Accessibility links

Baş Prokurorluq Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cumhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərlərini dəvət edərək rəsmi xəbərdatlıq edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, KİV rəhbərlərindən “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Mətbuat xidməti bildirir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra KİV-lərdə “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb.

Xatırladaq ki, bu il noyabrın 20-də Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı AZƏRTAC dövlət agentliyinə müsahibə verib.

“Təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”, Həsənov qeyd edib.

Bu bəyanatdan sonra Mətbuat Şurası da məsələ ilə bağlı müzakirə keçirib.

Son zamanlar yerli KİV-lər Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindəki həbslər, Beynəlxalq Banka kredit borcları ilə bağlı saxlananlar barədə müxtəlif informasiyalar və şərhlər dərc edir. Belə ki, medianı baş verənlərlə bağlı rəsmi qurumların yaydığı məlumatlar qane etmir və qeyri-rəsmi mənbələrə istinad etməklə müxtəlif məlumatlar yayılır.

XS
SM
MD
LG