Accessibility links

İnsan Hüquqları Forumu: Azərbaycan hökuməti İnsan Hüquqları sahəsində BMT-nin tövsiyyələrini yerinə yetirməlidir [Video]


İnsan Hüquqları Forumu:Azərbaycan hökuməti İnsan Hüquqları sahəsində BMT-nin tövsiyyələrini yerinə yetirməlidir
please wait

No media source currently available

0:00 0:06:14 0:00

İnsan Hüquqları Forumu: Azərbaycan hökuməti İnsan Hüquqları sahəsində BMT-nin tövsiyyələrini yerinə yetirməlidir

Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində problem hələ də qalmaqdadır

Dekabrın 11-də Bakıda Park İnn otelində Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş İnsan Hüquqları Forumu keçirilib.

Vətəndaş cəmiyyəti, KİV, diplomatik korpus nümayəndələrinin iştirakı ilə keçirilən forumun təşkilatçıları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İMS Beynəlxalq KİV-ə Dəstək Təşkilatı və Böyük Britaniya səfirliyidir.

RATİ rəhbəri Emin Hüseynov bildirib ki, hakimiyyət və ombudsman foruma dəvətə məhəl qoymayıblar.

İlham Əliyevin bu yaxınlarda KİV nümayəndələri ilə görüşü zamanı müxalifətlə dialoq zərurəti haqqında çağırışları fonunda bu mövqe qəribə görünür, deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

“İştirakçılar arasında hakimiyyət nümayəndələrinin olmaması onların dialoqa hazır olmadığını göstərir”, deyə o qeyd edib.

İlk olaraq tədbirin xarici məruzəçiləri çıxış edərək, BMT İnsan Hüquqları Bəyannaməsinin müasir demokratik dünyanın formalaşdırılmasında əhəmiyyətini və rolunu qeyd ediblər.

“Böyük Britaniya üçün universal insan haqları vacibdir, ona görə bu günkü forumun söz, ifadə və yığıncaq azadlığı məsələsini müzakirə etməsindən məmnunuq. Bu günlərdə dünya bütün şəraitlərdə insan haqları və azadlıqlarının qələbə çaldığını sübut edən Nelson Mandela ilə vidalaşması çox simvolikdir”, deyə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan qeyd edib ki, Amerika Birləşmiş Ştatları dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın universal insan haqlarına malik olduğunu bəyan edən Ümumdünya İnsan Haqları Bəyannaməsinin prinsiplərini dəstəkləyir.

“2012-ci ilin iyununda ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı bəyan edib ki, ABŞ insan haqları sahəsində əməkdaşlığa ehtiyac duyur. ABŞ siyasi islahatlar keçirilməsini zəruri sayır. Biz Azərbaycanı yığıncaq, toplaşma, ifadə və spz azadlığını, media plüralizmini təmin etməyə çağırırıq. Qoy insanlar öz fikirlərini sərbəst ifadə edə bilsinlər. İnanırıq ki, plüralizm sizin gənc dövlətinizin əsası olacaq və biz bu sahədə Azərbaycanın çiçəklənməsinə yardım edəcəyik”, deyə diplomat bildirib.

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks foruma videomüraciətində Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsini zəruri adlandırıb.

“Bu, vacibdir, buna görə biz ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviçlə vəziyyəti izləyirik və vəziyyətdən narahatıq. Hökumət həmçinin toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərə son qoymalıdır, xüsusən Avropa Şurasına sədrliyi ərəfəsində”, deyə Mujnieks bildirib.

Media hüquqları İnstitutunun proqram meneceri Xalid Ağaliyev deyib ki, diffamasiya haqqında qanunun olmadığı bir şəraitdə məhkəmələr jurnalistlərə qarşı qeyri-adekvat qərarlar qəbul etməkdə davam edirlər. O qeyd edib ki, diffamasiya haqqında qanunun qəbulu əsassız olaraq gecikdirilir və 12 ilə yaxındır davam edir.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bu fikri təsdiq edib və xatırladıb ki, ATƏT-in dəstəyi ilə MŞ 2011-ci ildə belə bir qanun layihəsi hazırlayıb və onu parlamentə təqdim edib. “Biz də bu qanunun qəbulunu zəruri sayırıq, baxmayaraq ki, bütün KİV-lər hələ buna hazır deyil”, deyə o qeyd edib.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayev də toplaşmaq azadlığı ilə bağlı problemin kəskin olduğunu deyərək, mitinq iştirakçılarına qarşı 100-dən çox məhkəmə prosesində vəkil kimi iştirak etdiyini qeyd edib.

“Minlərlə insan inzibati cəzaya və cəriməyə, onlarla insan həbsə məruz qalıb”, deyə o qeyd edib.

Hakimiyyətin vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq cəhdlərinə, xüsusən QHT-lərin qeydiyyatından kütləvi imtinaya və ya onlara qarşı təzyiqlərə xüsusi diqqət çəkilib. “Bizim təşkilatımızn qeydiyyatndan qanunsuz olaraq imtina edirlər və belələrinin sayı mindən çoxdur”, deyə İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov bildirib. Onun sözlərinə görə, təzyiqlərə baxmayaraq, klub işini davam etdirir və oktyabrın 10-da 142 siyasi məhbusdan ibarət siyahı dərc edib.

Hökumətin təzyiqinə məruz qalan QHT-lərdən biri də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzidir. Baş Prokurorluq bu təşkilata qarşı oktyabr prezident seçkilərindən dərhal sonra cinayət işi açıb. Təşkilatın sədri Anar Məmmədli ölkədə təhlükəli təmayül olduğunu, QHT, KİV və toplaşmaq azadlığı ilə bağlı qanunvericiliyə Mərkəzi Asiya ölkələri və Belarus səviyyəsinə qədər məhdudiyyətlər daxil edildiyini vurğulayıb.

Hökumətyönümlü “Səs” və “Yeni Azərbaycan” qəzetlərinin jurnalistləri insan hüquqları və media sahəsində problemlər olmasına etiraz etməyə çalışaraq, uğurların mövcudluğunu və dövlətin hər bir vətəndaşa qarşı qayğısını qeyd ediblər.

Forumun sonunda sədr Emin Hüseynov hakimiyyətə tövsiyə olaraq hökuməti BMT-nin insan hüquqları sahəsində bu ilin may ayında rəsmi Bakıya təqdim etdiyi 175 tövsiyə və iradı yerinə yetirməyə çağırıb.

“Hökumətyönümlü KİV-lərdən olan rəqiblərimizin vəkillik etməsinə ehtiyac yoxdur, belə ki, Azərbaycan hökuməti özü BMT-nin demək olar ki, bütün tövsiyələri və iradları ilə razılaşıb”, deyə Hüseynov bildirib.
XS
SM
MD
LG