Accessibility links

Cənubi Karolinada respublikaçıların praymerisi, Nevadada isə demokratların kokusu keçirilir


Bu gün ABŞ-ın iki fərqli ştatında seçicilər demokratlar və respublikaçılar tərəfindən prezidentlik uğrunda yarışın istiqamətinə aydınlıq gətirəcək. Cənubi Karolinada respublikaçıların praymerisi, Nevadada isə demokratların kokusu keçirilir.

Cənubi Karolina praymerisindən öncə isə respublikaçılar tərəfindən öndə gedən namizəd Donald Tramp və Papa Fransizin Meksika ilə sərhəddə divarın inşa edilməsi ilə bağlı çıxışları mübahisələrə səbəb olub. Bu həftə Meksikadan Romaya dönən zaman müxbirlərin sualına cavab verən Papa deyib ki, “körpü deyil, divarların tikilməsi haqda fikirləşən bir insan xristian ola bilməz.” Tramp Meksika ilə ABŞ arasında divarın inşa edilməsini təbliğ edir.

Cavab olaraq, Tramp Papanın bu sözlərini “rüsvayedici” adlandırıb. Daha sonra isə Papa Fransisə qarşı böyük hörmət bəslədiyini və Roma Papasının sərhəd planı ilə bağlı yanlış məlumatlandırıldığını iddia edib.

Digər respublikaçı namizəd Ohayo qubernatoru Con Keysik papanın sözləri ilə bağlı şərh verməkdən imtina edib, Florida qubernatoru Ceb Buş isə Trampın imanını sual etməyin yanlış olduğunu deyib.

Tramp həmçinin 2002-ci ildə İraq müharibəsini dəstəkləməyi ilə bağlı şərhlərinə görə sorğu-sual edilib. Kuinnipiak Universitetin apardığı sorğu nəticələri Trampın 39 faiz dəstəklə respublikaçı namizədlər arasında öndə getdiyini göstərir. 19 faiz dəstəyə sahib olan Marko Rubionu bu həftə Cənubi Karolina qubernatoru Nikki Heyli də dəstəklədiyini açıqlayıb.

Demokratlar tərəfində isə sabiq dövlət katibi Hillari Klinton və Vermont Senatoru Berni Sanders Nevadadakı kokusdan öncə dəstəklərini artırmağa çalışır. Sanders azlıqların az yaşadığı Ayova və Nyu-Hempşirdə uğur əldə edəndən sonra Klinton digər ştatlarda azlıqların dəstəyini cəlb etmək üzərində işləyir.

Cümə axşamı Klark Qraflığı Qaradərililər İcması Sandersi dəstəklədiyini bildirib.

Kuinnipiak Universitetin sorğu nəticələri Klinton və Sandersin ölkə boyu demək olar ki, eyni dəstəyə sahib olduqlarını göstərir. Klinton 44 faiz, Sanders isə 42 faiz dəstəyə sahibdir.

Nevada kokusundan bir həftə sonra Cənubi Karolinada demokratların kokusu keçiriləcək.

XS
SM
MD
LG