Accessibility links

Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət edib

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var. Konqresin prezidenti Fazil Qurbanovdur.

Konqresin məlumatına görə, Rusiyada 600 mindən çox azərbaycanlı yaşayır. Amma qeyri-rəsmi məlumatlara görə, Rusiyada bir milyondan çox azərbaycanlı yaşayır, on minlərlə azərbaycanlı Rusiya ali təhsil məktəblərində təhsil alır.

Diasporla İş üzrə Dövlət Komitə bildirir ki,ÜAK fəaliyyətini Rusiyanın qanunları çərçivəsində fəaliyyət göstərir, ölkədə mövcud olan dini və etnik tolerantlığın möhkəmlənməsinə, millətlərarası dostluğun, mədəniyyətlərarası dialoqun dərinləşməsinə öz töhfəsini verməyə səy göstərir, zəruri məqamlarda iqtisadi tərəqqinin, ictimai-siyasi sabitliyin tərəfdarı kimi prinsipial və ardıcıl mövqe nümayiş etdirir.

“Rusiyanın milli və dövlət maraqları təşkilatın fəaliyyətinin əsas və dəyişilməz prioritetidir”, komitə qeyd edir.

Komitə hesab edir ki, ÜAK-ın ləğv olunması, yaxud onun ictimai nüfuzunun zədələnməsinə yönəlmiş təşəbbüslər xalqlar arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər.

“Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiyanın müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcəkdir”, məlumatda qeyd edilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG