Accessibility links

Klinton və Tramp rəy sorğularında üstünlük uğrunda mübarizə aparır


Birləşmiş Ştatlarda prezident seçkilərində son rəy sorğuları Hillari Klintonun Donald Trampdan xeyli irəli olduğunu göstərir.

Hər iki namizədin iyul ayında partiya qurultaylarına hazırlaşdığı vaxt açıqlanmış son bir neçə sorğuda Trampa dəstəyin azaldığı müşahidə edilir, lakin Klintonun özünün də neqativ reytinqlər aldığı göstərilir. Bu isə namizədlərin noyabr ayında seçkilərdən öncə imiclərini yaxşılaşdırmaq üçün daha çox iş görməli olduğunu göstərir.

Hillari Klinton və Massaçusets senatoru Elizabet Uorrenin seçkilərdə mühüm ştat olan Ohayoda bir hədəfi var idi-Donald Tramp.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton:

“Biz Donald Trampı kazinolarını müflisləşdirdiyi kimi Amerikanı da müflis etməyə qoymayacağıq.”

Lakin sorğular seçicilərin əksəriyyətinin Klintona inamla yanaşmadığını göstərir. Buna görə də o, Çikaqodakı tədbirdə belə bir etiraf etməli olub.

“Mən şəxsən bunun üzərində işləməli olduğumu bilirəm. Çox sayda insan sorğularda mənə inanmadığını deyib. Mən bunu eşitmək istəmirəm. Tamamilə aydındır ki, mən səhvlərə yol vermişəm. Mən səhv etməyən bir nəfər də olsun tanımıram. Buna görə də insanlarda suallar yarandığını başa düşürəm.”

Lakin Klintonun qarşılaşdığı sınaqlar prezidentliyə respublikaçı namizəd Donald Trampla müqayisədə daha azdır. Tramp qadınlar və azlıqlar tərəfindən mənfi qarşılanır. Bununla belə o, qələbə çalacağına əminliyini bildirir.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp.

“Mən kampaniya başlayan kimi kənar adam oldum. Mənim dostum olan adamlar mənə “sən kənar adamsan” deməyə başladı. Bilirsinizmi nəyə görə? Ona görə ki mən sizin üçün doğru olan işləri görəcəm. Mən onlar üçün doğru olan işləri görməyəcəm.”

Lakin Tramp ilkin seçkilərdə rəqibdən ümumi seçkilərdə namizəd olmaq üçün bir imic yaratmaqda çətinlik çəkir.

Təhlilçi Tom Defrank, National Journal

“Mən həmişə belə fikirdə idim ki, Trampın respublikaçıların praymerilərində ritorikası müəyyən dərəcədə işə yarayırdı, lakin payızda bu onun üçün problem yarada bilər.”

Təhlilçi Skot Folknerin fikrincə isə Hillari Klinton da öz üzərində işləməlidir.

“Onun üstünlüklərindən asılı olmayaraq, o, çox pis namizədddir. O, yaxşı natiq deyil. İnsanlarla təmas yarada bilmir. Onu sanki yenidən təqdim etməyə çalışırlar.”

Təhlilçi Con Fortiyerin sözlərinə görə, noyabr ayında demokrat seçicilərin fəallığını təmin etmək üçün Klinton diqqəti Trampın mənfi cəhətlərinə yönəldəcək:

“O, siyasətdə o qədər tanınıb ki, bir çox adam onu sevmir və onun haqda artıq fikir formalaşıb. Buna görə də Hillari Klinton qarşısında əsas sınaq ondan ibarətdir ki, o, Donald Trampın alternativ olmadığını göstərmək üçün seçicilərin fəallığını təmin etməlidir.”

Hər iki namizəd haqda mənfi fikirlər mövcud olduğuna görə təhlilçilər noyabr ayında seçkilərə qədər iki əsas namizəd arasında olduqca gərgin rəqabətin gedəcəyini gözləyir.

XS
SM
MD
LG