Accessibility links

Prokurorluq çoxsaylı korrupsioneri və rüşvətxoru tutub


Prokurorluq çoxsaylı korrupsiya və rüşvət faktını açıb

Prokurorluq çoxsaylı korrupsiya və rüşvət faktını açıb

Prokurorluq məbləği ölçüyə gəlməz korrupsiya və rüşvət faktlarını açıb. Korrupsionerlər yoxsul insanların milyonlarla manat sosial yardımını belə mənimsəyib.

Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi İmişli rayonunda və Bakıda çoxsaylı korrupsiya və rüşvət faktlarını aşkarlayıb.
Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə,
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi müəyyən edib ki, 2011-ci ilin sentyabrından 2012-ci ilin mayınadək 30-dan artıq şəxs, o cümlədən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları digər şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə edərək külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyib. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında, mərkəzin əməkdaşlarının yaşayış evlərində axtarış tədbirləri zamanı mərkəzin baş mühasibi Fuad Qarayev və digərlərindən rayon sakinlərinə məxsus, əksəriyyətinin üzərində məxfi kod nişanları qeyd olunmuş 817 ədəd sosial yardım alınması üçün istifadə olunan bank kartları aşkar edilərək götürülüb.
Dələduzluq və vəzifədən sui istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə başlanıb. Cinayət işi üzrə mərkəzin direktoru Nazim Xəlilov, baş mühasib Fuad Qarayev, əməkdaş Nizami Xəmmədov və rayon sakini Ramil Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində isə müəyyən edilib ki, mərkəzin baş mühasibi Pərviz Quliyev 1 yanvar 2008-ci ildən 1 may 2012-ci ilədək müəssisənin 31 işçisinin adına açılmış əmək haqqı kartlarını özündə saxlamaqla, onlara hesablanan əmək haqlarından qanunvericiliyə uyğun tutulmalar çıxıldıqdan sonra qalan 152 min 331 manat məbləğində pulu ödəniş kartları vasitəsi ilə bankomatlardan çıxararaq mərkəzin direktoru Lalə Qətiyə verib və sonuncu tərəfindən külli miqdarda həmin dövlət vəsaiti mənimsənilib. Pərviz Quliyev də işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə onlara əlavə hesablanmış 25 min 248 manat məbləğində pulu ödəniş kartları vasitəsilə bankomatlardan cıxararaq mənimsəyib.
Araşdırmalar zamanı həmçinin müəyyən edilib ki, mərkəzin Tender komissiyası tərəfindən inventar və avadanlıqların, mal-materialların qiymətlərinin orta bazar qiymətindən qəsdən yüksək müəyyənləşdirilməsi nəticəsində mal satan idarə və müəssisələrə 335 min 884 manat büdcə vəsaiti artıq ödənilib.
Fakta bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlətindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda Korrupsiyaya qarşı mübarizə idarəsi Bakı şəhərində çoxsaylı dələduzluq faktlarının üstünü açıb.
Müəyyən edilib ki, Bakı şəhər sakinləri Elşən Müslümov, İlham Cəfərov və qeyriləri aldatma yolu ilə çoxsaylı insanlardan işə düzəltmə, texnikuma qəbul, pensiya düzəltmə, ev sənədləşdirilməsi, ev tikməyə sənəd alma, torpaq özəlləşdirilməsinə kömək vədləri ilə on minlərlə manat vəsait alaraq mənimsəyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü (dələduzluq) və 320.1-ci (rəsimi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG