Accessibility links

Koalisiya Suriya əsgərlərini öldürmədiyini bildirir


Suriya və ölkədəki zorakılıqların qeydə alınmasına nəzarət edən qrup bildirib ki, ABŞ başçılıq etdiyi koalisiyanın hava hücumu Suriyanın 3 əsgərinin həyatına son qoyub. Məlumatda Deir Ezzor vilayətində baş verən insident zamanı hərbi düşərgədəki 13 nəfərin də yaralandığı bildirilir.

Suriyanın Xarici İşlər Nazirliyi koalisiya tərəfindən həyata keçirilən "ağır təcavüzü" sərt tənqid edərək bildirib ki, bu, BMT xartiyasına ziddir. Suriya insidentlə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT baş katibi Ban Ki-Muna məktub göndərərək oxşar insidentin yenidən baş verməməsini təminat altına almağa çağırıb.

Mərkəzi Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, əvvəlki günlərdə də baş verən hücumlarla birlikdə ölümlərin sayı 4-ə yüksəlib.

Fransa xəbər agentliyi isə koalisiyanın sözçüsü Polkovnik Stiv Vorrenə istinadən bildirir ki, Suriyanın əsgərlərin öldüyünü iddia etdiyi ərazinin 50 kilometr uzaqlığında belə koalisiya hücumları həyata keçirilməyib.

Ötən həftə koalisiya Deir Ezzorda 20 hava hücumu həyata keçirildiyini bildirib. Onların böyük əksəriyyəti İŞİD yaraqlılarının maliyyə qaynağı olan neft yataqlarının yerləşdiyi ərazi olub.

Deir Ezzor Suriyanın şərqində İŞİD-ın de fakto paytaxt elan etdiyi Rəqqa şəhəri ilə qruplaşmanın İraqın şimalında nəzarət etdiyi ərazi arasında yerləşir.

XS
SM
MD
LG