Accessibility links

Sandersin Klintona dəstəyi Demokrat partiyasında birlik istiqamətində mühüm addımdır


Prezidentliyə namizəd Berni Sandersin rəqibi Hillari Klintona rəsmən dəstək bildirməsi noyabr ayında seçkidən öncə Demokrat partiyasında birlik istiqamətində ən mühüm addımlardan biridir. Sanders Nyu Hempşir ştatında Klintonla birgə seçki tədbirində iştirak edib.

Vermont senatoru uzun sürən gərgin praymerilərdən sonra prezidentlik kampaniyasına son qoydu və rəsmi olaraq demokratların ehtimali namizədi Hillari Klintona dəstək bildirdi.

Berni Sanders: “O, Demokrat partiyasından prezidentliyə namizəd olacaq və mən onun Birləşmiş Ştatların növbəti prezidenti olması üçün əlimdən gələni edəcəm.”

Bu dəstək bir neçə həftə sürən danışıqlar və iki namizəd arasında bir sıra güzəştlərdən sonra verilib. Bununla Demokrat partiyasının respublikaçı Donald Trampla qarşılaşmağa hazırlaşan Klinton ətrafında birləşməsi üçün zəmin yaradılır.

Hillari Klinton: “Burada Nyu Hempşirdə onunla birlikdəyik və mən bundan sonra artıq eyni cərgədə olduğumuza görə seçkinin nə qədər maraqlı olacağını təsəvvür edirəm. Bilirsinizmi nə üçün? Ona görə ki birlikdə biz güclüyük.”

Tramp Twitter hesabında mesajında Sandersi Klintona “satılmaq”da ittiham edib və öz tərəfdarlarını məyus etdiyini yazıb.

O, seçki tədbirlərində Klintonun şəxsi email-dən istifadə etməsilə bağlı kəskin tənqidlərini davam etdirir.

Donald Tramp:”O, ya yalançıdır, ya da qabiliyyətsizdir. Çox sadə, ikinsindən biri. Şəxsi keyfiyyətlərə gəldikdə, hər ikisi ona aiddir.”

Təhlilçi Con Fortiyer deyir ki, Sandersin dəstəyi partiyada birlik istiqamətində mühüm bir addımdır.

Con Fortiyer:”Berni Snders kampaniyada yaxşı rol oynaya bilər. O, Donald Trampın zəif cəhətlərini göstərərək, ona qarşı yaxşı hücumlar edə bilər. Hillari Klintonun ən böyük tərəfdarı olmaqdan daha çox, o, tərəfdarlarına Donald Trampın demokratlara alternativ ola bilməyəcəyini göstərə bilər.”

Yeni rəy sorğularına əsasən, Klinton gənc seçicilərin dəstəyini qazanmaqda çətinlik çəkir. Gənclərin çoxu Sandersə üstünlük verir.

Təhlilçi Frank Nyuportun fikrincə, Sandersin dəstəyi bu işdə kömək ola bilər: “Onlar ispan mənşəlilərin dəstəyini, Obama seçiləndə olduğu kimi afroamerikalıların seçkidə fəallığını təmin etməyə çalışacaq. Onlar gənclərin seçki məntəqələrinə gəlib səs verməsinə çalışacaq. Amma bu, çətindir.”

Sanderslə yanaşı Hillari Klinton prezident Barak Obamanın da dəstəyinə arxalanır. Buna görə də Şimali Karolinada olduğu kimi onları seçki kampaniyası tədbirlərində yenə də birlikdə görmək mümkün olacaq.

XS
SM
MD
LG