Accessibility links

Cənubi Koreyadan yüzlərlə insan Koreya müharibəsi nəticəsində 60 ildir bir-birindən ayrılmış ailələrin birləşməsi məqsədilə bu həftə keçirilən ikinci görüşə qatılmaq üçün Şimali Koreya sərhədini keçib.

Əsas etibarilə yaşlı insanlardan ibarət olan cənubi koreyalı 250 nəfər güclü mühafizə olunan sərhədi keçərək, avtobuslarla uzun illərdir görmədikləri qohumlarla ciddi monitorinq şəraitində keçən görüşün təşkil edildiyi istirahət güşəsinə aparılıb. Ailə üzvlərinə bir-biri ilə görüşmək üçün fasilələrlə ümumi 12 saat vaxt verilir.

Görüş zamanı siyasət kimi mübahisəli məsələlərin müzakirəsi gözlənilimir. Görüşü təşkil edən Koreya Qırmızı Xaç Cəmiyyəti cənubi koreyalılara Şimali Koreyanı tənqid etməmək haqda xəbərdarlıq edib.

Bu həftə çərşənbə axşamı 400 cənubi koreyalının Şimali Koreyada ayrı düşmüş ailə üzvlərilə görüşü təşkil edilmişdi. Cənubi koreyalılar Şimaldakı qohumlara isti paltar və pul hədiyyə edib.

Milyonlarla koreyalı kommunist Şimal və demokratik Cənub arasında kövrək sülh razılaşması ilə başa çatan 1950-53-cü illlərin müharibəsi zamanı məcburi köçkün olub, ailə üzvlərindən ayrı düşmüşdü.

Bu həftə ailələr arasında başa tutan iki görüş 2000-ci ildə iki Koreya arasında zirvə görüşündən sonra keçirilən 20-ci belə görüşdür. Lakin son beş ildə ayrı düşmüş ailələr arasında bu il avqust ayında gərginliklərin azaldılması və daha bir hərbi münaqişənin başlanmasına yol verilməməsi məqsədilə razılığın əldə edilməsindən sonra keçirlən yalnız ikinci belə görüşdür.

Ailələr arasında üz-üzə görüşlə yanaşı, minlərlə koreyalının video vasitəsilə də əlaqə yaratmasına imkan verilib.

65 min cənubi koreyalı isə hələ də ayrı düşmüş ailə üzvlərilə görüşmək üçün növbədə gözləyir. Onların çoxu 80 və 90 yaşlarındadır. Nə Pxenyan, nə də Seul öz vətəndaşlarına sərhədin o biri tərəfindəki qohumlara zəng etmək və məktub göndərməyə icazə vermir.

XS
SM
MD
LG