Accessibility links

Klinton anti-Əsəd koalisiyası yaratmağa çalışır


ABŞ Dövlət katibi Hillari Klinton Bolqarıstanın Baş naziri Boyko Borisovla görüş zamanı danışır, Sofiya, 5 fevral 2012
ABŞ Dövlət katibi Hillari Klinton Bolqarıstanın Baş naziri Boyko Borisovla görüş zamanı danışır, Sofiya, 5 fevral 2012

ABŞ Dövlət katibi Hillari Klinton demokratik Suriyanın dostlarını prezident Bəşar Əl-Əsədin hökumət əleyhdarı nümayişçilərə divan tutmasına son qoymaq və onun hakimiyyətdən getməsinə gətirib çıxaran siyasi keçid prosesini dəstəkləmək istiqamətində fəaliyyət göstərməyə çağırıb.

Xanım Klinton bu açıqlamaları Bolqarıstan paytaxtı Sofiyada Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurasında qətnaməyə veto qoymasından bir gün sonra verib. Qətnamə Ərəb Liqasının prezident Əsədin hakimiyyəti müavininə təhvil verməsi, zorakılıqlara son qoyulması və seçkilərin keçirilməsinə çağıran planına dəstək kimi qiymətləndirilir.

Dövlət katibi Klinton vetonu parodiya adlandıraraq, başqa ölkələrlə Suriyaya qarşı regional və ayrı-ayrı ölkələr tərəfindən sanksiyaları ciddiləşdirmək istiqamətində iş aparmağa və onun sözlərilə, rejimin “müharibə maşını”nın işləməyə davam etməsinə imkan yaradan maliyyə mənbələri və silah göndərişləri mənəbələrinin kökünü kəsməyə söz verib.

ABŞ rəsmiləri eyni mövqedə olan ölkələrin Suriyanın daxilində və xaricində olan müxalifət qruplarının bir araya gətirilməsi, humanitar yardımın göstərilməsi və Dəməşqə silah satışlarının monitorinq edilməsi istiqamətində birgə iş aparacağını bildiriblər.

Bu mümkün koalisiyanın iştirakçıları Türkiyə, ərəb və qərbi Avropa ölkələri ola bilər.

Ərəb Liqasının baş katibi Nabil Ələrəbi bu gün bildirib ki, ərəb ölkələri Suriya böhranını həll etmək üçün səyləri davam etdirəcək. O deyib ki, Rusiya və Çinin Suriya ilə bağlı qətnaməyə veto qoyması beynəlxalq ictimaiyyətin liqanın planına verdiyi aydın dəstəyin əhəmiyyətini qətiyyən azaltmır.

XS
SM
MD
LG