Accessibility links

Konqresdə xarici yardımla bağlı dinləmə [Video]


Martın 25-də Vaşinqtonda ABŞ Konqresinin Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlar alt-komitəsində Konqres üzvü Kay Grangerin sədrliyi altında dinləmə keçirilib. Dinləmədə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatlar komitəni fəaliyyətləri barədə məlumantandırıb və hesabatlarını təqdim ediblər.

İfadə verənlərin sırasında Save the Children, İnternews və UNİCEF kimi təşkilatlar yer alıb. Bundan əlavə Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Amerika-Ermənistan Milli Komitəsinin hökümət məsələləri üzrə direktoru Keyt Nahapetyan, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsi heyətinin üzvü Bədir Məmmədli ifadə veriblər.

Cənab Arduni Türkiyə və Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi sərhəd blokadasına görə Ermənistanın iqtisadi ziyana uğradığını və bunun öhdəsindən gəlmək üçün ABŞ hökümətindən 40 milyon dollarlıq yardım istəyib. Bundan əlavə Arduni Azərbaycan-Ermənistan sülh danışıqlarında Dağlıq Qarabağın da iştirakının bərpa edilməsi təklifini irəli sürüb. Daha sonra ifadə verən Keyt Nahapetyan ABŞ-Ermənistan münasibətlərindən, son iki ildə baş verən atəşkəs pozuntularından bəhs edib və ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmasını vurğulayıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsi adından ifadə verən Bədir Məmmədli xanım Grangeri ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı yardımında balanssızlıq və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. O, həmçinin bildirib ki, ABŞ Ermənistana hərbi yardım göndərməklə həm də Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa dəstək verir. Cənab Məmmədli ABŞ-ın Ermənistana maliyyə yardımının Ermənistanın Dağlıq Qarabağın işğalını möhkəmləndirməyinə kömək etdiyi üçün bu yardım dayandırılmasının zəruriliyini vurğulayıb.

Dinləmədən sonra Bədir Məmmədli Amerikanın Səsinə şərh verib.

Amerikanın Səsinin Azərbaycan Xidməti mövzu ilə bağlı Keyt Nahapetyandan da şərh almağa çalışıb, lakin xanım Nahapetyan danışmaqdan imtina edib.

Show comments

XS
SM
MD
LG