Accessibility links

Kondoliza Rays Qəzzafinin ona rəğbətindən danışıb


Kondoliza Rays Qəzzafinin ona rəğbətindən danışıb

Kondoliza Rays Qəzzafinin ona rəğbətindən danışıb

ABŞ-ın keçmiş Dövlət katibi keçmiş Liviya diktatorunun ona rəğbətini "qəribə və ikrah doğuran"kimi qiymətləndirib

ABŞ-ın keçmiş Dövlət katibi Kondoliza Rays Liviyanın keçmiş lideri Müəmmar Qəzzafinin ona xüsusi rəğbətini “qəribə və ikrah doğurucu” adlandırıb.

CNN teleşirkətinə müsahibə verən xanım Rays özünün yeni nəşr olunmuş “Vaşinqtondakı illər haqda xatirələrim” adlı kitabını müzakirə edib.

Xanım Raysın kitabına əsasən, Müəmmar Qəzzafinin ona xüsusi rəğbəti bir neçə halda özünü göstərib. Qəzzafi özü üçün ABŞ-ın keçmiş dövlət katibinin çəkildiyi video hazırlayıb, özünün bəstələdiyi “Ağ Evdə Qara Çiçək” adlı mahnını buraya daxil etmişdi.

Müsahibə zamanı Kondoliza Rays deyib ki, onun Qəzzafinin bu xüsusi rəğbətindən xəbəri olub, hətta ona dost olan bəzi xarici işlər naziri və onun işçiləri də buna işarə ediblər. Xanım Rays bildirib ki, o, Liviyaya səfərlərinin birində özünə həsr edilmiş videoya Qəzzafi ilə birlikdə baxıb və bundan sonra onlar adi qaydada danışıqlara davam ediblər. Rays əlavə edib ki, Qəzzafinin ona həsr olunmuş video hazırlayacağını biləndə, o çox narahat olub, lakin xoşbəxtlikdən videoda yalnız onun dövlət liderlərilə görüşləri çəkilib.

Liviyada müvəqqəti hökumət qüvvələri Müəmmar Qəzzafinin istehkamını ələ keçirərkən orada Kondoliza Raysın şəkillərindən ibarət foto-albom tapılmışdı. Xanım Rays deyib ki, Qəzzafinin rəğbəti onda ikrah hissi doğursa da, o, diqqəti Liviya ilə diplomatik fəaliyyətlərin davam etdirilməsi məsələsi üzərində saxlamağa çalışırdı. “O həmin dövrdə kütləvi qırğın silahlarını təhvil vermişdi. O, terror aktlarının qurbanlarının ailə üzvlərinə kompensasiya ödəyirdi. Mənim vəzifəm ora gedib diplomatik işləri görüb geri qayıtmaqdan ibarət idi”-deyə xanım Rays bildirib.

Kondoliza Rays 2005-2009-cu illər arasında prezident Buşun ikinci dönəm hakimiyyəti zamanı Dövlət katibi vəzifəsini tutmuşdur. O, ABŞ-ın ilk qaradərili qadın Dövlət katibi olmuşdur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG