Accessibility links

ABŞ Konqresi bu həftə işinə başladı [Video]


ABŞ Konqresinin hər iki palatasının nəzarətini əldə edən respublikaçılar bu həftə artıq işə başlayıb.Nümayəndələr Palatasında ilk gündən siyasi parçalanma, Senatda isə ABŞ prezidentinin vetosu təhlükəsi altında olan qanun layihəsi qeydə alınıb.

Con Beyner Nümayəndələr Palatasına spikerlik vəzifəsinə üçüncü dəfə heç bir çətinliklə üzləşmədən sahib olub. Baxmayaraq ki, mühafizəkarlar onu demokratlarla iş birliyində ittiham edib.

Spiker seçkilərində respublikaçıların bəzisi Beynerə deyil, başqa namizədlərə səs verib, digərləri isə ümumiyyətlə səsvermədə iştirak etməyib.

Kapitoli binasının digər tərəfində isə Co Bayden yeni və yenidən seçilmiş senatorların andiçmə mərasiminə ev sahibliyi edib. Noyabr seçkiləri respublikaçı senatorlara əksəriyyət lideri Mitç Makonnellə bərabər nəzarət imkanı yaradıb.“Biz qarşımızda duran vəzifələrin mühümlüyünü dərk edirik. Bizi ağır iş gözlədiyini bilirik. Bundan əlavə bizi yeni imkanlar da gözləyir. Nailiyyətli olacağımızdan əminəm.”

Bu nikbinlik Nümayəndələr Palatasının Kanada neftini ABŞ-ın körfəz ştatlarına nəql edən boru kəmər layihəsi üçün sınaq olacaq.

Ötən il Senat Kiston XL layihəsinin əleyhinə çıxmışdı. Ağ Ev isə layihənin təsdiq edildiyi təqdirdə prezident Obamanın ona veto qoyacağını bəyan edib. Lakin bu, respublikaçı senator Con Hoeven kimi nümayəndələri fikirlərindən yayındırmır.

“Kanada və Amerikanın əməkdaşlığı ilə istehlak edilən enerjidən daha artıq enerji hasil edə bilərik . Bu bizə, ailələr və bizneslərə yardım edəcək. Bu, İran və Rusiya kimi ölkələrə təzyiqləri artıracaq.”

Boru xətti layihəsi Demokrat Partiyasının tərəfdarları olan ətraf mühit müdafiəçilərinin də etirazı ilə qarşılanır.

Siyasi təhlilçi Ullyam Houelin dediyinə görə, Konqresdə ilk gündən müşahidə edilən fraksionalizm və tərəfdarlıq təəəccüb doğurmur. “Çıxılmaz vəziyyət davam edir. Əgər əvvəllər yalnız Nümayəndələr Palatasından maneələr gəlirdisə, indi hər iki palatdan gələcək.”

Son 4 il ərzində Konqres respublikaçılar və demokratlar arasında paylaşılırdı.İndi isə Ağ Evlə Konqres arasında siyasi parçalanma yaşanacaq.

XS
SM
MD
LG