Accessibility links

ABŞ qanunvericisi Nümayəndələr Palatasında Azərbaycanın əhəmiyyətini vurğulayıb


Eddi Bernis Conson Azərbaycanı ABŞ-ın dostu və müttəfiqi adlandırıb

Texas ştatını təmsil edən ABŞ qanunvericisi Eddi Bernis Conson iyunun 27-də Konrqesin Nümayəndələr Palatasının iclasında Azərbaycanın Birləşmiş Ştatlar üçün və qlobal miqyasda əhəmiyyətinin tanınmasına çağırıb. Bu haqda məlumatı ABŞ azərbaycanlıların şəbəkəsi USAN yayıb.

Azərbaycanı ABŞ-ın dostu adlandıran xanım Conson ölkənin Birləşmiş Ştatların müttəfiqi kimi əhəmiyyətinin həm də İranda 20 milyon azərbaycanlının yaşaması ilə izah edildiyini qeyd edib. “İranın şimalda böyük bir hissəsinin çox vaxt Cənubi Azərbaycan adlandırılması əsrlərlə bu ərazilərin Azəbraycanın bir hissəsi olduğunu bir daha xatırladır”-deyə Texas qanunvericisi bidirib.

Xanım Conson habelə qeyd edib ki, Xəzər dənizində Azərbaycan nefti və qazının istismarı, eləcə də əsas ixrac boru kəmərləri ilə təbii ehtiyatların Qərb bazarlarına nəqli ABŞ-ın müttəfiqi kimi bu regiounun strateji əhəmiyyətini daha da artırır.

Qanunverici Azərbaycanın Əfqanıstanda Amerika silahlı qüvvələrinə təchizat daşınması üçün tranzit marşrut yolunu təmin etməsini vurğulayaraq, ölkənin coğrafi mövqeyinə görə ABŞ üçün önəmli tərəfdaş olduğunu qeyd edib. “2014-cü ildə Manas hərbi hava bazasının bağlanması gözlənildiyi halda, bu tranzit marşrut əsgərlərimiz üçün daha da vacib olacaq. Bu müsəlman ölkə bizim dostumuzdur və dünyada bizə müttəfiqdir”-deyə o əlavə edib.

Xanım Conson əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bütün dinlərin təmsil olunduğu dünyəvi bir cəmiyyətə nümunə olduğunu deyib. O, ölkədə böyük sayda yəhudinin yaşadığını və Azərbaycanın İsrailin müttəfiqi olduğunu bildirib. Qanuverici habelə Vatikanın kardinalı Fernando Filoninin Bakıda katolik kilsəsində dediklərindən iqtibas gətirərək, qeyd edib ki, “bu, bizə Azərbaycanda nümunə olacaq tolerant bir atmosferin mövcud olduğunu xatırladır.”

Çıxışının sonunda Eddi Bernis Conson ABŞ qanunvericilərini Azərbaycanın Birləşmiş Ştatlar və dünya üçün əhəmiyyətini tanımağa çağırıb.

Eddi Bernis Conson 1993-cü ildən ABŞ Konqresində Texas ştatını təmsil edir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG