Accessibility links

Konnektikut ştatının ibtidai məktəbində öldürülənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib



Bu gün ABŞ prezidenti Barak Obama ötən cümə günü Konnektikut ştatının ibtidai məktəbində öldürülənlərin xatirəsini sükutla anan amerikalılara qatılıb.

20 yaşlı Adam Lanza “Sendi-Huk” ibtidai məktəbində 20 şagird və 6 məktəb işçisini qətlə yetirib.

Hadisə Amerikada silahlara nəzarətlə bağlı debatların qızışmasına yol açıb.

ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydenə odlu silahların daşınmasına nəzarət məqsədi ilə yeni siyasət tətbiq etməsini həvalə edib.

Obama bildirib ki, amerikalıların əksəriyyəti insanları Konnektikut ştatının Nyutaun şəhərində baş verən hadisə kimi faciələrdən qoruyacaq dəyişikliklərə dəstək verir.

Barak Obama deyib ki, indi sözdən əmələ keçmək vaxtıdır. “Əgər biz hər bir zorakılığın qarşısını ala bilmiriksə, bu, onların həcminin azaldıla bilməyəcəyi demək deyil,” deyə ABŞ dövlət başçısı qeyd edib.

ABŞ prezidenti avtomat silahların satışı və şəxsiyyətləri yoxlanılmadan insanlara silah satışının qadağan edilməsinə çağırır.

Bayden konkret tövsiyələr hazırlayacaq komissiyaya rəhbərlik edəcək. Tövsiyələr hazırlandıqdan sonra prezidentə təhvil veriləcək.

Bu arada, Milli Silah Assosiasiyası bu gün mətbuat konfransı təşkil edəcək.
Hadisə qurbanlarının dəfnləri davam edir. Bu gün 2 uşaq və 2 məktəb işçisi torpağa tapşırılıb.
XS
SM
MD
LG