Accessibility links

Bloq: Koreya - Olmasaydı Elə…


Tarix elmində “counterfactual” deyilən bir anlam var ki, əksər tarixçilər bundan bacardıqca uzaq durmağa çalışırlar. Hərfi mənada “faktın əleyhinə” demək olan bu anlam tarixi hadisələrin fərqli məcraya yönəlmiş olduğu təqdirdə meydana çıxa biləcək müxtəlif hipotezislərin araşdırılmasına aiddir. Məsələn, əgər 1588-ci ildə İngiltərə Donanması İspaniya Armadasına məğlub olsaydı, Qərb Yarımkürəsinin tarixi hansı istiqamətdə inkişaf edərdi? Vladimir Leninin ölümündən sonra hakimiyyətə İosif Stalin deyil, Leon Trotski gəlsəydi, Sovet İttifaqının taleyi necə olardı? Adolf Hitlerə qarşı onlarla sui-qəsd planından biri baş tutsaydı, milyonlarla insan sağ qalardımı? Bəlkə indi başa düşmək olar ki, niyə bir çox tarixçilər belə şeylərə vaxt itirmək istəmirlər.


Bununla belə, Los Angeles Times qəzetində Andrey Lankovun “Əgər Şimali Koreya Müharibəni udsaydı…” başlıqlı məqaləsi maraq doğurmaya bilmir. 1950-ci ildə kommunist qüvvələri şimaldan hücuma keçəndə Cənubi Koreyanın mövcudluğu tükdən asılı idi. İyunun 25-də başlayan döyüş əməliyyatlarından iki ay keçməmiş kommunistlər Koreya yarımadasının 95 faizinə nəzarət edirdilər. Cənubun sonuna bir neçə gün qalmış ABŞ qüvvələri müharibəyə müdaxilə etməsəydi, Cənubi Koreya adlanan dövlət, bununla da sürdüyünüz Hyundai markalı maşınlar yaxud baxdığınız Samsung televizoru olmayacaqdı.

Amerika əsgərləri Seulu kommunistlərdən azad edir

Kommunistlərin qələbəsindən sonra təkcə şimalda deyil, bütün Koreya yarımadasında Stalinist bir dövlət mövcud olacaqdı. Müharibənin ardınca terror dalğası başlanacaq, on minlərlə adam güllələnəcəkdi. Lankovun fikrincə ən azı ilkin dönəmdə bu dövlətə Kim İl Sunq rəhbərlik edəcəkdi, amma mümkün idi, ki, böyük əhalisi olan cənubdakı kommunistlər hakimiyyəti ələ keçirib, yoldaş Kimi “Yaponiya agenti” kimi edam edəcəkdilər. Əslində müharibənin heç-heçə ilə nəticələnməsindən sonra cənublu kommunistlərin başına bu oyun gətirildi. Yəqin ki, cənubda çiçəklənən dövlətin olmaması 1960-cı illərdə Koreya liderlərini Çində Mao Tse-dunq kimi sərsəm aqrar “islahatlara” baş vuraraq milyonlarla adamı aclıqdan ölümə məhkum etməkdən çəkindirməyəcəkdi.

“Bu o deməkdirmi ki, vahid Koreya Kim İl Sunqun Şimali Koreyası kimi olacaqdı? Əsasən elədir!” Lankov bildirir. 1960-70-ci illərdə diktatorlar Park Çunq Hi və Çuan Du Hvanın əlindən yanıqlı olan cənubi koreyalıların nə qədər xətrinə də dəysə, kommunistlərin hökmranlıq edəcəkləri Cənubi Koreyada qat-qat çox adam həbs və edam olunacaqdı. Eyni zamanda, müəllifin fikrincə, Mao və Stalinizim dövründən sonra Çin və Rusiyada yaşanan məhdud liberalizm dalğası Koreyada da mümkün ola bilərdi. Qonşuluqda varlı Cənubi Koreyanın mövcudluğu şimalı daim insanları ən sərt rejim altında saxlamağa cəlb edib. Şimali Koreya rəhbərliyi daim qorxub ki, azacıq nəzarəti boşaldan kimi xalq cənubdakı qardaşları kimi yaşamaq uğrunda üsyan edə bilər. Amma fərqli nümunənin olmadığı təqdirdə yəqin ki, Koreya Çin və ya Vyetnamın yolu ilə gedəcəkdi.

Müasir Seul

“Seul nəyə oxşayacaqdı? Yəqin ki, indiki Hanoya yaxud Şenyanqa – çirkli küçələrdə velisopedlər, cüzi sayda göydələn; arabir sosializmin möhtəşəmlıiyini tərənnüm edən pafoslu şüarlar: taksi sürməklə 2-3 manat əlavə pul qazanmağa can atan xırda kapitalistə çevrilmiş keçmiş kommunist kadrları.” Heç şübhəsiz, kommunistlərin idarə etdiyi Cənubi Koreya indiki Cənubi Koreyadan bir neçə işıq ili geridə qalacaqdı. Amma mümkündür ki, Şimali Koreya indiki qədər bərbad durumda olmayacaqdı. Uzun sözün qısası, 1950-ci ildə kommunistlərin qələbəsi həyatı şimali koreyalılar üçün azacıq yaxşı, kütləvi qırğına və aclığa məruz qalacaq cənubi koreyalılar üçünsə cəhənnəmə çevirmiş olardı. Bu üzdən ikiyə bölünmüş Koreya xalqlarının haçalanmış maraqları təəccüb doğurmamlıdır, deyə Lankov yazını bitirir.

XS
SM
MD
LG