Accessibility links

ABŞ prezidenti birinci xanımla bərabər kilsə nümayəndələrinin bəzilərini şəxsən tanıdığını deyib. Barak Obama bildirib ki, biz onlara dua edirik, ailələri və icmaları ilə bərabərik.

ABŞ dövlət başçısı kədər və qəzəb hisslərinin dilə gətirməyin qeyri-mümkün olduğunu vurğulayıb.

O, qətlləri mənasız bir hərəkət adlandırıb.

"Sülh axtardığımız, dua etdiyimiz bir məkanda qətl məyusedici bir haldır" –deyə prezident bildirib.

Kilsənin vətəndaş hüquqları hərəkatında yaxından iştirak etdiyini qeyd edən Barak Obama buranı afro-amerikalıların azadlıq naminə təsis etdiyini deyib.

Prezident bildirib ki, amerikalılar odlu silahlarla yol verilən zorakılıqlara mane olunmasında razılıq əldə etməlidir.

Cənubi Karolinanın Çarlston şəhərində axşam saatlarında tarixi Afro-Amerika kilsəsində 9 nəfəri güllələyərək öldürən şəxsin axtarışı davam edir. Polis hücumun nifrət zəminində baş verdiyini ehtimal edir.

Çarlston polis rəisi Qreq Mullen müxbirlərə deyib ki, təqribən 20 yaşında ağdərili oğlan dua mərasimi zamanı Emanuel Afrika Metodist Episkopal kilsəsinə girərək atəş açmağa başlayıb.

Mullen deyib ki, hücuma məruz qalanların səkkizi kilsədəcə keçinib. Bir nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra ölüb. Rəsmilər qatilin kilsəyə girən an kameraya düşən şəklini yayıb.

Məlumatda deyilir ki, Cənubi Koralinadan senator və keşiş Klementa Pinkney ölənlər arasında olub.

Hadisə zamanı yaralananlar da var.

Polis bomba hücumu haqda məlumat aldıqdan sonra kilsə ətrafındakı evlərdən insanları evakuasiya edib. Daha sonra təhlükə sovuşub.

Çarliston meri Cozef Riley hadisəni görünməmiş faciə adlandırıb.

XS
SM
MD
LG