Accessibility links

"Xarici Siyasət" məcmuəsində Azərbaycanın hakim ailəsindən bəhs edən məqalə dərc olunub

“Azərbaycanda prezident ailəsi var-dövlətini ölkənin zəngin neft sektoru sayəsində toplayıb. 1993-cü ildə hakimiyyəti ələ keçirmiş sabiq DTK generalı Heydər Əliyevin hakimiyəti dönəmində onun oğlu İlham ölkənin 7 milyard barrel neft ehtiyatlarına nəzarət edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti işləyirdi,” Xarici Siyasət məcmuəsində dərc olunan "Korruptistan: Neft baronları, moda pəriləri və hakim ailələr" başlıqlı məqalənin Azərbaycana dair hissəsində yazılır.

Müəllif Katerin Makhalek 2003-cü ildə hakimiyyəti atasından miras almış İlham Əliyevin Azərbaycanın neft gəlirlərinə nəzarət etdiyini və bu gəlirlər sayəsində öz ailə üzvlərini varlandırdığını bildirir. Azərbaycan qanunları dövlət rəsmilərinə özəl biznesə sahib olmağı qadağan edir. Bu səbəbdən preziden Əliyevin var-dövləti əsasən ailə üzvlərinin adına qeydiyyatdan keçib.

“Məsələn, İlham Əliyevin qızları, 27 yaşlı Leyla və 23 yaşlı Arzu Əliyeva hərfi mənada qızıl külçəsinin üstündə oturublar. 2007-ci ildə rejim qərbi Çovdar kəndində və beş başqa ərazidə kəşf olunan qızıl yataqlarında ümumi payın 70 faizini Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların Hasilatı Şirkətinə verib. Dövlətin payı isə yerdə qalan 30 faizdir.”

Azadlıq Radiosunun apardığı araşdırmaya istinad edən Makhalek 70 faizə sahib konsorsiumun Britaniya və Panamada qeydiyyatdan keçimş şirkətlər tərəfindən idarə olunduğunu yazır ki, bunların menecerləri İlham Əliyevin qızlarıdır.

Bundan əlavə, Əliyeva qızlarının rəhbərlik etdikləri Hughson Management, Grinnell Management və Gladwin management şirkətləri ölkənin maliyyə, sığorta, telekommunikasiya və inşaat sənayelərində dominant mövqelər tuturlar.
2010-cu ildə dərc olunmuş Washington Post araşdırması müəyyən edib ki, Dubayda prezident Əliyevin uşaqlarına məxsus 75 milyon dollar həcmində mülklər qeydiyyatdan keçib.

Hakim ailə ölkədəki hüquq pozuntularını xalqdan mənimsədiyi pullarla ört-basdır etməyə çalışır. “Leyla müxalifətə zorakı basqılarla və tənqidi münasibət bəsləyən bloger və jurnalistləri həbs etməklə ad çıxarmış ailəsinin imicini xeyriyyə işləri ilə yaxşılaşdırmağa çalışır.” Anası Mehribanın təsisçisi, özünün isə vitse-prezidenti olduğu Heydər Əliyev Fondu Azərbaycanın Təhsil Nazirliyindən daha çox məktəb, Səhiyyə Nazirliyindən daha çox xəstəxana inşa edir və Mədəniyyət Nazirliyindən daha çox mədəni törənlər təşkil edir.

Katerin Makhalek Leylanın nəfis Bakı jurnalı çap etdirməsini və əri Emin Ağalarovun 2012-ci il Eurovision Mahnı Müsabiqəsində çıxış etməsini hakim ailənin özünə istədiyi qaydada imtiyazlar verməsinin təzahürü kimi qiymətləndirir. Azərbaycana aid hissənin sonunda Arzu Əliyevanın Azərbaycanda turizm sənayesinin sifətinə çevrildiyi və onun lüks maşınlar və dəbdəbəli imarətlər əhatəsində CNN telekanlında yayımlanan 46 saniyəlik reklam çəkdirdiyi qeyd olunur.

Show comments

XS
SM
MD
LG