla təmin edilməməsindədir.
Bu sahədə Qərbin liberal standartlaşdırma sistemi tətbiq edilməli, kibertəhlükəsizlik sistemi sahəsində tədris vəsaitləri hazırlanmalı, mütəxəssislər yetişdirilməlidir.
Forumda İnternetdə tənqidi səslərin boğulmasına, xüsusən, son iki ildə “Azadlıq” qəzetinin saytına hücumların artmasına diqqət yetirilib. Bu dövr ərzində saytın bazası sıradan çıxıb. Bunun səbəbi redaksiyanın hakimiyyətin siyasətini tənqid etməsi olub.
“Azadlıq” qəzetinin redaktoru Rəhim Hacıbəyli sayta hücumların davam etməsi barədə məlumat verib. “Bu ilin mart və may aylarında saytın parollarını və panellərini ələ keçirilməyə çalışıblar. Hökumət internetdə informasiyanın sərbəst axınını daha çox tənzimləməyə və məhdudlaşdırmağa çalışır. Bunun nəticəsində hakimiyyət İnternetdə senzura yaradır”.
Beynəlxalq Article 19 təşkilatının nümayəndəsi Rebeka Vinsent (Rebecca Vincent) qeyd edib ki, Azərbaycanda çox mühüm və həssas siyasi məqamlarda tənqidi saytların bağlanması və məhdudlaşdırılması ilə bağlı xəbərlər var. Onun sözlərinə görə, bu, dövlət agentləri və İnternet provayderləri arasında qeyri-rəsmi danışıqlar nəticəsində baş verib.
R.Vinsent bunu ifadə azadlığına açıq təzyiq kimi qiymətləndirib. Beynəlxalq insan hüquqları standartlarına görə, saytın icbari bağlanması yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər, bu zaman qərar məhdud sahəni əhatə etməlidir.
Media Hüquqları İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı hesab edir ki, dövlət və özəl saytlara edilən hücumlara dövlətin reaksiyası eyni olmalıdır. “Dövlət saytlarına qarşı edilən kiberhücumlar cinayət xarakterli olursa, özəl saytlara da edilən hücumlar eyni tərkibə malik olmalıdır”, ekspert belə hesab edir.
Bloger Əli Novruzov sosial şəbəkələrdə saxta profillərin yaradılması problemlərinə diqqət çəkib, HTPPC təhlükəsizlik sistemindən istifadənin zəruriliyini vurğulayıb.
Görüşdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fikri səslənməyib, belə ki, bu qurumun nümayəndələri tədbirə gəlməyiblər.
Azərbaycan 2008-ci ildə Avropa Şurasının kibercinayətkarlığa qarşı mübarizə Konvensiyasına qoşulub. 2001-ci ildə imzalanmış bu sənəd kibercinayətkarlıq sahəsində milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılmasını nəzərdə tutur.
Azərbaycan hakimiyyəti müvafiq beynəlxalq standartlar əsasında milli təhlükəsizlik standartları işləyib hazırlamalı, elektron təhlükəsizlik üzrə dövlət qurumu yaratmalıdır.
XS
SM
MD
LG