Accessibility links

“Azərbaycanın qeyri-konstitusion gələcəyi”


Əgər konstusiyaya dəyişiklərə dair referendum Əliyevin təklifini təsdiq etsə, bu, onun hakimiyyətini daha da möhkəmləndirmiş olacaq.

Bu haqda müstəqil qlobal media platforması olan Açıq Demokratiya saytında “Azərbaycanın qeyri-konstitusion gələcəyi” başlıqlı məqalədə yazılıb.

Referendum heç vaxt azad və ədalətli seçki görməyən Azərbaycan xalqı ilə acı zarafatdır.

Azərbaycan Türkiyənin siyasi və mədəni baxımdan kiçik qardaşı hesab edilir, müəllif Dominika Bıçavska-Siniarska qeyd edir. Türkiyədə son illər yaşanan siyasi qalmaqal zamanı Azərbaycan prezidentinin belə bir qərar qəbul etməsi təəccüb doğurmur.

Prezident Əliyev referendumun sentyabr ayının 26-da keçiriləcəyini bəyan edib.

Əliyevin fəaliyyət yoluna nəzər salsaq, referendumun avropalı müşahidəçilərə görüntü mahiyyəti daşıdığı anlaşılır. Bu, Avropanın ən pis rejimlərinin taktikasıdır; xarici tənqidçilərin neft müqavilələri, dəbdəbəli idman və mədəniyyət tədbirləri, parlaq jurnalların nəşri kimi gözlərinə pərdə çəkməyə çalışılır.

Dominika Bıçavska-Siniarska məqaləsində yazır ki, bütün bunlar fundamental hüquqların tanınmaması, azad mətbuatın susdurulması və siyasi məhbusların dəhşətli şəraitdə saxlanması fonunda edilir.

Azərbaycanın yeni konstitutsiyası mitinqlərə yalnız 'ictimai asayiş və mənəviyyat pozulmadığı təqdirdə' icazə verir. Bu, hazırda mitinq və piketlərin dağıdılmasını leqallaşdıracaq.

Prezident İlham Əliyevin növbəti referendum təşəbbüsünü tənqidçilər demokratik normalara zərbə kimi qiymətləndirir.
Prezident İlham Əliyevin növbəti referendum təşəbbüsünü tənqidçilər demokratik normalara zərbə kimi qiymətləndirir.

Azərbaycanın ədliyyə sistemi prezident tərəfindən idarə edilir. Parlament Əliyevin istədiyi hər bir şeyə razılıq möhürünü vurur.

Göründüyü kimi referendum heç vaxt azad və ədalətli seçki görməyən Azərbaycan xalqı ilə acı zarafatdır.

İlham Əliyev prezidentlik mandatının uzadılması təklifinin xalqın iradəsinin nəticəsi olacağını deyir.

Lakin müəllif dəyişikliklərin rejimin avtoritarlığını artıracağını, araşdırmaçı jurnalistlərə qarşı kəskin ölçülər götürən prezidentin onsuz da sarsılmaz mövqeyini gücləndirəcəyini yazır.

Təklif olunan konstitutsiyada prezidentin səlahiyyətləri xeyli genişləndiriləcək, ələlxüsus ona növbədənkənar prezident seçkiləri keçirmək hüququ veriləcək.

Məqalədə deyilir ki, Fransa kimi ölkələr prezidentlik müddətini 7 ildən 5 ilə azaltdıqları halda Azərbaycan bunun əksini edir.

Referendum Aktı layihəsində prezidentlik müddətinin 7 ilədək artırılması, prezident tərəfindən birinci vitse-prezident və vitse-prezidentlik institutlarının yaradılması, prezident səlahiyyətlərini icra edə bilmədikdə onun vəzifəsinin icrasının birinci vitse-prezidentə verilməsi, prezident və deputatlığa namizədlər üçün yaş həddinin aradan qaldırılması, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi, vətəndaşların mülkiyyət hüququndan, vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı müddəalar əksini tapıb."

"Azərbaycan rejiminin mahiyyətini bilən adam üçün sentyabr referendumundan fərqli nəticə gözləmək sadəlövhlük olardı," deyə Dominika Bıçavska-Siniarska səsverməni "gözdən pərdə asmaq" kimi qiymətləndirir. "Beynəlxalq ictimiayyətin borcu isə bunu qəti şəkildə qınamaqdır."

XS
SM
MD
LG